Sosial şəbəkələrdə AMEA-nın müşavirləri ilə əlaqədar yayılan xəbərlərə aydınlıq gətirmək üçün bildiririk ki, adları çəkilən akademik Telman Əliyev 2020-ci ildən, akademik Yaqub Mahmudov və akademik Möhsün Nağısoylu 2021-ci ildən, akademik Adil Qəribov isə 2022-ci ildən AMEA-nın müşaviri vəzifəsində çalışırlar. Həmin alimlər səhv olaraq sosial şəbəkələrdə AMEA-nın deyil, AMEA prezidentinin müşaviri kimi təqdim olunublar. AMEA prezidentinin təsdiq edilmiş ştat cədvəli üzrə bir nəfər müşaviri vardır ki, o da informasiya texnologiyaları və Akademiyanın iştirak etdiyi elm sahəsinə aid dövlət proqramlarının icrası məsələləri ilə məşğul olur.
Bu günlərdə AMEA-nın yeni müşavirləri ilə əlaqədar hər hansı yeni təyinat olmamışdır.
Yuxarıda adları qeyd olunan şəxslərin yeni vəzifəyə təyin olunmaları ilə bağlı yayılan yanlış xəbərlərə cavab olaraq bildiririk ki, oktyabrın 1-də AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri və Yer Elmləri bölmələrinin “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş “Yaşıl enerji və süni intellekt” mövzusunda keçirilən birgə iclasında hazırda AMEA-nın müşavirləri kimi çalışmaqda davam edən akademiklərə AMEA rəhbərliyi tərəfindən müvafiq istiqamətlər üzrə tapşırıqlar verilib.
Məlumat üçün xatırladırıq ki, Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycanda elmi məktəblərin qorunub saxlanılması, görkəmli alimlərin təcrübələrindən yaradıcı şəkildə istifadə edilməsi, yeni elmi nəsillərin onların nümunələrində yetişdirilməsi məqsədi ilə yuxarı say həddi 10 nəfərdən çox olmamaqla, Azərbaycan Milli Elmlər Akademiyasının müşavirləri vəzifəsi təsis edilmişdir. Keçən illər ərzində AMEA-nın müşaviri vəzifəsində müxtəlif vaxtlarda Azərbaycan elminin tanınmış nümayəndələri çalışıblar. Akademik Nəriman Quliyev (1926-2014), akademik Toğrul Şahtaxtinski (1925-2010), akademik Bəkir Nəbiyev (1930-2012), akademik Musa Musayev (1921-2010), akademik Asəf Nadirov (1929-2014), akademik Cəmil Quliyev (1927-2010), akademik Ağamusa Axundov (1932-2015) və başqaları Akademiyanın müşaviri kimi fəaliyyət göstərmişlər. Mövcud əsasnamənin tələblərinə görə Akademiyanın müşavirləri əsasən təqaüdə çıxdıqdan sonra Akademiyada elmi məsləhətçi funksiyalarını yerinə yetirir, Akademiyanı təmsil edir, konkret elm sahələri üzrə müəyyən tapşırıqları həyata keçirir, doktorantların hazırlanması işi ilə məşğul olurlar.
Dünyanın bir çox Akademiyalarında da həmin elmi təşkilatın müşaviri vəzifəsi vardır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.