Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.11.2024 16:55
  • A-
  • A
  • A+

AMEA əməkdaşları MDB-yə üzv dövlətlərin alimlərinin V Forumunda iştirak ediblər

AMEA əməkdaşları MDB-yə üzv dövlətlərin alimlərinin V Forumunda iştirak ediblər

Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində Tacikistan Milli Elmlər Akademiyasının (TMEA) və Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə MDB-yə üzv dövlətlərin alimlərinin V Forumu keçirilmişdir.

Forumda Azərbaycan Milli Elmlər Akademiyasını AMEA-nın müşaviri, akademik Möhsün Nağısoylu, AMEA Rəyasət Heyəti Aparatının "Elektron Akademiya" şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, Rəyasət Heyəti Aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdir müavini, Yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Həsənova və Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlıdan ibarət nümayəndə heyəti təmsil etmişdir.

Tədbirin açılış mərasimində Tacikistan Respublikasının Baş nazir müavini Dilrabo Mansuri, TMEA-nın prezidenti Kobildjon Xuşvaxtzoda, Mədəniyyət naziri Matlubaxon Sattoriyon, Təhsil və Elm naziri Rəhim Saidzoda və akademik Möhsün Nağısoylu çıxış ediblər. M.Nağısoylu müəllifi olduğu kitabları TMEA-nın prezidentinə hədiyyə edib.

Forumun işi dəyirmi masalar formatında davam etdirilib. “Sosial-humanitar biliklərin əsas istiqamətləri: texnologiya və alqoritmlər” mövzusunda dəyirmi masa akademik Möhsün Nağısoylunun moderatorluğu ilə keçirilib. Forum çərçivəsində, həmçinin MDB ölkələrinin fundamental elm sahəsində əməkdaşlıq üzrə Şurasının XII iclası və Gənc Alimlər Şurasının ilk iclası təşkil edilib.

AMEA-nın nümayəndə heyəti səfər çərçivəsində TMEA-nın vitse-prezidenti İlhom Amonzoda ilə görüşüb, akademiyalar arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində elmi əlaqələrin genişləndirilməsi üzrə müzakirə aparıblar. Azərbaycanlı alimlər Tacikistan Milli Kitabxanası, Tacikistan Milli Antikvarlar Muzeyi və TMEA-nın Abuabdulloh Rudaki adına Dil və Ədəbiyyat İnstitutunuda olublar.

Tədbir iştirakçıları Tacikistanın Hisar şəhərinin mədəni-tarixi irsi ilə tanış ediliblər.

Tədbir zamanı akademik Möhsün Nağısoylu və Aytən Hüseynovadan Mir 24 telekanalı və Tacikistanın yerli televiziya kanalları, Gülər Qafqazlıdan isə Tacikistan Milli Kitabxanası müsahibə götürüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: