Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

06.11.2024 14:35
  • A-
  • A
  • A+

Yaşıl kitabxana nədir? - Kitabxanaların iqlim fəaliyyəti

Yaşıl kitabxana nədir? - Kitabxanaların iqlim fəaliyyəti

Bizi əhatə edən ətraf mühit - təbiət adlanır. Biz Təbiətin bəxş etdiyi sərvətlərdən ağılla və düşünülmüş şəkildə, eyni zamanda qayğıkeşliklə istifadə etsək onlar tükənməz olaraq qalar. İnsan təbiəti qoruyaraq öz həyatını, gələcək nəsillərin və Yer planetinin davamlılığını təmin etmiş olar. Məşhur Avstrya yazıçısı Frans Kafkanın da dediyi kimi: “Hər nəsil özündən sonra yer üzünə, gələcək nəsillərə yaşamaq üçün bundan daha pis imkanlar qoymamalıdır”.

Dünyada təbii resursların azalması səbəbindən artan ekoloji təhlükələr və ekoloji davamlılıq sahəsində görülən tədbirlər kitabxanaları da dəyişməyə məcbur etmişdir. Hər yaşda hər kəsin ömür boyu oxumaq və öyrənmək üçün istifadə etdiyi kitabxanaların vəzifəsi yalnız bilik təkilif etmək deyil, həm də ətraf mühitə qarşı həssaslığı təbliğ etmək və bu qaydaları özündə tətbiq edərək örnək göstərməkdir. Kitabxanaları insanların zamanının böyük bir qismini qapalı məkan olaraq keçirdiyi yer kimi düşünsək məsələnin nə qədər ciddi olduğu ortaya çıxar. Kitabxanalar bu problemlərin həlli istiqamətində ekoloji savadlılıq nümayiş etdirməli, müəyyən olunmuş tələblərə uyğun fəaliyyətə və binaya sahib olmalıdır.

Dünyada enerjinin tükənməsi və iqlim dəyişikliyi kimi ekoloji problemlər kitabxanaların öz cəmiyyətlərinə təqdim edəcəyi informasiya resurslarının və proqramların növünə də təsir edir. Bu gün dünyanın hər yerində kitabxanalar yaşıl və davamlı olmaq hərəkatına qoşularaq ekoloji savadlılıq nümayiş etdirir. Yaşıl kitabxanalar - kitabxanaların yaşıllaşdırılması və onların ətraf mühitə mənfi təsirinin azaldılması ilə məşğul olan kitabxanaçılar, kitabxanalar, şəhərlər, qəsəbələr, kollec və universitet şəhərciklərindən ibarət Yaşıl Kitabxana Hərəkatını yaradan bir dönüş nöqtəsidir. Hazırda “Yaşıl” və “davamlı” terminləri tez-tez istifadə olunur və onları bir-birindən fərqləndirmək lazımdır. Oksford İngilis dili lüğətində (1989) “yaşıl” termini “ekologiyaya aid olan və ya onu dəstəkləyən” kimi müəyyən edilmişdir. Yaşıl olmaq davamlılığın bir elementidir. Yaşıl olmaq və davamlı olmaq bəzən eyni mənada işlənsə də, fərqli anlayışlardır. Yaşıl olmaq ekoloji cəhətdən təmiz və ekoloji cəhətdən məsuliyyətli təcrübə və həyat tərzini qəbul etmək və onlara əməl etmək deməkdir.

Yaşıl kitabxana davamlılığı təşviq edən, ekoloji cəhətdən təmiz və daha az karbon izi yaradan şəkildə fəaliyyət göstərən bir kitabxanadır. Kitabxanaların ətraf mühitə mənfi təsirini azaltmaq məqsədi daşıyan Yaşıl Kitabxana Hərəkatı 1990-cı illərin əvvəllərində başlamışdır. Ekoloji davamlı olaraq bilinən yaşıl kitabxanalar, ətraf mühitə uyğun və enerji qənaətli binalara sahib kitabxanalar hesab olunur. Yaşıl/davamlı olmaq ekoloji cəhətdən təmiz və məsuliyyətli təcrübə və həyat tərzini qəbul etmək və onlara əməl etmək deməkdir.

