Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə "Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransın rəsmi açılış mərasimində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov çıxış edərək tədbirin həm elmi, həm də praktik cəhətdən dini təhsil sahəsində yeni yanaşmaların ortaya çıxmasına töhfə verəcəyini bildirib, konfransın işinə uğurlar arzulayıblar.
Rəsmi açılış mərasimindən sonra elmi-praktik konfrans işini panellərlə davam etdirib.
Tədbirdə AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin əməkdaşı f.ü.f.d. Ələddin Sultanov "Azərbaycanda dini təhsildə ərəb dilinin rolu və mövcud problemlər" adlı məruzə ilə çıxış edib. Məruzəçi ərəb dilinin dini elmlərin, xüsusilə də İslam ilahiyyatının öyrənilməsindəki müstəsna rolundan bəhs edib. O, ölkəmizdə istər ərəbdilli, istərsə də ərəb hərfləri ilə yazılmış xeyli sayda əlyazmanın, dini-mədəni abidələrin olduğunu diqqətə çatdırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.