Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.10.2024 16:54
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun əməkdaşı BMT-nin sammitində iştirak edib

Dilçilik İnstitutunun əməkdaşı BMT-nin sammitində iştirak edib

UNESCO Global Youth Community platformasının Azərbaycan təmsilçisi, UNESCO-nun Elektoral qrupunun eksperti, Dünya dilləri atlası layihəsinin koordinatoru, AMEA-nın Nəsimi adina Dilçilik İnstitutunun Nitq mədəniyyəti və monitorinq şöbəsinin müdiri vəzifəsini icra edən, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva ABŞ-nin Nyu-York şəhərində keçirilən BMT-nin Gələcək Sammitində (Summit of the Future) iştirak edib.

O, UNESCO-nun xarici platformasında Azərbaycan təmsilçisi kimi Assambleyanın gənclərlə bağlı sessiyalarında SDG, təhsildə dayanıqlılıq, elmdə süni intellekt kimi müxtəlif mövzularda çıxış edib.

Həmçinin BMT-nin Gələcək Sammiti sessiyası çərçivəsində sentyabrın 25-27-də Jacob Javits Convention Center-də keçirilən “Gənc liderlərin Sammiti”ndə UNESCO-nun Global Youth Community platformasında iqlim dəyişikliyi mövzusu ilə bağlı COP-29 haqqında məruzə edib, dünya gənclərini “Yaşıl dünya naminə” hərəkatına aktiv qoşulmağa dəvət edib. 

Tədbirdə dünya üzrə tanınmış mütəxəssis Martin Riese suyun keyfiyyəti və tərkibindəki mineralların zənginliyi ilə seçilən təmiz sular haqqında təqdimat keçirərək, dünyanın ən təmiz və zəngin sularını tədbir iştirakçılarına bütün incəliklərinədək təhlil edərək təqdim edib. Tədqimatda çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva, Kəlbəcərdəki İstisu haqqında məlumat verib, bu suyun tərkibinin çox zəngin minerallardan ibarət olduğunu, müalicəvi əhəmiyyətini diqqətə çatdırıb.

Sentyabrın 27-29-da Nyu-Yorkda keçirilən Gənclərin beynəlxalq konfransında (International Youth Conference) iştirak edən alim, müasir təhsil problemləri, elmdə innovasiya və bu innovasiya fonunda rastlanan problem və çətinliklərdən danışıb. Tədbirdə maddi və qeyri-maddi irsə diqqət və qayğı mövzusunda məruzə edərək, Türk dünyasının etnik xəzinəsi olan Mahmud Kaşğarinin "Divanü lüğat-it türk" əsərinin Xalid Səid Xocayevə məxsus ərəbcədən Azərbaycan dilinə birbaşa və dünyada ilk tərcüməsinin əlyazmasının 86 il sonra məhz Azərbaycanda – AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda tapıldığını diqqətə çatdırıb, bu hadisənin UNESCO səviyyəsində qeyd edildiyindən qürur duyduğunu ifadə edib. Təkcə Türk dünyası üçün deyil bütün dünya mədəniyyətinə əvəzsiz töhfə olan bu əsərin yeni nəşrinin unikallığı haqqında konfrans iştirakçılarına məlumat verib

Filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Abdullayeva-Nəbiyeva oktyabrın 1-də Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyində, Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəsi Yaşar Əliyevlə görüşüb,  "Divanü lüğat-it türk" əsərinin 3 cildliyini, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin tərtibçisi olduğu “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” (10 dildə), “Nizami Ganjavi almanac” əsərlərini, Nəsimi adına Dilçilik İnstitutunun Azərbaycan dialektologiyası şöbəsi tərəfindən hazırlanmış “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nı ona təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: