Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.10.2024 09:45
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev X Beynəlxalq Türk Dili Qurultayında iştirak edib

AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev X Beynəlxalq Türk Dili Qurultayında iştirak edib

Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev qardaş Türkiyə Cümhuriyyətində keçirilən X Beynəlxalq Türk Dili Qurultayında iştirak edib.

Ənənəvi olaraq 5 ildən bir keçirilən bu beynəlxalq tədbir paytaxt Ankarada 26-27 sentyabr tarixlərində baş tutub. Qurultay Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun yeni binasında gerçəkləşib.

Qurultaya dünyanın 30-dan çox ölkəsindən 120-dən artıq türkoloq qatılıb. Türk Dil bayramına təsadüf etdiyi üçün xüsusi əhəmiyyət kəsb edən qurultayda ortaq türk əlifbası, onun orfoqrafiyası və terminologiyası, müasir və qədim türk dillərinin bugünkü vəziyyəti və qarşıda duran vəzifələr, türk dilləri və süni intellekt, türk dillərinin etimoloji tədqiqi və lüğətçilik, türk dillərinin dialektologiyası, xarici ölkələrdə tədrisi, dünya mədəniyyətində türk dilinin yeri problemləri üzrə məruzələr təqdim olunub, maraqlı müzakirələr aparılıb.

Sözügedən elm tədbirində Naxçıvanı təmsil edən professor Əbülfəz Quliyev “Qədim türk əlifbası abidələrinin Azərbaycanda tapılması və öyrənilməsi” mövzusunda məruzə edib. Alim məruzəsində Sovet hakimiyyəti dönəmində Azərbaycanda qədim türk yazılı abidələrinin öyrənilməsinə qoyulan qadağalardan, ötən əsrin 50-ci illərinin sonlarından başlayaraq bu məsələnin gündəmə gəlməsindən və ali təhsil müəssisələrinin müvafiq profilli ixtisaslarında “Qədim türk yazılı abidələri” fənninin tədris olunmasından danışıb. Müstəqilliyimizin bərpasından sonra qədim türk yazılı abidələrinin, inanc sistemi və tarixinin geniş araşdırıldığını bildirən alim arxeoloji tədqiqatlar nəticəsində Azərbaycanda aşkar olunan qədim türk yazılı abidələri haqqında ətraflı məlumat verib. O, Mingəçevirdə, İsmayıllıda, Şəki rayonunun bəzi kəndlərində, Nüvədidə, eləcə də Gəmiqaya və Qobustan qayaüstü təsvirlərində qədim türk yazılarının izlərinə rastlandığını, əldə olunan həmin maddi mədəniyyət abidələrində aparılan araşdırmalar nəticəsində çoxlu sayda kitab, monoqrafiya və dərs vəsaitlərinin ərsəyə gəldiyini diqqətə çatdırıb.

Əbülfəz Quliyevin məruzəsi qurultay iştirakçılarının marağına səbəb olub, alim sonda ona ünvanlanan sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: