Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

16.09.2024 09:38
  • A-
  • A
  • A+

Türk dünyasının Bakı Zəfəri – Turan yolunun başlanğıcı

Türk dünyasının Bakı Zəfəri – Turan yolunun başlanğıcı

Keçən əsrin əvvəlləri Qafqaz regionunun tarixinə qanlı-qadalı illər kimi yazıldı. Qərbi Azərbaycan torpaqlarına çar Rusiyasının köçürtdüyü ermənilər arasında şovinist meyillər güclənmişdi. Onlar hətta terror təşkilatları yaradaraq Azərbaycan xalqına qarşı soyqırımları törətməyə başladılar. Birinci Dünya müharibəsi dövrünə təsadüf edən həmin illərdə Qafqaz regionu dünyanın ən qanlı savaş meydanlarından birinə çevrilmiş və imperiyaların işğalçı planlarına daxil edilmişdi. Müharibə illərində Qafqazın türk-müsəlman əhalisinin yeganə ümidi Osmanlı dövləti idi.

Bu fikirlər AMEA-nın Tarix və Etnologiya İnstitutunun böyük elmi işçisi Ramin Əlizadənin “Türk dünyasının Bakı Zəfəri – Turan yolunun başlanğıcı” adlı məqaləsində yer alıb.

1917-ci ilin fevral ayında Rusiyada burjua inqilabı nəticəsində Romanovlar sülaləsinin devrilməsi ilə Qafqazda çarizm rejiminin sona çatmasına ümid yarandı. Bundan sonra regionda sülh və əmin-amanlıq üçün başlıca təhlükə erməni daşnakları idi. Onların bir hissəsi Qərbin imperialist dövlətlərinin işğalçılıq planlarında hərbi-siyasi alətə çevrilmişdi. Qalanları isə bolşevik şineli geyinərək Qafqazda öz havadarlarının köməyilə tarixdə heç vaxt mövcud olmayan qondarma erməni dövləti yaratmağa çalışırdılar. Qeyd edək ki, Rusiya imperiyası mövcud olduğu dövrdə azərbaycanlıları kütləvi şəkildə orduya cəlb etmir, həmçinin onların qanuni şəkildə hərbi dəstələr yaratmasını qadağan etmişdi. Lakin Rusiya imperiyası havadarlıq etdiyi ermənilərin terrorçu dəstələr yaratmasına açıq-aşkar şərait yaradırdı. Bundan istifadə edən erməni daşnak dəstələri XX əsrin əvvəllərində İrəvanda, Göyçədə, Şörəyeldə, Ağbabada, Vedidə, Dərələyəzdə, Zəngəzurda və Qarabağda yüzlərlə azərbaycanlı kəndini viran qoymuş, türk-müsəlman əhalisinə qarşı soyqırımı törətmişdilər.

