Noyabrın 2-də Yasamal rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakı Dövlət Universitetinin futbol meydançasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş mini futbol idman yarışı üzrə açılış mərasimi baş tutub.
Açılış mərasimində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, Bakı Dövlət Universitetinin rektor köməkçisi Hüseyn Hüseynli, YAP Gənclər Birliyinin üzvü İlqar Quliyev, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru dosent Hüseyn Hüseynov, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri kimya üzrə fəlsəfə doktoru Elmir Babayev, AMEA-nın YAP ərazi partiya təşkilatlarının və həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.
Açılış mərasimində çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev keçirilən idman yarışının mahiyyəti və məqsədi haqqında məlumat verib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusu doğma Qarabağımızı düşmən tapdağından azad etdi. Vurğulayıb ki, bu tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və cənab Prezident İlham Əliyevin müasir dövrün çağırışları işığında təkmilləşdirərək inamla həyata keçirdiyi milli dövlətçilik strategiyamızın ən böyük təntənəsidir. Bundan əlavə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2023-cü ilin 19-20 sentyabr tarixlərindəki lokal xarakterli anti-terror tədbirləri və həmin ilin 15 oktyabr tarixində isə Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərlərində, Əsgəran qəsəbəsində üçrəngli bayrağımızın dalğalandırılması tarixi Zəfərlərimizin zirvəsi oldu.
Bəxtiyar Nəbiyev çıxışının sonunda yarışda iştirak edən komandalara uğurlar arzu edib.
Mərasimdə, həmçinin Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov, AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov və YAP Gənclər Birliyinin üzvü İlqar Quliyev çıxış edərək Ali Baş Komandının liderliyində Vətən müharibəsində qazanılan tarixi Qələbənin önəmindən danışıb, Prezident İlham Əliyevin adının Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləyiblər. Çıxışların sonunda komandalara müvəffəqiyyətlər arzulanıb.
Açılış mərasimindən sonra Azərbaycan Milli Elmlər Akademiyası ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandaları arasında oyun baş tutub. Oyunda Azərbaycan Milli Elmlər Akademiyası 6-0 hesabı ilə qalib gəlib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.