Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.10.2024 10:30
  • A-
  • A
  • A+

Dissertasiya mövzuları müvafiq elm sahələrinin nəzəri-metodoloji axtarışlarını, dünyanın müasir çağırışlarını və ölkəmizin sosial-iqtisadi tələbatlarını əks etdirməlidir

Dissertasiya mövzuları müvafiq elm sahələrinin nəzəri-metodoloji axtarışlarını, dünyanın müasir çağırışlarını və ölkəmizin sosial-iqtisadi tələbatlarını əks etdirməlidir

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında 2024-cü il üçün Akademiyada fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri, elmi müəssisə və təşkilatların direktorları, Akademiyada 2024-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olmuş şəxslər, onların elmi rəhbərləri və elmi məsləhətçiləri iştirak ediblər.

İclası giriş sözü ilə açan akademik İsa Həbibbəyli bu il qəbul olan doktorant və dissertantları təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Akademik elmi müəssisələrdə dissertantura və doktoranturaya qəbul, eləcə də kadr hazırlığının təkmilləşdirilməsi məsələlərində müasir yanaşmanın vacibliyini qeyd edib. Dünyada cərəyan edən qlobal çağırışlardan irəli gələrək, dissertantura və doktorantura təhsilinin tədrisində də sistemli islahatların aparılmasının zəruriliyini vurğulayıb.

AMEA rəhbəri Akademiyanın hər bir elmi müəssisə və təşkilatlarında dissertant və doktorantlara şöbə müdirlərinin, müxbir üzv və həqiqi üzvlərin ildə bir dəfə vahid cədvəl əsasında müxtəlif ixtisas sahələri üzrə dərs verməsinin onların təhsil keyfiyyətinə müsbət təsir edəcəyini deyib: “Dissertant və doktorantlar elmi rəhbərlə təkbətək qalmamalıdır. Təhsil prоsеsində müsbət nəticələr əldə еtmək üçün onlar fərqli ixtisas alimlərindən də dərs almalıdırlar”.

Akademik İsa Həbibbəyli bu gün davamlı inkişaf və sosial-iqtisadi transformasiyanın elm və təhsil mühitində də gözə çarpan dəyişikliklərə səbəb olduğunu qeyd edib. Bu mənada gələcəkdə doktorant və dissertantların müvafiq elmi sahələrinin perspektiv inkişafı üçün onların müasir dövrün yeni ideyalarına, çağırışlarına cavab verən mövzulara üstünlük verməsini tövsiyə edib.

Akademik İsa Həbibbəyli, həmçinin doktorantura və dissertanturaya builki qəbulda müsbət dinamikanın müşahidə olunduğunu vurğulayıb.

Sonra çıxış edən Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatlarının 2024-cü il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamını, eləcə də cari ildə AMEA üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı səviyyəsində doktorantura və dissertanturaya qəbul planına dair bəzi göstəriciləri diqqətə çatdırb.

Şöbə müdiri çıxışında bildirib ki, doktorantura təhsil səviyyəsində müşahidə olunan ən əsas problemlərdən biri dissertasiya mövzularında bir sıra hallarda “elmi problemin” olmaması məsələsidir: “Buna görə də ilk dəfə olaraq builki qəbul prosesində bir təşəbbüs irəli sürülüb, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin 25 sentyabr 2024-cü il tarixli 184 nömrəli sərəncamı ilə dissertasiya mövzularının müəyyənləşdirilməsində nəzərə alınması tövsiyə edilən meyarlar elmi müəssisələrə təqdim edilib”.

Qeyd edib ki, bu meyarlar mövzuların elmi problemlərinin aktuallığının müvafiq elm sahələrinin ciddi nəzəri-metodoloji axtarışları və dünyanın müasir çağırışları, ölkənin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji tələbatlar ilə şərtlənməsi, fənlərarası, multidisiplinar və transdisiplinar tədqiqatlara üstünlük verilməsi, humanitar və ictimai elmlərdə aparılan araşdırmalarda süni intellekt, rəqəmsallaşdırma və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin vacibliyi, tədqiqatların prioritetlərinin yeni milli ideyanın və “Güclü Azərbaycan Konsepsiyası”nın elmi əsaslarının hazırlanmasına yönəldilməsini və digər tələbləri əhatə edir.

S.Xavəri doktorantura təhsilini tənzimləyən normativ-hüquqi bazada yer alan müddəaları da təqdimatla nümayiş etdirib.

Alim plan yeri ilə sənəd verənlər arasında nisbət, doktoranturaya qəbul üzrə xarici dil imtahanının nəticələri, eyni zamanda fəlsəfə doktoru və elmlər doktoru hazırlıqları üzrə doktorantura və dissertantura səviyyələrinə qəbulun nəticələri barədə məlumat verib.

Daha sonra AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri üzrə 2024-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul olmuş şəxslərin elmi işlərinin mövzuları müzakirə olunub.

Müzakirələrdən sonra dissertasiya mövzuları və elmi rəhbərlər təsdiq edilib.

Sonda akademik İsa Həbibbəyli institut və təşkilatların rəhbərlərinə, elmi rəhbər və məsləhətçilərə tövsiyə və tapşırıqlarını verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: