Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.09.2024 10:50
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsində “Türk dünyasının Azərbaycan – Özbəkistan modeli” mövzusunda beynəlxalq konfrans keçirilib

AMEA-nın Gəncə Bölməsində “Türk dünyasının Azərbaycan – Özbəkistan modeli” mövzusunda beynəlxalq konfrans keçirilib

Gəncə Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universiteti və AMEA-nın Gəncə Bölməsi tərəfindən “Türk dünyasının Azərbaycan – Özbəkistan modeli” mövzusunda beynəlxalq konfrans keçirilib. Elmi forumda  Özbəkistan alimlərindən ibarət nümayəndə heyəti də iştirak edib.

Konfransdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzindəki abidəsini ziyarət ediblər.

Sonra AMEA-nın Gəncə Bölməsində yeni yaradılmış Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzinin açılışı olub.

Mərkəzin yaradılması Azərbaycan və Özbəkistan alimlərinin birgə niyyəti əsasında gerçəkləşdirilib. Belə ki, bu ilin mart ayında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin də iştirakı ilə Gəncə Bölməsində böyük alimimiz Həmid Araslının anadan olmasının 115 illiyinə həsr olunmuş beynəlxalq konfransın gedişi zamanı bu haqda sənəd hazırlanıb. Bölmədə Əlişir Nəvai Mərkəzinin yaradılması haqqında memorandumu AMEA prezidentinin iştirakı ilə Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev və Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov imzalayıblar.

“Türk dünyasının Azərbaycan – Özbəkistan modeli” beynəlxalq konfransında iştirak edən akademik Ş.Siracəddinov başda olmaqla, Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetindən gəlmiş nümayəndələr və digər qonaqlar bu mərkəzin ilk seyrçiləri olaraq, onun yüksək zövqlə tərtib olunmasına və  fondunun zənginliyinə diqqət çəkiblər. Burada Türk mənəviyyat aləminin poetik söz və fikir dünyasının nəhəng simalarından  olan böyük özbək şairi və mütəfəkkiri Əlişir Nəvainin (1441-1501) əsərlərindən, eləcə də onun yaradıcılığına həsr olunmuş elmi və publisistik yazı materiallarından ibarət kitablar və digər çap materialları, yaratdığı motivlərə aid miniatürlər, illüstrasiyalar, fotosurətlər və digər qiymətli nümunələr toplanıb.

Mərkəzin tərtibatının ən dəyərli xüsusiyyətlərindən biri də odur ki, bu məkanda Nəvainin özünü dahi Nizaminin mənəvi şagirdi hesab etməsi amili də qabarıq şəkildə diqqətə çatdırılıb. Nizami Gəncəvinin ölməz əsərləri və irsinə dair elmi-tədqiqatlar nümunələri də burada yer alıb, həmçinin müasir dövrümüzdə Azərbaycan-Özbəkistan qardaşlıq və dostluğunun tarixini əks etdirən əyani vasitələr də nümayiş edilib.

Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzinin ilk ziyarəti zamanı Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov, eləcə də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli qeyd ediblər ki, böyük söz ustası və filosof Nəvainin yaratdığı qiymətli ədəbi miras türkdilli xalqların ümumi sərvəti və qürurudur. Qonaqlar yeni yaradılan Mərkəzin də iki xalq arasında ədəbi-mədəni əlaqələrin inkişafında körpü rolunu oynayacağını vurğulayıb və bu yöndə təşəbbüslərə görə akademik İsa Həbibbəyliyə, akademik Fuad Əliyevə minnətdarlıqlarını bildiriblər.

Mərkəzin açılışında çıxış edən AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev vurğulayıb ki, Azərbaycan və  Özbəkistanın dövlət başçılarının xalqlarımızın dostluq və qardaşlığımıza əsaslanan siyasi iradəsi sayəsində ölkələrimiz arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətləri günbəgün güclənməkdə və məzmunca daha da zənginləşməkdədir, bu şəraitdə ortaq elmi fəaliyyət üçün də əlverişli imkanlar açılır. O, yeni yaradılan Mərkəzin də bu ortaq tədqiqatlarımıza töhfə verəcəyinə inandığını bildirib.

Qeyd edək ki, öz növbəsində Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetində Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət Mərkəzi açılıb və Azərbaycanın ədəbiyyatı və mədəniyyətinin təbliği istiqamətində uğurla fəaliyyət göstərir.

Daha sonra konfrans iştirakçıları böyük akt salonunun qarşısında AMEA-nın Gəncə Bölməsində aparılan elmi tədqiqatlardan, eləcə də Özbəkistan-Azərbaycan dostluğu və əməkdaşlığından bəhs edən sərgiyə tamaşa ediblər.

Konfransın açılışışında Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Dövlət himnləri səsləndirilib. Vətən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Türk dünyasının Azərbaycan – Özbəkistan modeli” beynəlxalq konfransını giriş sözü ilə açan AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev bu elmi görüşün iştirakçılarını və qonaqlarını salamlayıb. O, Ulu Öndər Heydər Əliyevin  siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə qardaş ölkələrimiz arasındakı münasibətlərin daha da dərinləşdiyini vurğulayıb. Akademik Fuad Əliyev qeyd edib ki,  bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir və hazırda Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə hərtərəfli əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi, mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir. Akademik Fuad Əliyev konfransın Türk dünyasının ortaq dəyər və məqsədlərinə həsr olunan ruhda keçəcəyindən əmin olduğunu bildirib.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli də çıxış edərək, bu mötəbər beynəlxalq konfransın iştirakçılarına AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin salam və uğur diləklərini çatdırıb.

Akademik Teymur Kərimli qeyd edib ki, torpaqlarımızın bütövlüyünü tam və qəti şəkildə bərpa edilməsi ilə Azərbaycanın qarşısında yeni uğurlu perspektivlər açılıb və bu yeni ruhla Türk dünyasının amal birliyinə, müttəfiqlərimizlə ortaq məqsədlərə doğru birgə fəaliyyət böyük əhəmiyyət kəsb edir.

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov çıxışında şəhər rəhbəri Niyazi Bayramovun konfransa təbriklərini çatdırıb və onun işinə uğurlar arzulayıb. Yadigar Bədəlov Özbəkistanla strateji müttəfiqlik münasibətlərimizin böyük geosiyasi əhəmiyyətini vurğulayaraq, bu konfransın mövzusunu da ölkələrimiz arasında qardaşlığın nümunələrindən biri kimi səciyyələndirib. O, özbək qonaqları Gəncədə keçirilən “Nizami günləri”ndə iştirak etməyə də dəvət edib.

Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov Gəncəyə dəvətə görə təşəkkür edib, həmçinin bu şəhərə gələrkən, ilk olaraq, dahi Nizami Gəncəvinin məqbərəsini ziyarət etdiklərini və ondan mənəvi ruh aldıqlarını dilə gətirib.  Akademik Şuxrat Siracəddinov türk xalqlarının sıx birləşməsinin, strateji müttəfiqliyinin ümumi inkişaf perspektivlərimiz üçün vacib olduğunu bildirib.

Akadmik Şuxrat Siracəddinov konfransa, həmçinin özünün “Əhli Şirazinin qəsidəsində Əlişir Nəvainin tərifi (mədhi)” məruzəsini də təqdim edib.

Konfransda, həmçinin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan - Türkmənistan - Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova “Əlişir Nəvainin ədəbi şəxsiyyəti və irsi”,  AMEA-nın Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Azərbaycan-Özbəkistan arasında ədəbi-mədəni əlaqələrin tarixi və müasir dövr”, Gəncə Bölməsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Azərbaycan - Özbəkistan: Güclənən strateji tərəfdaşlıq”, Bölmənin Diyarşünaslıq İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent  Samirə Qasımova “Azərbaycan Özbəkistan münasibətləri Türk dünyası birliyinə töhfədir”, həmin institutun Tarix şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova “Azərbaycan-Özbəkistan arasında əməkdaşlığın perspektivləri” və Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xəyalə Hüseynova “Nizaminin elmi-fəlsəfi görüşləri” mövzularında çıxış ediblər.

Məruzələr, çıxış və təkliflər ətrafında müzakirələr aparılıb.

Akademiklər Teymur Kərimli və Fuad Əliyev Gəncədə çalışan botanika sahəsində tanınmış alim, Əməkdar elm xadimi, Gəncə Dövlət Universitetinin Botanika kafedrasının müdiri­, AMEA-nın müxbir üzvü, biologiya elmləri doktoru, professor Vaqif Novruzova AMEA-nın “Təşəkkürnamə”sini təqdim edib və ona elmi ictimaiyyət adından bu münasibətlə təbriklərini çatdırıblar.

Həmçinin 2024-2025-ci tədris ilində AMEA-nın Gəncə Bölməsi əməkdaşlarının tələbə adını qazanmış övladlarının təbrik edilməsi də unudulmayıb. Hədiyyələri yerli həmkarlar təşkilatının sədri Nailə Hacıyeva təqdim edib.

Akademik Fuad Əliyev uğur qazanan gəncləri və onların valideynlərini təbrik edib.

Sonda konfransın qonaqlarına suvenirlər də təqdim edilib.

Beynəlxalq konfransdan sonra qonaqlar Gəncənin görməli məkanları və  tarixi abiələri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: