Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.10.2024 14:39
  • A-
  • A
  • A+

Alternativ enerji mənbələrinə dair Gəncədə respublika konfransı keçirilib

Alternativ enerji mənbələrinə dair Gəncədə respublika konfransı keçirilib

Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və onun Bioresurslar İnstitutu (Gəncə) tərəfindən AMEA-nın Gəncə Bölməsində “Təbii ehtiyatlar və tullantıların alternativ enerji kimi emalının aktual problemləri” mövzusunda iki günlük respublika elmi konfransı keçirilib.

Elmi forum Yaşıl dünya naminə həmrəylik ili və COP29 kimi tanınan Tərəfdaşlar üzrə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Bakıda keçiriləcək qarşıdakı 29-cu konfransına həsr edilib.  

Tədbirin keçirildiyi AMEA-nın Gəncə Bölməsinin böyük akt salonunun foyesində Yaşıl dünya naminə həmrəylik ili və COP29 mövzuları ilə səsləşən əyani vəsaitlərdən ibarət sərgi də təşkil olunub.

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin anılması ilə başlayıb.

Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev iştirakçıları, o cümlədən qonaqları salamlayıb, konfransın hazırki dövr üçün həlli çox vacib və aktual mövzuları əhatə etdiyinə diqqət çəkərək, iki gün ərzində davam edəcək sözügedən elmi forumun müvəffəqiyyətlə keçəcəyinə ümid etdiyini bildirib.

Respublika konfransının rəhbəri və aparıcısı,  ETN Bioresurslar İnstitutunun (Gəncə) direktoru, dosent İmran Qasımov giriş sözündə bu tədbirin yüksək elmi əhəmiyyət daşıdığını, təqdim olunmuş onlarla məruzənin elmi-nəzəri və əməli baxımdan faydalı olduğunu vurğulayıb. O, konfransa qatıldıqlarına görə Şəki Regional Elmi Mərkəzinin əməkdaşlarına xüsusi minnətdarlıq bildirib.

Şəki Regional Elmi Mərkəzin direktoru, f.ü.f.d., dosent Yusif Şükürlü çıxış edərək, rəhbərlik etdiyi elm ocağının nümayəndələrinin geniş tərkibdə dəvətinə, həmçinin konfransın yüksək səviyyəli təşkilinə görə Gəncədəki həmkarlara - AMEA Gəncə Bölməsinin rəhbəri, akademik Fuad Əliyevə və ETN Bioresurslar İnstitutunun direktoru k.ü.f.d., dosent İmran Qasımova minnətdarlıq bildirib. O, son dövrlərin qlobal texnoloji xüsusiyyətlərinin nəticəsi olaraq yaranmış ekoloji planetar problemlərin ölkəmizdən də yan keçmədiyini xatırladaraq, onların həlli yollarının araşdırılmasında ölkəmizin elm ocaqlarının birgə, koordinasiyalı fəalliyyətlərinin vacib olduğunu qeyd edib.

Gəncə şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov şəhər rəhbəri Niyazi Bayramovun bu vacib elmi görüşün iştirakçılarına salamlarını çatdırıb. O, həmçinin xatırladıb ki,  ölkə rəhbərinin  şəhərimizə  göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi kimi, Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl şəhərlər”  proqramına Azərbaycanda ilk olaraq məhz Gəncə şəhəri qoșulub.

Göygöl Milli Parkının direktoru Fuad Quliyev çıxışında ölkəmizin bu füsunkar guşəsinin flora və faunasının qorunmasının xüsusiyyətləri haqqında söhbət açıb. O, sevinc hissi ilə qeyd edib ki, böyük zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın azadlığının tam şəkildə bərqərar edilməsi ilə Ana təbiətimizdə də dinclik və dirçəliş yaranıb, bunun nəticəsində ərazilərimizdə canlı aləmin – flora və faunanın dirçəlməsi və artması müşahidə olunmaqdadır. F.Quliyev alimləri Göygöl Milli Parkının öyrənilməsi üzrə tədqiqatları genişləndirməyə və Parkın mütəxəssisləri ilə daha dərin əməkdaşlığa dəvət edib.

Konfransın ilk günündə ETN Aqromexanika Elmi-Tədqiqat İnstitutundan t.e.d., professor Şahlar Babayev “Aqrar sektorda pestisidlərin lokal tətbiqi üçün innovativ texnologiyaların işlənməsi”, Şəki Regional Elmi Mərkəzindən Ayşən Salmanova “Bombyx mori və saturnia pyri ipəkqurdu baramalarından ipək istehsalı prosesində ortaya çıxan pupların ekoloji səmərəliliyinin və qida əhəmiyyətinin qiymətləndirilməsi aspektləri”, ETN Azərbaycan Texnologiya Universitetindən t.ü.f.d., dosent İnarə Kazımova “Təbii şirələrin əhalinin sağlamlığında rolu”, ETN Aqrar Problemlər İnstitutunun direktoru  Sədaqət Adıgözəlova “Bitki xammalları və tullantılarının faydalı komponentlərindən ekoloji bioyanacaq alınması biotexnologiyası”, AR ETN Nəbatat Bağından b.ü.f.d. Ramidə Quliyeva “Daşkəsən rayonunun meşə bitkiliyinin yaxşılaşdırılması və səmərəli istifadə olunması üçün tədbirlər”, AR ETN Bioresurslar İnstitutundan (Gəncə) Vüsalə Abbasova “Nar ağacının (Punica qranatium L.) tullantı çiçəklərindən boya alınması biotexnologiyası”, AR ETN Bioresurslar İnstitutu (Gəncə) Natəvan Bədəlova “Acı yovşan efir yağının alınması və bəzi fiziki-kimyəvi xassələri”, AR ETN Ekologiya və Təbii Ehtiyatlar İnstitutundan k.ü.f.d., dosent Mahirə Şərifova “Yeni nəsil asfaltın əsaı olan polimer-bitum bağlayıcısı” və AR ETN Nəbatat Bağından İlhamə Hacıyeva “Göygöl Milli Parkının zanbaqkimiləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Konfransın ikinci günündə bölmələr üzrə çıxışlar davam etdirilib. Konfransa təqdim edilmiş 40-dan çox elmi məruzələr ayrıca kitabça şəklində çap olunub.

Konfransın sonunda iştirakçılara sertifikatlar da təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: