Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutu ilə Rusiya Federal Dövlət Büdcə Ali Təhsil Təşkilatı akademik M.D.Millionşik adına Qroznı Dövlət Neft Texniki Universiteti və Dağıstan Federal Tədqiqat Mərkəzi (REA DFTM) arasında elm və təhsil sahəsində əməkdaşlığa dair imzalanmış memoranduma əsasən Qaraçay və Ataçay hövzələrinə çöl ekspedisiyası həyata keçirilib.
“İqlim dəyişikliyi və artan antropogen təzyiq kontekstində Şimal-Şərqi Qafqazın, Azərbaycan və İranın dağ çayları hövzələrinin geoekoloji vəziyyətinin dinamikası” layihəsi üzrə baş tutan tədbirdə Azərbaycan tərəfindən Coğrafiya İnstitutunun aparıcı elmi işçiləri, coğrafiya üzrə fəlsəfə doktorları dosentlər Elina Kərimova və İrina Kuçinskaya, şöbə müdiri, aqrar üzrə fəlsəfə doktoru, dosent İsmayıl Quliyev iştirak ediblər.
Tədqiqatın məqsədi iqlim dəyişkənliyi və antropogen fəaliyyətin intensivləşməsi fonunda Xəzər dənizi hövzəsinin orta və kiçik çaylarının hövzələrində landşaftların geoekoloji vəziyyətindəki dəyişiklikləri müəyyən etməkdir. İşə Qaraçay və Ataçay hövzələrinin birgə kompleks tədqiqi daxildir.
Azərbaycanlı mütəxəssislər çöl tədqiqatları zamanı rusiyalı həmkarlarını regionun fiziki, coğrafi, ekoloji, sosial-iqtisadi xüsusiyyətləri haqqında məlumatlandırıblar.
Seçilmiş sahələrdən götürülmüş torpaq, bitki və su nümunələri növbəti mərhələdə Azərbaycanın və Rusiyanın elmi laboratoriyalarında analiz ediləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.