Bəşəriyyət qarşısında duran qlobal problemlərdən biri də dünyanın ekoloji durumudur. Əsrlərdir təbiətdən istifadəyə ənənəvi baxışlar, yanaşmalar davam etdiyi üçün insanlığı narahat edən ekoloji böhran sürətlənərək fəsadları lokal və regional səviyyələrdən çıxaraq qlobal xarakter almış, nəticədə onu aradan qaldırmağı çətinləşdirmişdir.
Problemlərin sürətlə artan miqyası, dağıdıcı təsiri qlobal sosial-iqtisadi inkişafda da özünü daha sərt şəkildə göstərmişdir. Təəssüf ki, tropik meşələrin məhv edilməsi, meşə biogeosenozlarına antropogen müdaxilə meşələrin təkcə yayılma arealına deyil, onların növ tərkibinə, formasiyalararası və formasiyalardaxili təbii-tarixi struktur münasibətlər kompleksinə də təsir göstərmişdir. Bundan başqa, su və atmosfer hövzələrinin çirklənməsi, stratosfer və troposferdə ozon təbəqəsinin vəziyyəti ilə bağlı problemlər, qlobal iqlim dəyişmələri, səhralaşma, biomüxtəlifliyin azalması arzuolunmaz həddə çatmışdır.
Planetimizin təbii sərvətlərindən istifadədə səmərəli beynəlxalq nəzarətin olmaması səbəbindən mövcud problemlər zaman-zaman dərinləşməkdədir. Düzdür, bioloji müxtəlifliyin qorunmasının vacibliyini nəzərə alaraq BMT-in Rio-de-Janeyro konfransında "Bioloji müxtəliflik haqqında" Konvensiya qəbul edilmişdir. Respublikamız da bu konvensiyaya qoşulmuş ölkələr sırasındadır. Ümummilli Liderimiz Heydər Əliyev sözügedən konvensiya üzrə Azərbaycan Respublikasının öz üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsini, torpaq, bitki, heyvan və mikroorqanizmlərin genetik ehtiyatlarının yox olması təhlükəsinin qarşısını almaq üçün kompleks tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə "Bioloji müxtəlifliyin genetik ehtiyatları üzrə Dövlət Komissiyasının yaradılması barədə" sərəncam imzalamışdır. Ancaq istər dünya miqyasında, istərsə də respublikamızda ekoloji problemlərin həlli yollarının tapılması, ilk növbədə, bu problemlərə və bütövlükdə təbiətə düzgün münasibətin, yəni ekoetik baxışın formalaşdırılmasından asılıdır. Çünki insan və təbiətin qarşılıqlı əlaqələri müasir cəmiyyətin bütün daxili münasibətlər sisteminə, o cümlədən insanın mənəvi həyatına təsir göstərən ümumi böhranın mühüm bir hissəsidir və onun qarşısı yalnız insanın zəkasının gücü və bəşəri birliyin köməyi ilə alına bilər. Bu problemlər cəmiyyətlə təbiət münasibətlərindəki mənəvi dəyərlərin korlanması zəminində ortaya çıxdığından insanlarda təbiətə qayğı göstərmək vərdişi, təbiət-cəmiyyət münasibətlərini harmoniyalaşdırmaq istəyi, ekoloji düşüncə, bir sözlə, təbiətə ekoetik münasibət və ekoloji mədəniyyət formalaşdırmaq lazımdır. Başqa sözlə, ekoloji problemlər etik məzmun kəsb etdiyindən ona ekoetik problemlər kimi yanaşmaq lazımdır.
Ümumiyyətlə, ekoetika son illər real elmi tutum və sanbal qazanmış istiqamətdir. Onun elmi, hüquqi və mənəvi aspektlərini şərh edən tədqiqatlara böyük ehtiyac yaranmışdır. Bu məqsədlə müəllifi olduğum "Ecoethic problems of Azerbaijan: scientific, legal, moral aspects" adlı kitabın nəşr olunması ekoloji problemlərə ekoetik yanaşmanın nəzəri əsaslarının öyrənilməsinin önəmindən irəli gəlir.
Azərbaycanın ekoloji problemlərinə ekoetik yanaşdıqda onun qlobal və milli tərəflərinin elmi şərhinə böyük ehtiyac yaranır. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının birgə əməkdaşlığı ilə işıq üzü görmüş "Qırmızı Kitab"ın ötənildəki III nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 152 onurğalı, 89 onurğasız olmaqla, 241 fauna və 383 ali, 15 ali sporlu, 6 mamır, 14 şibyə, 5 yosun olmaqla, 460 flora növünün əks olunması dünyanın biomüxtəlifliklə zəngin bir hissəsində - Azərbaycanda nadir və nəsli kəsilməkdə olan heyvan və bitki növlərinin mühafizəsi və bərpasına xüsusi diqqət göstərildiyinə bariz sübutdur.
Sevindirici haldır ki, artıq ekoloji problemlər bütün dünyanı düşündürən siyasi, iqtisadi, hüquqi və mənəvi məzmun kəsb etməyə başlayıb və ortaya çıxan risklər öz kəskinliyini artırdıqca onların yeni tərzdə dərk edilməsi, eləcə də həlli yollarının tapılması üçün ciddi addımlar atılmaqdadır. Bu baxımdan Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - COP29-dan böyük gözləntilər var. Qeyd edək ki, COP29 sədrliyi İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun yaradılması, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, "yaşıl enerji" dəhlizləri, saxlancları, "yaşıl rəqəmsal" fəaliyyət, "COP atəşkəsi" və digər mövzuları özündə ehtiva edən on dörd təşəbbüs irəli sürüb. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə keçirilən COP29 iqlim dəyişikliyinə qlobal miqyasda mühüm bir töhfə olacaq.
Qərib MƏMMƏDOV, Akademik
“Azərbaycan” qəzeti