Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.10.2024 10:12
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşı “Türk yurdu” verilişinin qonağı olub

Folklor İnstitutunun əməkdaşı “Türk yurdu” verilişinin qonağı olub

AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi fil.ü.f.d., dos. Elçin Qaliboğlu Mədəniyyət TV-nin “Türk yurdu” verilişinin qonağı olub.

“Türk döyüş sənəti” mövzusunda olan verilişdə türk xalqının tarix boyunca yenilməzliyinin sübutu kimi özünü göstərən döyüşkənliyinin folklordakı ifadəsindən danışılıb, eləcə də tarix-folklor əlaqələri təhlil olunub.

Verilişdə türk döyüşçüsünün taleyində totem kimi ciddi rol oynayan Boz qurd obrazı təhlil edilib. Boz qurdun yalqızlığı və qüdrətliliyi - yenilməzliyi ilə türk xarakteri arasında uyğunluğun təsadüfi olmadığı vurğulanıb. Bu keyfiyyəti türk canlı olaraq yaşayıb, döyüşkənliyinin - qəhrəmanlığının əsas xəttinə çevirib; bu, “Qurd taktikası”, “Aypara”  və b. adlarla tanınıb.

Atın türkün taleyindəki rolu onun həmişə döyüşlərdəki sədaqəti ilə ölçülüb. Əcdad atın etibarını görüb, öyüb, əslində bu cəhət türkün ata insani münasibəti ilə şərtlənib. Elə təkcə “Koroğlu” dastanında Koroğlunun ata yanaşması deyilənləri çox gözəl təsdiq edir.

Verilişdə aşıq sənətində döyüşkənliyin yüksək ölçüdə yaşadıldığı bildirilib. “Yanıq Kərəmi”, “Misri” və b. havalarda bu cəhət özünü aydın göstərir.

Azərbaycan muğamlarında (“Çahargah”, “Qatar”, “Rast” və s.) da döyüşkənlik motivi çox güclüdür.

Azərbaycan zurna sənətindəki bir çox örnəklər də bu qəbildəndir.

Ümumiyyətlə, türk  savaş sənətində musiqi (hərbi marşlar) əhəmiyyətli dərəcədə rol oynayıb.

Bu və başqa faktlar göstərir ki, folklordan gələn düşüncə canlı yaşamın ifadəsidir, tarix boyunca həyatımızın hər sahəsində olduğu kimi türk savaş sənətində də özünü hərtərəfli göstərib.

Verilişi buradan izləyə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: