“Rayonların tarixinin nəşri fəaliyyəti dövründə üçcildlik “Naxçıvan tarixi”, “Naxçıvan abidələri ensiklopediyası” və başqa fundamental əsərlər Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun tariximizə verdiyi növbəti töhfədir”, - bu sözləri AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bu gün keçirilən rayonların tarixinin təqdimat mərasimində söyləyib.
Çıxışı zamanı bugünədək 5 rayonun tarixinin çapdan çıxdığını qeyd edən bölmə sədri diqqətə çatdırıb ki, “Şərur rayonunun tarixi”, “Culfa rayonunun tarixi”, “Ordubad rayonunun tarixi”, “Kəngərli rayonunun tarixi” və “Sədərək rayonunun tarixi” kitabları Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu əməkdaşlarının ortaya qoyduqları sanballı əsərlərdir. Hər bir əsər ayrı-ayrılıqda sistemli aparılmış tədqiqat işi olmaqla yanaşı, AMEA Naxçıvan Bölməsinin fəaliyyətinin əsasını təşkil edən Naxçıvan tarixinin öyrənilməsinə xidmət edir.
Təqdim olunan kitabların əhatə etdiyi mövzular, müəlliflərin ortaya qoyduqları araşdırmaların əhatəliliyindən danışan akademik çıxışının sonunda müəllifləri təbrik edib, uğurlarının davamını arzulayıb.
Mərasimdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu əməkdaşlarından AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Sədərək rayonunun tarixi”, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Şərur rayonunun tarixi”, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva “Ordubad rayonunun tarixi”, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Culfa rayonunun tarixi”, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov “Kəngərli rayonunun tarixi” mövzusunda məruzə ediblər.
Məruzələrdə təqdim olunan kitabların strukturu, araşdırmaya cəlb olunan mövzular barədə ətraflı məlumat verilib. Vurğulanıb ki, əsərlərdə ən diqqət çəkən məqam təkcə rayonun mövcud olduğu dövrü deyil, bütünlüklə yerləşdiyi coğrafi ərazinin tarixinin araşdırılmasıdır. Kitablarda bölgənin qədimliyi, adının etimologiyası, burada mövcud olan arxeoloji və memarlıq abidələri, qədim tayfalar, Qarabağ müharibələrində vətən uğrunda canından keçmiş şəhidlərimiz, habelə rayonun təbiəti, sahib olduğu təbii sərvətlər və s. barədə məlumatlar mövcuddur. Diqqətə çatdırılıb ki, ermənilərin Naxçıvana qarşı iddialarının davam etdiyi zamanda tarixi bölgənin türklərə məxsusluğu məsələsinə də işıq tutur. Bu fakt yerli tayfalarla bağlı məlumatlarda, toponimlərin etimologiyasının izahında, eləcə də aparılan təhlillərdə əksini tapır.
Sonda çıxış edən tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov rayonların tarixinin nəşrində əməyi olan bütün tədqiqatçıları təbrik edib, kiçik kollektivlə belə sanballı əsərlər ortaya qoymağı ümumilikdə bölmənin uğuru kimi səciyyələndirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.