Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.10.2024 09:45
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu və proqnozu açıqlanıb

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı azalaraq, maksimal sinifli alışma 3835 oblastında baş vermiş M3.5 sinifli alışma olmuşdur. Alışmalarla bağlı olaraq 10 sm-lik dalğa uzunluğunda radioalışmalar qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 9 ləkə qrupunda 154 ləkə müşahidə olunur. Həftə ərzində Yerə istiqamətlənmiş komponentə malik bir neçə Tac Kütlə Atılmaları (TKA) qeydə alınmışdır. Günəşin səthində Tac dəliyi müşahidə olunmur.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli 23 sentyabrda 1386 pfu-ya yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli fon səviyyəsində olmuşdur.

Hesabat dövründə Günəş küləyinin maksimal sürəti 580 km/san-dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 12 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 440 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 8.04 nT, radial istiqamətdə isə 0.33 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi TKA-nın və Tac dəliyinin təsiri ilə yüksələrək 24-25 sentyabrda G1 səviyyəli geomaqnit qasırğası baş vermişdir. Hal-hazırda geomaqnit sahəsinin fəallığını ifadə edən Kp indeksi 4-ə bərabərdir və geomaqnit sahəsi aktivdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (30 sentyabr - 06 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 55%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 10% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və həyəcanlaşmış səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyinin sürətinin Tac Dəliyi Axınlarının təsiri gün ərzində sürətlənəcəyi, sonra isə nominal qiymətlərə geri dönəcəyi gözlənilir.

Geomaqnit sahəsi - Yüksək Sürətli Tac Dəliyi Axınlarının təsiri ilə geomaqnit sahəsi bu gün aktiv olsa da, növbəti günlərdə kosmik havanın sakit olacağı, 29 sentyabrda baş vermiş TKA-nın təsirinin isə 2-3 oktyabrda Yerə təsiri gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: