Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.04.2025 13:48
  • A-
  • A
  • A+

Dilçi alimlər beynəlxalq tədbirdə iştirak edir

Dilçi alimlər beynəlxalq tədbirdə iştirak edir

Türkiyənin Antalya şəhərində Beynəlxalq Türk Akademiyası, Türk Dil Qurumu, Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumunun təşkilatçılığı ilə “Türk dünyası birliyi yolunda Ortaq Əlifba” mövzusunda tədbir keçirilib.

Tədbirdə Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Özbəkistandan alimlər, eləcə də digər ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.

Açılış iclasında Atatürk Təhsil Akademiyasının sədri dosent Güner Konedralı, Türk Dil Qurumunun sədri professor Osman Mərt, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyat Universitetinin müəllimi professor Kazakbay Yoldoşev, Türkmənistan Böyük səfirliyinin katibi Arslan Çaryyev və sair alimlər iştirak ediblər.

Akademik Nizami Cəfərov bildirib ki, biz Türk dünyası üçün ortaq əlifbanın elmi səviyyədə yaradılmasının tərəfdarıyıq. Akademik vurğulayıb ki, ortaq türk əlifbasının yaradılması istiqamətində aparılan işlər zamanın tələbidir.

Nadir Məmmədli çıxışında bildirib ki, ortaq əlifba qohum xalqlar arasında dil yaxınlığının qorunub saxlanılması üçün xüsusi əhəmiyyət kəsb edir. Professor qeyd edib ki, latın qrafikası əsasında ortaq əlifbanın yaradılması türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynayacaq.

Tədbir öz işini 29 apreldə yekunlaşdıracaq.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: