Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarında türkiyəli alim, Hidrosiyasət Akademiyasının meneceri və eksperti Dr. Fulya Aydın Kandemir “Kür və Araz çaylarının ekoloji vəziyyətinin qiymətləndirilməsi” (Türkiyə və Azərbaycan əraziləri timsalında) mövzusunda məruzə edib.
İclasa sədrlik edən icraçı direktor c.ü.f.d., dosent Zaur İmrani F.Kandemirin Kür-Araz çaylarının tədqiqinə həsr olunmuş layihə əsasında türkiyəli alimlərindən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycana gəldiyini və mövzunun əhəmiyyətini nəzərə alaraq onu məruzə etmək üçün elmi seminara dəvət etdiyini diqqətə çatdırıb.
Antalya Böyükşəhər Bələdiyyəsinin İqlim Dəyişikliyi və Sıfır Tullantı Departamentində Tədqiqatçısı, Su Siyasəti Dərnəyi və Hidrosiyasət Akademiyasının mütəxəssisi olan məruzəçi ekspedisiya üzvlərinin layihə ilə əlaqədar Gürcüstan və Ermənistanda da tədqiqat işləri apardıqlarını bildirib. Alimlər bu ölkələrdə adları çəkilən çayların, eləcə də Göyçə gölünün çirklənməsi ilə əlaqədar sənədli filmin çəkilişi barədə razılığa gəliblər.
Araz, Kür çaylarının hədsiz çirklənməsi və quruması barəsində danışan məruzəçi vaxtında tədbir görülmədiyi halda onları da Aral dənizinin taleyinin gözlədiyini bildirib. Alimin sözlərinə görə bu çayların aid olduğu ölkələr birlikdə çalışmalı və cəmiyyəti daima geniş surətdə məlumatlandırmalıdırlar.
Sonda F.Kandemir iclas iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.