Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev TRT Avaz kanalının “Avrasiya gündəmi” verilişində qonaq olub.
O, verilişdə ötən ay Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən qəbul edilmiş 34 hərfdən ibarət Ortaq Türk Əlifbası ilə bağlı ətraflı məlumat verib.
Akademik Şahin Mustafayev bildirib ki, Ortaq Türk Əlifbasının qəbulu Türk dünyasının illərdən bəri arzuladığı mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki Türk dünyasının mədəni birliyinin, bərabərliyinin əsasını ortaq əlifba təşkil edir.
Türk dünyasının tarixdə ən qədim sivilizasiyanı yaradan ilk dövlətlərdən olduğunu deyən alim qeyd edib ki, qədim zamanlarda sivilizasiyanın birinci göstəricisi yazı idi və türk milləti hər zaman öz yazısına sahib olub.
Onun sözlərinə görə, əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, yazı və oxuda törətdiyi maneələr XIX əsrin II yarısından etibarən dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib. “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın iclaslarında alimlər tərəfindən təklif olunan latın əsaslı Ortaq Türk Əlifbası layihəsi hərtərəfli şəkildə nəzərdən keçirilib, geniş müzakirələr aparılaraq bu layihədə diqqət yetirilməli məqamlar müəyyənləşdirilib. Müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub. Əlifbadakı hər bir hərfin Türk dillərində mövcud olan müxtəlif fonemləri əks etdirməsinə xüsusi diqqət edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.