Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda dünyanın çağırışlarına və dövlətin maraqlarına cavab verən araşdırmalar aparılır, elmi-nəzəri fəaliyyətin gücləndirilməsi, gənclərlə məqsədyönlü iş aparılması və onların elmi fəaliyyətə cəlb edilməsi, eləcə də fəlsəfə və elmlər doktorlarının hazırlanması üzrə ardıcıl tədbirlər həyata keçirilir.
Bu fikirləri AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev növbəti elmi seminarda çıxışı zamanı səsləndirib.
Alim ölkənin ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, humanitar istiqamətləri əhatə edən qurumlarla birgə multidisiplinar tədqiqatların aparılmasının elmin və təhsilin inteqrasiyasına, elmi potensialın qorunub saxlanılmasına və daha da inkişaf etdirilməsinə böyük töhfə verəcəyinə əminliyini ifadə edib. Baş direktor hər bir tədqiqatçını dövlətçilik ənənələrini və milli dəyərləri əsas tutaraq, öz fəaliyyətini yenidən nəzərdən keçirməyə, qarşısında duran vəzifələri məsuliyyətlə icra etməyə və aktual problemlərə həsr olunmuş elmi araşdırmalarını daha da dərinləşdirməyə çağırıb.
Akademik R.Əliquliyev elmi-tədqiqat fəaliyyətinin təşkili və əlaqələndirilməsi, elmi və elmi-texniki fəaliyyətin ekspertizası, eləcə də elmi etikaya riayət olunmasının elmin səmərəli idarəolunması baxımından önəmini qeyd edib. Əlavə edib ki, son illərdə bu istiqamətdə görülən işlərin, prioritet istiqamətlərdə aparılan tədqiqatların nəticəsi olaraq, artıq bir neçə fəlsəfə və elmlər doktorluğu dissertasiyası tamamlanaraq müzakirəyə təqdim olunub.
Baş direktor intellektual müzakirələrin aparılması üçün əhəmiyyətli platforma olan elmi seminarlarda hər bir əməkdaşın mütəmadi olaraq iştirak etməsinin zəruriliyindən danışıb. Akademik R.Əliquliyevin sözlərinə görə, elmi seminarların əsas məqsədi dissertasiya işləri çərçivəsində aparılan tədqiqatlarla tanış olmaq, qarşıya qoyulmuş məsələlərə bir daha diqqət yetirmək, eləcə də doktorant və dissertantlara elmi fəaliyyətlərində dəstək olmaqdır.
İnstitutda şöbədaxili və şöbələrarası elmi müzakirələrin təşkilinin, müxtəlif problemlərə həsr olunmuş seminarların keyfiyyətinin artırılmasının önəmindən bəhs edən baş direktor hər bir tədqiqatçıya elmi fəaliyyətlərini stimullaşdırmağı və rəqabətədavamlı tədqiqatlarla məşğul olmağı tövsiyə edib.
Akademik R.Əliquliyev, həmçinin institutda yüksək texnoloji bilikləri ilə seçilən orta məktəb şagirdlərinə hamilik edildiyini söyləyib, bu istiqamətdə fəaliyyətin genişləndirilməsinin zəruri olduğunu bildirib.
İnstitutun baş direktoru doktorantura pilləsinə yeni qəbul olunmuş gənclərin yüksəkixtisaslı kadr kimi formalaşmaları və elm sahəsində uğur qazanmaları baxımından onlara struktur bölmələrdə elmi və intellektual dəstək göstərilməsinin əhəmiyyətinə toxunub. Alim doktorantların dissertasiya mövzularının bütövlükdə ölkənin maraqlarına xidmət edən, eyni zamanda, qlobal elmi problemlərə həsr olunmasının vacibliyini qeyd edib.