Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.10.2024 09:58
  • A-
  • A
  • A+

Bu gün akademik Məhərrəm Məmmədyarovun doğum günüdür

Bu gün akademik Məhərrəm Məmmədyarovun doğum günüdür

Görkəmli kimyaçı alim, pedaqoq, ictimai xadim, akademik Məhərrəm Məmmədyarov Azərbaycan elmini dünyada layiqincə təmsil edib. O, akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri, Naxçıvan Elmi Mərkəzində direktor vəzifələrində çalışıb. Mikrobiologiya İnstitutunun yaradıcısı və ilk direktoru olub. Üzvi kimya, neft-kimya sintezi, biotexnologiya alimin məşğul olduğu əsas elmi sahələr idi.

Məhərrəm Əli oğlu Məmmədyarov 1924-cü il oktyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olub. Naxçıvan Pedaqoji Texnikumunda təhsil aldıqdan sonra orta məktəbdə müəllim işləyib. İkinci Dünya müharibəsində cəbhədə döyüşüb, orden və medallarla təltif edilib.

M.Məmmədyarov 1945-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universiteti) qəbul olub. Rusiyanın Leninqrad Kimya-Texnologiya İnstitutunda aspirantura təhsili alıb.

O, “Formaldehidin, dəri kollageninin amin turşuları ilə qarşılıqlı əlaqəsi” mövzusunda namizədlik, “C2-C4 olefinlərinin yüksək temperaturda “qaynar təbəqə”li xlorlaşdırılması reaksiyasının və alınmış xlorolefinlərin bəzi çevrilmələrinin tədqiqi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 1972-ci ildə professor elmi adını alıb.

Alimin rəhbərliyi ilə üzvi kimya sahəsində də tədqiqat işləri həyata keçirilib, yüzlərlə polifunksional üzvi birləşmələr sintez edilib və onların xassələri hərtərəfli öyrənilib.

M.Məmmədyarov tərəfindən üç növ sintetik yağların əsası işlənib-hazırlanıb: bu iş norbornen sırası efirləri, tsiklik neopoliolların efirləri və vitsinal dikarbon turşularının efirlərindən ibarətdir.

Onun tədqiqatlarının bir qismi elektrokimyəvi sintez (Kolbe üsulu) yolu ilə mürəkkəb efirlərin alınmasına həsr edilib. Təbii naften və sintetik yağ turşuları əsasında müvafıq mürəkkəb efirlər sintez olunub.

Alim 1980-ci ildə Azərbaycan Dövlət Mükafatına layiq görülüb. 1981-ci ildə Azərbaycan Elmlər Akademiyasında (indiki AMEA) Mikrobiologiya sektoruna direktor təyin edilib. İlk dəfə olaraq mikrobioloji proseslərin neft mikrobiologiyası sahəsində modelləşdirilməsi M.Məmmədyarovun rəhbərliyi ilə neft laylarında həyata keçirilib.

Onun rəhbərliyi altında Abşeronun şərabçılıq və yağ zavodlarının tullantılarından istifadə edilməklə, mitsello göbələklərlə doymamış yağ turşularının biosintezinin idarə olunmasının fızioloji-biokimyəvi aspektləri ətraflı tədqiq olunub.

Aparılan elmi işlərin səviyyəsini və region üçün praktiki əhəmiyyətini nəzərə alaraq, Nazirlər Kabineti 1994-cü ildə Mikrobiologiya bölməsinə institut statusu verib. M.Məmmədyarov institutun ilk direktoru olub.

Alimin elmi tədqiqatlarının nəticələri 500-dən artıq əsərdə, o cümlədən 5 monoqrafiyada və 60 ixtirada öz əksini tapıb. Onun rəhbərliyi ilə 21 fəlsəfə doktoru və 6 elmlər doktorluğu dissertasiyası müdafiə edilib. 200-dən artıq namizədlik və doktorluq dissertasiyalarının opponenti olub. Alimin elmi fəaliyyəti Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif olunub, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb .

Akademik Məhərrəm Məmmədyarov 2022-ci il yanvarın 2-də Bakı şəhərində vəfat edib.

AzərTac

  • Paylaş: