Azərbaycanda arxeoloji araşdırmaların əsas istiqamətlərindən biri ən qədim əkinçilik mədəniyyətinin, erkən istehsal təsərrüfatı abidələrinin öyrənilməsidir. Bu baxımdan son illər arxeoloji qazıntıların aparıldığı Neolit dövrünə aid Çağrıtəpə yaşayış yeri maraqlı tapıntıları ilə fərqlənir.
Çağrıtəpə yaşayış yeri Ağstafa rayonunun Xətai kəndindən şərqdə yerləşir. 2020-ci ildən başlayaraq abidədə geniş miqyaslı arxeoloji qazıntı işləri aparılmışdır. 2024-cü ilin yay mövsümündə abidədə arxeoloji qazıntılar başa çatmışdır. Yaşayış yerinin ümumi sahəsi 110X80 m ölçüsündədir. Təpənin hündürlüyü 3 m-dən artıqdır. Qazıntı nəticəsində abidədə mədəni təbəqənin maksimal qalınlığının 4 m-ə yaxın olduğu müəyyənləşdirilmişdir.
Şomutəpə arxeoloji mədəniyyətinə aid Çağrıtəpə yaşayış yerində qazıntılar zamanı bir neçə tikili qatlarını əhatə edən inşaat qalıqları aşkar edilmişdir. Yaşayış yerində aşkar edilmiş tikili qalıqlarının sayı 30-dan artıqdır. Tikililər, o cümlədən iri təsərrüfat quyuları əsasən çiy kərpiclərlə inşa edilmişdir. Az hallarda möhrədən inşa edilmiş tikililərə də rast gəlinir. Tikililər dairəvi, az hallarda isə oval planlıdır. Eyni zamanda yaşayış evlərindən ibarət tikililərin içərisində ocaq yerləri də aşkar edilmişdir. Bir qayda olaraq ocaqların içərisi çay daşları ilə doldurulmuşdur. Bu, ocağın içərisindəki istiliyin uzun müddət saxlanmasına xidmət edirdi. Təsərrüfat quyularının içərisində daşdan və sümükdən əmək alətləri, o cümlədən müxtəlif heyvanlara aid sümüklər aşkar edilirdi. Ən böyük yaşayış evlərinin diametri 4 m (№13) və daha artıq (№30) olmuşdur. Biri-birinə bitişik iki və daha çox sayda evlər və təsərrüfat tikililəri görünür böyük bir ailəyə məxsus olmuşdur. Belə ailələr təsərrüfatla kollektiv şəkildə, birgə məşğul olurdular.
Ümumiyyətlə, evlər biri-birinə çox yaxın, sıx tikilmişdir. Tikili qatlarının biri-birini davamlı əvəz etməsi yaşayış yerində həyatın fasiləsiz davam etdiyini sübut edir. Evlərin müəyyən hissəsi uçduqda zədələndikdə onlar təmir edilmiş, tam yararsız hala düşdükdə isə onun üstündə, kənara cüzi yerdəyişmə etməklə yeni ev tikilmişdir. Beləliklə qalın mədəni təbəqə əmələ gəlmişdir. Belə tikinti ənənələri, yəni uçmuş evin üstündə və ya bilavasitə yanında yeni evin inşa edilməsi adəti bütövlükdə Cənubi Qafqaz və Yaxın Şərqin erkən əkinçi-maldar mədəniyyətləri üçün səciyyəvi olmuşdur.
Çağrıtəpədə qazıntı zamanı Neolit dövrünə aid cəmi bir qəbir 2,2 m dərinlikdə aşkar edilmişdir. Bu qəbirdə sağ yanı üstdə, sıx bükülü vəziyyətdə təxminən 10-12 yaşlarında uşaq dəfn edilmişdir. Ümumiyyətlə, Neolit dövründə ölüləri bilavasitə yaşayış yerlərində dəfn etmə adəti geniş yayılmışdır. Bu bölgənin Neolit dövrü abidələrində isə qəbirlərə nadir hallarda rast gəlinmişdir. Qazax rayonundakı I Babadərviş yaşayış yerində Neolit dövrünə aid iki qəbir tədqiq edilmişdir. Tovuz rayonundakı Mentejtəpə yaşayış yerində isə çox sayda insanların dəfn edildiyi quyular aşkar edilmişdir. Bölgənin bu dövrə aid digər abidələrində dəfnlərin harada və hansı şəraitdə icra edildiyi məlum deyildir. Məhz bu məsələ Neolit dövrünə aid abidələrin gələcək tədqiqatlarının əsas istiqamətlərindən biridir.
Çağrıtəpədən müxtəlif cinsli daşlardan iri əmək alətləri, yəni alt və üst dən daşları, sürtkəclər və s. tipli tapıntılar əldə edilmişdir. Maraqlı materiallar sırasında daşdan hazırlanmış kiçik ölçülü balta tipli və yaxud paz şəkilli alətləri qeyd etmək olar. Bu alətlərin mərasim səciyyəli olmaları da istisna deyildir.