1918-ci ilin yazında Azərbaycanın tarixi-coğrafi hüdudları daxilində iki dövlət yaradıldı. Bunlardan biri Azərbaycan Xalq Cümhuriyyəti, o biri isə İrəvan və onun ətrafındakı tarixi torpaqlarımızda erməni separatçıları tərəfindən qeyri-qanuni şəkildə elan edilmiş qondarma Ermənistan idi. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı ilk gündən qonşu xalqlarla mehriban münasibətlər qurmağa, dünya dövlətləri ilə qarşılıqlı dostluq əlaqələri yaratmağa hazır olduğunu bəyan etsə də, daşnak Ermənistanı xalqımıza qarşı soyqırımı törətmək, həmçinin torpaqlarımıza qarşı təcavüzkarlıq niyyətlərindən əl çəkmirdi. Hələ 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın göstərişi ilə bolşevik və daşnak dəstələri Azərbaycanın bir çox yerlərində azərbaycanlılara qarşı soyqırımı törətdilər. Bu soyqırımı sentyabr ayınadək davam etdi. Mart soyqırımı Azərbaycan xalqının müstəqil dövlətçilik ideyasını gücləndirdi. Məhz bu hadisədən sonra Azərbaycan ziyalıları və milli burjuaziyası dostun və düşmənin kim olduğunu qəti müəyyən etdi. Onlar Azərbaycan xalqına qarşı soyqırımı törədən bolşevik və daşnak qruplaşmaları ilə mübarizədə Osmanlı dövlətinin qardaşlıq yardımına güvənməyin vacib olduğunu başa düşdülər. Hadisələrin gedişatı nəticəsində Azərbaycan xalqının mütərəqqi, demokratik ruhlu ziyalıları Türk birliyinə töhfə olaraq ölkə ərazisinin bütövləşməyinin, gələcək Turan yoluna doğru birgə addımlamağın vacib olduğunu ən düzgün istiqamət kimi müəyyən etdilər. Bu yolda ilk addım Bakının düşməndən azad edilməsi idi. Azərbaycan xalqının sonrakı taleyi də məhz bu hadisədən asılı idi. Türkçülüyün davamlı və möhkəm olması məhz xalqımızın müstəqil dövlətinə sahib olmasından və demokratik ideyaların inkişaf etməsindən asılı idi. Bu ideyaları siyasət meydanında gerçəkləşdirən görkəmli şəxsiyyətlər isə Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, İsmayıl xan Ziyadxanov, Fətəli xan Xoyski, Xosrov bəy Sultanov və Xəlil bəy Xasməmmədov kimi ziyalılarımız idi. Təsadüfi deyil ki, 1930-1940-cı illərdə demokratik ziyalılarımızın əksəriyyəti pantürkist və ya turançı adı ilə repressiyaya məruz qalmış və ya mühacirət etməyə məcbur olmuşdular.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cümhuriyyətin bütün ölkə ərazisində öz hakimiyyətini bərqərar etməsi üçün qardaş yardımına ehtiyacı vardı. 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq və əməkdaşlıq müqaviləsi imzalandı. Batum müqaviləsinə görə, Azərbaycan Milli Şurası Qafqazdakı türk-müsəlman əhalisinə qarşı törədilən soyqırımına son qoymaq üçün Osmanlı dövlətindən hərbi yardım istədi. Osmanlı ordusunun baş komandanı Ənvər paşa Şərq Orduları Korpusunun tərkibində olan 5-ci piyada diviziyasının yeni yaradılmış Qafqaz İslam Ordusuna qatılması barədə əmr verdi. Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana daxil olması ilə ilk olaraq Qazax və Tovuz ərazilərində asayiş təmin edildi. Gəncəyə çatan xilaskar türk ordusunu Azərbaycan xalqı böyük sevinclə qarşıladı. Qafqaz İslam Ordusunun tərkibində xeyli azərbaycanlı hərbçi də vardı. 1918-ci ilin iyun-iyul aylarında Göyçay döyüşlərində bolşevik və erməni daşnak silahlı dəstələri üzərində qələbədən sonra Qafqaz İslam Ordusunun əsas məqsədi Bakını düşməndən azad etmək oldu. Əvvəlcə Göyçay, Ağdaş, Kürdəmir və Ağsu bolşevik və erməni daşnak silahlı dəstələrindən təmizləndi. Qafqaz İslam Ordusu Şamaxını azad etdikdən sonra Bakıya yolu açıldı. Bu zaman Bakıda anti-Azərbaycan siyasəti yürüdən Stepan Şaumyanın başçılıq etdiyi separatçı qurum bolşevik Rusiyasının lideri V.Leninin köməyinə arxalanırdı. Lakin iyulun 31-də Bakıda bu qondarma hökumət devrildi. Səhəri gün Bakıda eser, menşevik və daşnak qüvvələri tərəfindən Sentrokaspi diktaturası quruldu. Lakin o da şəhərdə vəziyyətə nəzarət edə bilmədi. Xüsusilə daşnakların ikiüzlü niyyətləri, azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar bu qondarma hökumətə qarşı şəhər əhalisi arasında nifrətin yaranmasına səbəb oldu. Avqustun 17-də ingilis hərbçisi L. Denstervilin Bakıya gəlişi də Sentrokaspi diktaturasının süqutunun qarşısını ala bilmədi. Sentyabrın 13-də Biləcəri dəmiryolu istiqamətində irəliləyən Qafqaz İslam Ordusu düşmənin birinci müdafiə xəttini yardı. Sentyabrın 14-də günorta saatlarına qədər davam edən döyüşlər nəticəsində düşmənin müqaviməti tamamilə qırıldı. Qafqaz İslam Ordusu və onun tərkibində döyüşən azərbaycanlı əsgərlər Bakının tələfatsız azad olunması üçün əllərindən gələni edirdilər. Lakin erməni daşnak silahlı dəstələri küçə döyüşləri zamanı dinc əhalini qətlə yetirirdilər. Nəhayət, sentyabrın 15-də Bakı şəhər düşməndən azad edildi. Bakının azad edilməsi ilə Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin böyük bir hissəsində öz hakimiyyətini bərqərar etdi. Bakının azad olunduğu gün tariximizə Azərbaycan-Türkiyə qardaşlığının şanlı səhifəsi kimi yazıldı.

AzərTac

  • Paylaş: