Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

21.10.2024 14:37
  • A-
  • A
  • A+

Radio ilə birgəliyimin 50 ili

Radio ilə birgəliyimin 50 ili

O vaxtlar mən tələbə idim, Azərbaycan Dövlət Universitetinin (indi BDU) şərqşünaslıq fakultəsində təhsil alırdım, fakultəmiz Kommunist (indi – İstiqlaliyyət) küçəsində yerləşirdi (orada hazırda yeni binalarına köçənədək Ali Attestasiya Komissiyası qərar tutub) və “Bakı Soveti” metro stansiyasının (indi – “İçərişəhər”) yanında bir çayxana vardı.

Həmin çayxana bir çayxana olmaqdan daha çox ziyalı klubu kimi idi.

Şərqşünaslıqdan başqa hüquq, jurnalistika, tarix fakültələri də hələ universitetin yuxarı binasına tam köçməmişdilər (sonra bir-bir hamısı getdi, təkcə Şərqşünaslıq fakultəsi öz yerində xeyli qaldı) – oranın müəllimləri; yolun obiri tayındakı, “Kommunist”dən savayı digər bütün irili-xırdalı əsas qəzetlərin, bir az aşağıda, Kommunist küçəsiylə Çkalov küçəsinin (indi – Niyazi) kəsişəcəyində axşam “Bakı”sının redaksiyaları idi – orada işləyən jurnalistlər;

Və onlara qoşulan bir çox şairlər, yazıçılar, musiqiçilər həmin çayxananın vaxtaşırı sakinləri idilər.

Mən də dərsdən çıxıb evə gedəndə hərdən ora baş çəkirdim.

(Aradan nə qədər zaman keçməsinin, necə mühüm dəyişikliklər baş verməsinin hesabını hər dəfə mötərizədə əlavə etməli olduğun “indi”lərdən götürün).

1974-cü ilin martında “Azərbaycan” jurnalının 3-cü nömrəsində mənim Xİ əsrin filosof şairi Baba Tahir haqqında yazım və şairin dübeytilərinin farscadan etdiyim bədii tərcümələri nəşr edilmişdi.

Elə vaxtlar idi ki, hələ təkcə olan radionu hamı dinlər, televiziyaya hamı baxar, qəzet-jurnalları hər kəs oxuyardı.

“Azərbaycan”dakı o tərcümələrimi də çoxları görmüşdü, həmin klub-çayxanada tanınmış qələmlərin neçəsi ilə tanışlığıma da Baba Tahir səbəb olmuşdu.

Radionun İncəsənət redaksiyasının Ədəbiyyat şöbəsində çalışan Famil Abbasov bir gün mənə dedi ki, sən bu şair haqqında bir mətn yaz, gətir bizə, bir halda ki, “Azərbaycan” sənin yazını layiq bilib çap edib, zənnimcə, bizimkilər də bəyənər.

Ləngitmədim, elə sabahı gün mətni yazıb apardım, Televiziya və Radio Verilişləri Komitəsinin girəcəyindən redaksiyaya zəng vurdular, mənə buraxılış vərəqəsi yazıldı və bir neçə dəqiqə sonra artıq şöbə müdiri rəhmətlik İbrahim Göyçaylı ilə üzbəüz idik.

İbrahim müəllim məni mehriban qarşıladı, əlyazmamı ordan-burdan oxuyandan sonra “Yaxşıdır, gedər” dedi, vərəqləri Familə uzatdı ki, verin, makinada çap etsinlər, gələn həftədən sonrakı həftə 15 dəqiqəlik yerimiz var, orda yerləşdirərik.

Bircə xahişim oldu ki, mətn səslənəcəksə, mümkünsə, Aydın Qaradağlı oxusun, çünki bu, klassik dövrdür, diktorlar arasında da həmin dövrə ən uyğun onun səsidir.

Ibrahim müəllim qayıtdı ki, yaxşı, əyləş, bu verilişlə bağlı bir anons da yaz, şair haqqında qısa məlumat ver, onu da bizim həftəlik proqram qəzetinə təqdim edək ki, gələn həftə çıxsın.

Oturub onu da yazdım.

Və 1974-cü il oktyabrın 25-də mən xoşbəxt idim.

Azərbaycan radiosunda “Axtarışlar, tapıntılar” sırasından Baba Tahir haqqında ilk verilişim səslənirdi.

O zamanlar hər bazar ertəsi radioda da, televiziyada da səhərlər oranın ovaxtkı əməkdaşlarının termini ili desək, “letuçka”lar keçirilərdi ki, həftə boyu səslənmiş hər bir veriliş müzakirə olunardı.

Mənim verilişim haqqında xoş sözlər söylənmişdi.

Bir neçə gün öncə itirdiyimiz, o zaman hələ şəxsən tanış olmadığım, bir neçə gün sonra ilk görümüzün baş tutacağı, sonralar mənə ən əziz insanlardan birinə çevriləcək Vaqif Əlixanlı həm verilişin mətnini, həm tərcümələri təreifləmişdi, təklif də etmişdi ki, bu müəllifi səx əməkdalığa cəlb etmək lazımdır, çünki bir çox tanınmış ədəbiyyatşünaslarımızın ayrı-ayrı şair və yazıçılar haqda redaksiyamıza göndərdikləri yazılar adətən akademik üslublu qəzet məqalələrindən seçilmir, onları münasib efir səslənişi həddinə çatdırmaq üçün xeyli redaktə etməli oluruq.

Digər təklifi də bu olmuşdu ki, Baba Tahirin şeirlərini Rafael Hüseynovun tərcüməsində “Lirika dəftərindən” seriyasından da səsləndirmək yaxşı olardı.

Beləcə, radio ilə mütəmadi əməkdaşlığım başlandı.

Çox keçmədən “Axtarışlar, tapıntılar” sırasından Baba Kuhi, ardınca Məhəmməd Bayramxan haqda verilişlərimi yazdım.

“Lirika dəftərindən” seriyasından da onların hər birinin irsindən 10 dəqiqəlik tərcümələrim dinləyici ilə görüşdü.

Elə həmin oktyabr ayındaca Baba Tahir haqdakı verilişimdən sonra “Lirika dəftərindən” silsiləsindən farscadan etdiyim dübeyti tərcümələrini Səməndər Rzayev oxudu.

…Bu həftə radiomuzla bu müddət boyunca fasiləsi olmamış birgəliyimin 50 ili tamam olur.

Bilmirəm indi Azərbaycan radiosunda bunca uzun yolu və indi verilişləri mütəmadi efirdə olan ikinci adam varmı?

…Bu qəzet kəsiyi ilk verilişim haqda qısa xəbərin dərc edildiyi günün saxlancıdır, bu da Səməndər Rzayevin 50 il əvvəldən gələn Baba Tahirli məlahətli, duyğulu səsi.

Baba Tahir haqdakı həmin veriliş də yəqin ki, radionun səs xəzinəsində qalmaqdadır. Məndə ev maqnitofonunda yazılmış, səs keyfiyyəti çox da yüksək olmayan yazısı var – ancaq hər halda qiymətli yadigardır.

Bu gün də davam edən yol belə başlanmışdı…

Akademik Rafael Hüseynov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: