AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov Moskvada kitab təqdimatı mərasimində və Dövlət Sənətşünaslıq İnstitutunda olub.
Təqdimat mərasimi Moskvanın “Tsarisıno” muzey-qoruğunun Yekaterina zalında keçirilib. Tanınmış kolleksiyaçı və iş adamı Yelena Baturinanın çini qablar kolleksiyasının materialları əsasında yazılmış kitab Dövlət Sənətşünaslıq İnstitutunun əməkdaşları tərəfindən ərsəyə gətirilib.
“Rus çinisində hərb və sülh” adlanan, üç cilddən ibarət olan kitabda sözügedən kolleksiya materiallarının böyük bir qismi təhlil edilib, bir sıra əsərlər və rəsmlər barədə ilk dəfə məlumat verilib. Kitabın müəllifləri Dövlət Sənətşünaslıq İnstitutunun əməkdaşları M.Bubçikova və Y.Smirnovadır. Kitabın elmi redaktoru həmin institutunun direktoru, sənətşünaslıq doktoru, professor N.Sipovskayadır. Kitab rus və ingilis dillərində işıq üzü görüb.
Təqdimat mərasimində Xəzər Zeynalov çıxış edərək kitab barədə öz fikirlərini auditoriya ilə bölüşüb, kitabın elm və təhsil üçün əhəmiyyətini vurğulayıb. O, həmçinin Azərbaycan-rus təsviri sənət əlaqələrindən, Azərbaycan çini qablar sənətindən də söz açıb, müxtəlif slaydlar nümayiş etdirib. X.Zeynalovun çıxışı auditoriya tərəfindən maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.