Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.10.2024 14:26
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu ilə Dağıstanın Tədqiqat Mərkəzi arasında müqavilə imzalanıb

Coğrafiya İnstitutu ilə Dağıstanın Tədqiqat Mərkəzi arasında müqavilə imzalanıb

Elm və Təhsil Nazirliyinin akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutu (Cİ) ilə Rusiya Elmlər Akademiyasının Dağıstan Federal Tədqiqat Mərkəzi (REA DFTM) arasında elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalanıb.

Tədbir Rusiya Federasiyasından gəlmiş qonaqlar - REA DFTM, A.O.Kovalevsk adına Cənub Dənizlərin Biologiyası İnstitutu və akademik M.D.Millionşikov adına Qroznı Dövlət Neft Texniki Universitetinin alim və mütəxəssislərinin iştirakı ilə keçirilib.

Coğrafiya İnstitutu ilə Dağıstan Federal Tədqiqat Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən iqlim dəyişikliyi və artan antropogen təzyiq şəraitində Xəzər dənizi hövzəsinin kiçik və orta çay hövzələrinin landşaftlarının geoekoloji vəziyyətinin dinamikasının öyrənilməsi sahəsində birgə elmi tədqiqatların aparılması nəzərdə tutulub. Razılaşmaya görə yeni proqramların həyata keçirilməsində qarşılıqlı yardım, məlumat və nəşrlərin mübadiləsi, konfrans və seminarların təşkili, tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, tərəflərin müvafiq resurslarından istifadə etməklə elm, texnologiya və təhsil sahəsində yeni biliklərin birgə əldə edilməsi və innovativ məhsul və xidmətlərin yaradılması həyata keçiriləcək.

Tərəflər birgə olaraq İqlim dəyişikliyi və artan antropogen yük şəraitində Şimal-Şərqi Qafqazın, Azərbaycanın və İranın dağ çayları hövzələrinin geoekoloji vəziyyətinin dinamikasının öyrənilməsi ilə bağlı Quba rayonunun Qaraçay hövzəsi boyu ekspedisiyada iştirak edəcəklər.

Müəssisələr  arasında əməkdaşlığa dair danışıqlar, icra və prosesə dair hesabatların verilməsi koordinatorlar - Cİ-nin icraçı  direktoru c.ü.f.d., dos. Zaur İmrani  və REA DFTM-nin rəhbəri Surxay Mamayev tərəfindən həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: