Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.11.2024 12:15
  • A-
  • A
  • A+

Tarixçi alim Türkiyədə keçirilən konfransda məruzə ilə çıxış edib

Tarixçi alim Türkiyədə keçirilən konfransda məruzə ilə çıxış edib

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin aparıcı elmi işçisi tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva Şanlıurfa Dünya Neolit Konqresində iştirak edib.

Tarixçi alim konqresin birinci günündə “Cənubi Qafqazda Neolit mədəniyyətinin mənşəyi və Yaxın Şərqlə əlaqəsi məsələsi” mövzusunda məruzə edib.

Məruzədə Naxçıvanın Neolit dövrü abidələrində aparılmış tədqiqatlar haqqında ətraflı məlumat verilib. I Kültəpə, Osmantəpə, Naxçıvantəpə, Xələc və Sədərək abidələrindən aşkar olunan arxeoloji materiallar əsasında regionda Neolit mədəniyyətinin meydana çıxmasını şərtləndirən təbii-coğrafi amillər nəzərdən keçirilib. Alim aktuallıq kəsb edən məruzəsində Naxçıvanın qonşu bölgələrlə əlaqəsi məsələsinə də toxunub, Kültəpə mədəniyyətinin mənşəyi, dövrləşdirilməsi və lokal xüsusiyyətləri barədə əldə olunan elmi yenilikləri beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırıb.

Qeyd edək ki, dünyanın 64-dən artıq ölkəsindən, 487 qurumdan 1000-ə yaxın arxeoloqun qatıldığı konqres noyabr ayının 8-dək davam edəcək.

Sözügedən mötəbər tədbirin əsas qayəsi Neolit dövrü mədəniyyətlərinin öyrənilməsi üçün yeni perspektivlər yaratmaq, elmi ədəbiyyatlarda həmin dövrlə bağlı mövcud ənənəvi fikir və nəzəriyyələri, Neolit insanının oturaq həyat tərzi, sosial iyerarxiyası, inanc sistemi və digər faktorlarla yanaşı, bioarxeologiya, fiziki antropologiya və geoarxeologiya elm sahələri üzrə elmi yeniliklərin müzakirəsi üçün unikal platforma formalaşdırmaqdır.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: