AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Rusiyanın Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin elmi istiqamətlərinin təqdimatı keçirilib.
Tədbirin təşkilatçıları AMEA-nın Şərqşünaslıq İnstitutu, Bakıdakı Rus Evi və Belqorod Dövlət Milli Tədqiqatlar Universitetidir.
Tədbirdən öncə Belqorod Dövlət Milli Tədqiqatlar Universiteti Şərqşünaslıq İnstitutuna dəyərli elmi kitablar hədiyyə edib.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva açıb. Rusiyalı qonaqları salamlayan akademik G.Baxşəliyeva onlarla əməkdaşlığın hər iki tərəfə böyük faydasının olacağını deyib və keçirilən təqdimatın əhəmiyyətini vurğulayıb. Akademik Şərqşünaslıq İnstitutunun Belqorod Dövlət Milli Tədqiqatlar Universiteti ilə əməkdaşlığının perspektiv istiqamətlərindən danışıb.
Bakıdakı Rusiya Evinin rəhbəri İrek Zinnurov tədbirin təşkilinə görə təşəkkürünü bildirib və elmi əlaqələrin inkişafının əhəmiyyətini qeyd edərək, tədbir iştirakçılarına uğurlar arzulayıb.
Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin rektoru Yevgeniya Karlovskaya qarşılıqlı əlaqələrin tək təhsil deyil, eləcə də tədqiqatlar sahəsində də aparılmasının səmərəli nəticələr verəcəyinə inamını bildirib. O, təqdim etdikləri kitabların da şərqşünas alimlər üçün tədqiqatlarında faydalı olmasını arzulayıb.
Daha sonra AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Belqorod Dövlət Milli Tədqiqatlar Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb. Sazişi Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva və Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin rektoru Yevgeniya Karlovskaya imzalayıblar.
Sonra Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin əməkdaşları universitetin humanitar və sosial elmlər sahəsində aparıcı elmi məktəblərinin və laboratoriyalarının elmi istiqamətlərini təqdim ediblər.
Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin rektorunun müşaviri, rusiya Tarix Cəmiyyətinin Belqorod vilayətindəki bölməsinin şura sədri tarix elmləri doktoru, professor Vladimir Şapovalovun təqdimatı “Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin tarixi tədqiqatlarının prioritet istiqamətləri” mövzusunda olub.
İctimai Elmlər və Kütləvi Kommunikasiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor Sergey Borisov “Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin İctimai Elmlər və Kütləvi Kommunikasiya İnstitutunun elmi potensialı” mövzusunda təqdimat edib.
Mədəniyyətlərarası Kommunikasiya və Beynəlxalq Əlaqələr İnstitutunun direktoru, Petrovsk Elmlər və İncəsənət Akademiyasının müxbir üzvü filologiya elmləri doktoru, professor Olqa Proxorova “Mədəniyyətlərarası Kommunikasiya və Beynəlxalq Əlaqələr İnstitutunun elmi məktəblərində aparılan tədqiqatların müasir trendləri” mövzusunda təqdimat edib.
Sonda təqdimatlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.