Yaşıl/davamlı kitabxana nədir sualına Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) 2022-ci il yanvar tarixli sənədində aşağıdakı kimi cavab verilir: Yaşıl və davamlı kitabxana ekoloji, iqtisadi və sosial davamlılığı nəzərə alan bir kitabxanadır. Yaşıl və davamlı kitabxanalar istənilən ölçüdə ola bilər, lakin aşağıdakıları əhatə edən aydın davamlılıq gündəliyinə malik olmalıdır.

1. Yaşıl binalar və avadanlıqlar: Bina və avadanlıqların emissiyaları və ya karbon izi aktiv şəkildə azaldılır.

2. Yaşıl ofis prinsipləri: Əməliyyat rejimi və proseslər ekoloji cəhətdən davamlı olmalıdır.

3. Davamlı iqtisadiyyat: İstehlak məhdudlaşdırılır, dairəvi və paylaşılan iqtisadiyyat proqramları hazırlanır və bu proqramlar cəmiyyət üçün əlçatan edilir. Davamlı kitabxana xidmətləri: Müvafiq və aktual məlumatlar istifadəçilər üçün asanlıqla əlçatan olmalıdır.

4. Ümumi sahələr, nəqliyyat vasitələri və ətraf mühitə dair təlimlər təmin edilməli və əməliyyatlar səmərəli aparılmalıdır. Kitabxanada müsbət karbon əl izi mövcud olmalıdır.

5. Sosial davamlılıq: Yaxşı təhsil, savadlılıq, ictimaiyyətin iştirakı, mədəniyyətlərarası müxtəliflik, sosial inklüzivlik və ümumi iştirak nəzərə alınır. Kitabxana bərabərsizliyi azaltmaq üçün fəal işləyir.

6.Ekoloji biznes/idarəetmə: Ətraf mühitlə bağlı məqsədlər əlçatandır - xüsusi, ölçülə bilən, əldə edilə bilən, realist və zamana uyğundur.

7.Kitabxana ətraf mühitə mənfi təsirini azaltmaq üçün çalışır. Kitabxananın ekoloji siyasətinin həyata keçirilməsi və ekoloji tədqiqatların nəticələri daha geniş auditoriyaya çatdırılır.

Yaşıl kitabxanalar uzun müddət yaşıl binaları olan kitabxanalar kimi qəbul edilmişdir. Yaşıl kitabxana hərəkatı çərçivəsində kitabxananın yaşıllaşdırılması istiqamətində görülən fəaliyyətlərdən biri məhz kitabxana binasının təbiətlə uyğunlaşdırılması olmuşdur. Lakin yaşıl kitabxana anlayışı sadəcə bir bina deyil. Əslində, müvafiq ədəbiyyat araşdırıldığında yaşıl kitabxana anlayışı binadan xaric müxtəlif fəaliyyətlərdə əksini tapan bir anlayış olaraq qarşıya çıxır. Yaşıl kitabxanalar ətraf mühitin davamlılığına və insan sağlamlığına töhfə vermək üçün təbiətə uyğun, daha az kimyəvi tərkibli, elektrik enerjisi və suyun istifadəsində pula qənaət edən xüsusi strukturlardır. Yaşıl kitabxana dizaynına maraq 2007-ci ildə Çikaqoda keçirilən “Going Green” seminarından sonra artmağa başlamışdır. Bu tədbirdə memarlar, inşaatçılar və kitabxanaçılar yaşıl kitabxana binaları ilə bağlı ən son nailiyyətləri və həll təkliflərini bölüşmüşlər.

Yaşıl kitabxanalar ətraf mühitin davamlılığına və insan sağlamlığına töhfə vermək üçün təbiətə uyğun, daha az kimyəvi tərkibli, elektrik enerjisi və suyun istifadəsində pula qənaət edən xüsusi strukturlardır.

Ekoloji davamlılığın memarlıqdakı əksi olan yaşıl kitabxana binaları təşkili baxımından altı kateqoriyaya bölünür:

1.Davamlı mühit - əlçatan məkan;

2.Su dövranı və qənaət;

3.Yaşıl dam tikintisi;

4.Enerji istifadəsi və artımı;

5.İstifadə olunan materiallar\məhsullar;

6.Kimyəvi maddələrdən istifadə;

7.Keyfiyyətli hava.

Bəs davamlı/yaşıl bina tikmək ənənəvi binadan daha bahadırmı?

Bu suala mütəxəssislərin verdiyi cavaba görə 8-10 il əvvəl yaşıl tikinti daha bahalı olardı, amma bu gün yox. Sənaye elə bir nöqtəyə gəlmişdir ki, bir qərar olaraq davamlı/yaşıl bina tikmək həqiqətən daha yaxşı seçimdir.

Yaşıl Kitabxana Proqramları kitabxanaların Yer planetinin və insanların sağlamlığı üçün edə biləcəyi sadə yaşıl addım, zəhərli kimyəvi təmizləyicilərdən istifadəni dayandırmaq və ekoloji saf təmiz məhsullara keçməkdir.

Dünyada köhnəlmiş və mürəkkəb çaplı nəşrlərə tələbat son illərdə azalsa da, kitabxanaların təbii resursların əhəmiyyətli istehlakçısı olması faktı qüvvədə qalır. Akademik kitabxanalar haqqında yazan mütəxəssislər kitabxana kolleksiyalarının daimi artımını onların davamlılığı üçün təhlükə kimi qəbul edirlər. Onlar akademik kitabxanaları kağız, su, elektrik enerjisi və mürəkkəbin əhəmiyyətli istehlakçıları kimi müəyyən edir və iddia edirlər ki, kitabxanalar onların ətraf mühitə təsirlərini nəzərə almasalar, onların fondlara açıq çıxışın təmin edilməsində rolu təhlükə altına düşə bilər. ABŞ-lı alim Efraym “Kitabxanaların yaşıllaşdıırlması” (Eprahim, 2003) adlı məqaləsində yaşıl kitabxana nəzəriyyəsindən danışarkən yaşıl təmizlik, yaşıl istifadə və kitabxanalarda yaşıl saxlama elementlərinə toxunur. Efraym (2003) çap materiallarının təmin edilməsi, mühafizəsi və məhv edilməsi/çeşidlənməsi prosesində ətraf mühitə dəyən ziyana diqqət yetirir və qeyd edir ki, resursların elektron daşıyıcılara ötürülməsi gələcək üçün qaçılmaz və ekoloji cəhətdən təmiz bir yanaşma olacaqdır. Lakin elektron resursların çap mənbələrindən ekoloji cəhətdən daha təmiz olduğunu ifadə edən Efrayim elektron resursların ətraf mühitə vurduğu zərəri nəzərə almır. Müasir dövrdə dünyada çap və elektron resursların ətraf mühitə təsiri və hansının koloji cəhətdən daha etəmiz olduğuna dair ziddiyyətli fikirlər çoxdur. Alimlər informasiyaya çıxış sistemlərinin gündəlik həyatın bir hissəsi olduğunu və buna uyğun olaraq informasiya və kommunikasiya texnologiyalarının keçmişə nisbətən daha intensiv istifadə edildiyinin və texnologiyaların yaratdığı istixana qazı emissiyalarının daha çox olduğunu irəli sürürlər.

Beynəlxalq miqyasda kitabxanaların və onların ana qurumlarının tullantı və enerji istifadəsini azaltmaq və hələ də rahat və əlçatan mühitlər təmin etmək üçün xeyli səy göstərdiyinə dair çoxsaylı nümunələr mövcuddur. Avstraliya və Yeni Zelandiyada akademik kitabxanalar üzərində aparılan araşdırmalar göstərir ki, elektron kitabların artması və çap kitablarının azalması istixana qazı emissiyalarını və universitetin karbon izini azaldır. Bununla belə, kağızdan istifadə problem olaraq qalmaqdadır.

