Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

18.11.2024 17:20
  • A-
  • A
  • A+

Bəhreyn Krallığının nümayəndələri Nizami Muzeyini ziyarət ediblər

Bəhreyn Krallığının nümayəndələri Nizami Muzeyini ziyarət ediblər

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) tədbirlərində Bəhreyn Krallığının nümayəndələri də iştirak edib. Onlardan Gənclər və ətraf mühitin mühafizəsi ərəb ofisi müşahidəçilərindən layihə mühəndisi Cihad Cəfər və memar Xulud əl-Əkbər Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət ediblər.

İlk dəfə Bakıya səfər edən qonaqları Nizami Muzeyinin ekspozisiyası ilə muzeyin elmi işçisi Natəvan Bağırova tanış edib. Qədim dövrdən bu günə kimi Azərbaycan ədəbiyyatını əks etdirən ekspozisiyanı dinləyən ziyarətçilər tərəfindən Ərəb xilafəti, Xətib Təbrizi və Əbüləla əl-Məərri haqqında məlumatlar, İsmayıl ibn Yəsar yaradıcılığı maraqla qarşılanıb. Nizami Muzeyinin göz oxşayan xalça nümunələrini – XX əsrə məxsus “Dörd fəsil” mövzusunda işlənmiş Təbriz xalçası, XIX  əsrə aid “Xosrov və Şirin”, Nizami Gəncəvinin “Xəmsə”si əsasında 1939-1941-ci illərdə Bakıda toxunmuş xalçalar və digərlərini böyük zövqlə  seyr ediblər.

Muzeyin rəylər və təəssüratlar kitabında isə İslamdan öncə və sonrakı Azərbaycanla tanış olduqlarını, həmçinin İslam sivilizasiyası ilə bağlı vacib, mühüm məlumatlardan bəhrələndiklərini qeyd ediblər. Ölkəmizin zəngin tarixi və ədəbiyyatı ilə yaxından tanış olduqları üçün məmnunluqlarını ifadə edən qonaqlar həm muzeyi quranlara və qoruyanlara, həm də doğma dillərində onları müşayiət edən muzey əməkdaşına təşəkkürlərini bildiriblər.

Sonda qonaqlara muzeyin nəşrlərindən “Məhsəti Gəncəvi.Portret-oçerk” (ərəb dilində) və  “Nizami muzeyinin xalçaları”  kitabları təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: