Görkəmli riyaziyyatçı alim, Əməkdar elm xadimi, akademik Fəraməz Maqsudovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
ETN İnformasiya Texnologiyaları İnstitutunda keçirilən tədbiri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamın icrası ilə əlaqədar Tədbirlər Planının hazırlandığını diqqətə çatdırıb. 1997-2000-ci illərdə AMEA-nın prezidenti kimi fəaliyyət göstərmiş akademik Fəraməz Maqsudovun 95 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsinin AMEA-nın 80 illik tarixinə nəzər salınması baxımından da əhəmiyyətini vurğulayıb.
Akademik İsa Həbibbəyli görkəmli alim Fəraməz Maqsudovun ömrünün 50 ilə yaxın bir dövrünün AMEA ilə bağlı olduğunu qeyd edərək, onun ölkəmizdə riyaziyyat elminin inkişafında göstərdiyi xidmətin, riyaziyyat və mexanikanın bir sıra sahələrində əldə etdiyi fundamental elmi nəticələrin ona təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də nüfuz qazandırdığını diqqətə çatdırıb.
Şərəfli və məsuliyyətli bir həyat yolu keçmiş akademik Fəraməz Maqsudovun 1974-cü ildən Azərbaycan EA Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edərək institutun qazandığı uğurlara mühüm töhfələr verdiyini deyən AMEA rəhbəri akademik Fəraməz Maqsudovun Akademiyanın prezidenti kimi fəaliyyət göstərdiyi illərdə Elmlər Akademiyasında yüksəkixtisaslı elmi kadrların hazırlanmasında, beynəlxalq əlaqələrin genişləndirilməsində mühüm xidmətləri olduğunu vurğulayıb.
O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi və bununla da müstəqil dövlətçiliyimizin qorunub saxlanılması uğrunda aparılan mübarizədə akademik Fəraməz Maqsudovun əhəmiyyətli rolundan danışıb və görkəmli alimin Ulu Öndərin sadiq silahdaşı kimi onun siyasətini hər zaman dəstəklədiyini diqqətə çatdırıb.
Görkəmli alimin riyaziyyatçı olmasına baxmayaraq, ədəbiyyat sahəsinə, şeirə, sənətə də böyük həvəs göstərdiyini, Azərbaycan klassiklərinin əsərlərinə dərindən bələd olduğunu bildirən AMEA rəhbəri akademik Fəraməz Maqsudovun 95 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsini onun şəxsiyyətinə göstərilən dərin hörmət və ehtiramın göstəricisi kimi qiymətləndirib.
Akademik İsa Həbibbəyli çıxışının sonunda AMEA-nın 80 illik yubileyi ərəfəsində sələflərin əməyinə yüksək qiymət verməyin və onların irsini yeni nəsillərə çatdırmağın hər bir alimin müqəddəs borcu olduğunu vurğulayıb.
Sonra tədbirdə ETN Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək funksional analiz və diferensial tənliklər sahəsində tanınmış alim, akademik Fəraməz Maqsudovun zəngin elmi və pedaqoji fəaliyyətindən bəhs edib. Professor Misir Mərdanov bildirib ki, hələ tələbə ikən elmi-tədqiqat işlərinə böyük maraq göstərən Fəraməz müəllim bütün mənalı həyatını elmə həsr etmiş, aspirantdan institut direktoru və AMEA-nın prezidenti vəzifəsinə qədər yüksələrək, şərəfli həyat yolu keçmişdir: “25 ildən çox bir müddətdə Riyaziyyat və Mexanika İnstitutunun rəhbəri kimi fəaliyyət göstərmiş bu böyük insan elmə gənc, istedadlı tədqiqatçıların gəlməsi üçün şərait yaratmış, ölkədə və keçmiş SSRİ məkanında onların elmi tədqiqat işləri aparmasını daim diqqət mərkəzində saxlamışdır”.
Professor Misir Mərdanov akademik Fəraməz Maqsudovun müstəqilliyimizin ilk illərində Azərbaycanın ictimai-siyasi həyatında, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranmasında fəal iştirak etdiyini, 1995-ci ildə Milli Məclisin üzvü seçildiyini qeyd edib.
Sonra ETN İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək AMEA-nın 80 illik yubileyi ərəfəsində akademik Fəraməz Maqsudovun anadan olmasının 95-ci ildönümünə həsr olunan tədbirin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb, alimin Azərbaycan riyaziyyat elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirib.
O, akademik Fəraməz Maqsudovun alimliyi ilə yanaşı, alicənablığı, sadəliyi, xeyirxahlığı və digər yüksək insani keyfiyyətləri ilə də Azərbaycan elmi ictimaiyyəti arasında, eləcə də bütün Türk dünyasında yüksək nüfuz və hörmət qazandığını vurğulayıb.
AMEA-nın vitse-prezidenti çıxışının sonunda Azərbaycan xalqının böyük ziyalılarından olan akademik Fəraməz Maqsudovun əziz xatirəsinin hər zaman ehtiramla yad olunacağına, görkəmli alimin əsasını qoyduğu elmi məktəbin bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib.
Sonra AMEA-nın müşaviri akademik Telman Əliyev çıxış edərək akademik Fəraməz Maqsudovun ölkəmizdə təkcə riyaziyyat yox, kibernetika və informatika elmlərinin inkişafında da mühüm xidmətləri olduğunu söyləyib. Həmçinin alimin yüksək insani keyfiyyətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüb.
Tədbirdə Xəzər Universitetinin təsisçisi fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı, AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədr müavini akademik Cavad Abdinov və ETN Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi fizika-riyaziyyat elmləri doktoru, professor Əyyub Quliyev də çıxış edərək mərhum alimin 95 illik yubileyinə həsr olunmuş tədbiri yüksək qiymətləndirib, akademik Fəraməz Maqsudovun elmi fəaliyyəti və nəcib insani keyfiyyətlərindən söz açaraq xatirələrini bölüşüblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.