Son onillikdə kitabxanalarda ekoloji davamlılığa dair tədqiqatlar göstərir ki, ekoloji təhsil müxtəlif növ kitabxanalar üçün mühüm vəzifə kimi qəbul edilir. 2014-cü ildə aparılan bir araşdırmada Şimali Amerika kitabxanaların davamlılıqla bağlı fəaliyyət və təşəbbüslərdə iştirakına dair aparılan sorğu araşdırılıb. Tədqiqat nəticəsində məlum olub ki, kitabxanaların 26%-i minimum, 49%-i bir qədər çox bu işlə məşğul olub, 22%-i orta dərəcədə məşğul olub və yalnız 3%-i yüksək səviyyədə məşğul olub.

Kitabxanalarda davamlı fəaliyyət ekoloji maarifləndirmə məqsədi ilə “yaşıl müəllimlər” ekoloji maarifləndirmə, təbii mühit haqqında bilikləri yaymaq, həssaslığı inkişaf etdirmək və ətraf mühitə qarşı münasibət və davranışları təşviq etməkdir. Bu mənda kitabxanaların yaşıl/davamlı fəaliyyətə dair yanaşmaları müxtəlifdir. Məsələn, Kalqari İctimai Kitabxanası “Eko-Fəaliyyət Planı”, ekoloji təhsilə yönəlmiş və “ətraf mühit obyektivindən” istifadə etməklə ətraf mühitin mühafizəsi üzrə fəaliyyət planı hazırlamaq üçün bir komanda formalaşdırmışdır. Onlar müəyyən etmişlər ki, kitabxanada surətçıxarma demək olar ki, yarıya qədər azalsa da, onlar hələ də hər il 1.000.000-dan çox kağız alırlar (Yale Universiteti, 2021). Eynilə, Denver Xalq Kitabxanası Denverdəki təhsillə əlaqəli digər qruplarla əməkdaşlıq vasitəsilə ictimaiyyəti davamlı həyat haqqında maarifləndirməyə böyük maraq göstərir. Yale Universiteti tələbələri və işçiləri üçün kağızdan ağılla istifadə etmək məqsədilə bələdçi hazırlamışdır və s.

Bu gün dünyada kitabxana mütəxəssisləri yaşıl informasiya savadlılığının və informasiya savadlılığının yaşıllaşdırılmasının Yaşıl Kitabxana Hərəkatının mühüm komponentini təşkil etdiyini və daha yaşıl icmanın yaradılmasına müxtəlif yollarla töhfə verə biləcəyini müzakirə edirlər.

2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı və ya daha çox COP 29 kimi tanınan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 29-cu konfransının Azərbaycanda keçirilməsi bu sahədə ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsidir. Eyni zamanda Azərbaycan Respublikasında 2024-cü ilin Prezident İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində ölkəmizdə aparılan islahatlar, həyata keçirilən tədbirlər bir-birini tamamlayır. Ölkəmizdə zəngin biomüxtəlifliyin qorunması üçün tədbirlər həyata keçirilməkdədir. Bundan əlavə Azərbaycanda emissiyaların azaldılması və davamlı inkişafı üçün xüsusi hədəfləri özündə əks etdirən milli iqlim fəaliyyət planları hazırlanıb. Bu planlar beynəlxalq müqavilələrlə uyğundur və ölkənin iqlim dəyişikliyi ilə mübarizəyə sadiqliyini nümayiş etdirir. Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar görülən tədbirlər kitabxanaların da qarşısında müəyyən tələblər qoyur. Ölkəmizdə dünya kitabxanalarında ekoloji davamlılıq və yaşıl olmaq hərəkatı ilə əlaqədar, yaşıl kitabxana, kitabxanalarda ekoloji savadlılıq və s. kimi mövzularda maarifləndirmə məqsədilə bir sıra tədbirlərin təşkilinə ehtiyac duyulmaqdadır. Kitabxana binalarına yaşıl/davamlı yanaşma hava və işıqlandırma keyfiyyəti, həmçinin binanın fiziki xüsusiyyətləri və sistemləri kimi amilləri nəzərə alaraq bina sakinlərinin sağlamlığının və rahatlığının qorunması kritik əhəmiyyətli hesab edilir.

Səyyarə MƏMMƏDOVA, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: