Çağdaş Türk dünyası yeni yüksəliş mərhələsini yaşayaraq inteqrasiya prosesini yerinə yetirir, öz müqəddəs və çox əhəmiyyətli birliyini yaradır. Dil anlaşması bu sahədə mühüm bir amil kimi görünməkdədir. Bunun üçün ortaq ünsiyyət dili, vahid əlifba sistemi mütləq olmalıdır.
Bu fikirləri müsahibəsində AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor İsmayıl Kazımov deyib. Onun sözlərinə görə, bu təcrübələrin tarixi qədimdir. Uzunmüddətli təcrübə göstərdi ki, 30-a qədər müasir türk dilləri içərisində Türkiyə türkcəsi biz türklər üçün vahid danışıq dili oldu. Bu gün isə ortaq türk əlifbası gerçəkləşdi. Bu iki amil türk xalqlarının anlama mədəniyyətini istər-istəməz formalaşdırdı. “Bizcə 34 hərfdən ibarət olan mövcud əlifba türklərin anlaşma rahatlığını tam şəkildə təmin edəcək. Həmin əlifbada Azərbaycan dilinin tarixi üçün ղ (sağır nun) işarəsi də öz əksini tapır. Bu işarə türk dillərinin böyük əksəriyyətində indi də işlənməkdədir. Bir-birini anlamağın sevincini yaşamağı bacarmaq da bir mədəniyyətdir, həm davranış mədəniyyəti, həm də siyasi mədəniyyət. İnsanlar bir-birini anlayanda daha da yaxınlaşırlar. Yaxınlıq istiqanlıq yaradır”. Bu, təbii istəkdir”, - deyə professor əlavə edib.