Alətlərin böyük əksəriyyəti obsidiandan hazırlanmışdır. Obsidiandan nukleuslar və müxtəlif funksiyalı alətlər aşkar edilmişdir. Belə alətlərin çoxu lövhə və qəlpələr üzərində hazırlanmış qaşov və sıyırğal tipli alətlərdir. Bununla yanaşı obsidiandan hazırlanmış kəsər, yonqar, itiuclu, iskənə və s. tipli alətlər də kifayət qədərdir.
Az sayda olsa da, çaxmaqdaşından alətlər də aşkar edilmişdir. Çaxmaqdaşından xeyli sayda konusvari və yastı nukleuslar, eyni zamanda kifayət qədər istehsal tullantıları aşkar edilsə də, alətlərin sayı çox deyil. Lakin qeyd etmək lazımdır ki, Neolit dövrünün əsas təsərrüfat alətlərindən biri olan oraq dişlərinin əksəriyyəti məhz çaxmaqdaşlarından düzəldilmişdir. Çaxmaqdaşlarından digər alətlər sırasında qaşovlar üstünlük təşkil edir.
Çağrıtəpədə aşkar edilmi obsidiandan və çaxmaqdaşından hazırlanmış alətlərin bir qismi arxaik səciyyəli olub daha qədim mərhələnin – Mezolit dövrünün bəzi xüsusiyyətlərini özündə saxlamışdır. Bu isə öz növbəsində Orta Kür hövzəsində erkən istehsal – əkinçilik mədəniyyətinin meydana çıxmasında yerli amilin mövcudluğunu göstərir.
Aşkar edilmiş sümük alətlər, bizlər, deşicilər və cilalayıcıdırlar. Bütün bu alətlər iri və xırdabuynuzlu heyvanların sümüklərindən hazırlanmışdır. Ümümilikdə aşkar edilmiş bütün tapıntılar bölgənin Neolit dövrü erkən əkinçi-maldar əhalisinin təsərrüfatı, həyat tərzi barədə geniş məlumat bazasını təşkil edir.
Yaşayış yerində beş ilin yay mövsümlərində aparılmış qazıntılar bölgənin Neolit dövrü sakinlərinin mənəvi mədəniyyəti, dini inamları barədə də xeyli informasiya vermişdir. Bununla bağlı ən maraqlı tapıntılar qazıntı sahəsinin 1B kvadratında aşkara çıxarılmışdır. Burada 1,8 m dərinlikdə II qata aid oval planlı 11 №-li tikili qalığı 2,1 m dərinlikdə qalıqları yerləşən III qata aid dairəvi planlı 29 №li tikilinin üstündə inşa edilmişdir. İbadətgah hesab etdiyimiz hər iki tikilinin strukturu qazıntı sahəsindəki digər tikililərdən fərqlənir. Bu tikililərin hər birinin yalnız bir hissəsi qazıntı sahəsinə düşmüşdür. 2022-ci ildə aşkar edilmiş, uzunluğu 4 m-dən artıq olan 11 №-li tikili oval planlıdır. Halbuki azsaylı digər oval tikililər kiçik ölçülüdürlər. 2024-cü ildə aşkar edilmiş 29 № tikili isə dairəvi planlıdır. Bu binanın divarından cənuba və şərqə doğru kərpiclərlə hörülmüş 40-60 sm uzunluqlarında 4 ədəd çıxıntılar əlavə edilmişdir. Bir ədəd belə çıxıntı tikiliyə daxildən əlavə edilmişdir. Tikilinin ümumi planı Günəş və ya ulduz təsvirini xatırladır. Hər iki tikilinin şərq divarı dibində ocaq yeri – davamlı od yandırılmış sahə olmuşdur. Ocağın içərisində ritual səciyyəli tapıntılar – daşdan və sümükdən hzırlanmış antropomorf fiqurlar aşkar edilmişdir. Bu fiqurlar buraya müəyyən dini mərasimlər zamanı qoyulmuşdur. Bu antropomorf bütlər və ümumiyyətlə bölgədəki digər həmdövr abidələrdən aşkar edilmiş tapıntılar Neolit dövrü Şomutəpə mədəniyyəti əhalisinin dini inamlarında insan amili ilə bağlı abstrakt təfəkkürün üstün olduğunu göstərir.
Qazıntılar göstərdi ki, Çağrıtəpə sakinləri bölgənin digər Neolit dövrü əhalisi kimi əkinçilik, maldarlıqla, ev sənətkarlığı və qismən ovçuluqla məşğul olmuşlar.
Çağrıtəpədə aşkar edilmiş arxeoloji materiallar bu yaşayış yerini e.ə. VI minilliyin birinci yarısına aid etməyə imkan verir. Gələcəkdə aparılacaq radiokarbon analizlər bu tarixləndirməni daha da dəqiqləşdirməyə imkan verəcəkdir.
Nəcəf MÜSEYİBLİ, “Ağstafa” arxeoloji ekspedisiyanın rəhbəri, professor
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.