AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov İctimai TV-də canlı yayımlanan “Sabaha saxlamayaq” verilişinin qonağı olub.
O, AMEA-da Qərbi Azərbaycanla bağlı aparılan tədqiqatlar, müxtəlif dillərdə çap olunan nəşrlər, həmçinin Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin beynəlxalq miqyasda təbliği istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, AMEA-nın Rəyasət Heyətinin qərarı ilə akademiyada Qərbi Azərbaycanla bağlı üç şöbə yaradılıb. AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsi, Folklor İnstitutunda Qərbi Azərbaycan folkloru şöbəsi və Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbəsi təşkil olunub. Cəbi Bəhramov rəhbərlik etdiyi Qərbi Azərbaycan tarixi şöbəsində görülən kompleks işlərdən danışıb, iki cildlik “Qərbi Azərbaycan tarixi” fundamental əsərinin nəşrə hazırlandığını deyib.
Cəbi Bəhramov qeyd edib ki, Sovet dövründə İrəvan xanlığı ilə bağlı işıq üzü görmüş kitablarda bəzi təhriflərə yol verilmişdir. Bunun səbəbi həmin dövrdə fəaliyyət göstərən alimlərimizə olan təzyiqlər və mövcud olan senzura idi. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra ömrünün böyük bir qismini İrəvan şəhərində yaşamış qocaman alim, tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov tərəfindən çoxsaylı əsərlər yazılmağa başlanmışdır. O, həmçinin Azərbaycan həqiqətlərini, tarixi fakt və hadisələri düzgün şəkildə təqdim etdiklərinə görə zaman-zaman tarixçi alimlər - akademik Ziya Bünyadovun, dövlət xadimi Nazim Hacıyevin və digərlərinin sui-qəsdə məruz qaldığını söyləyib.
Verilişdə müxtəlif vaxtlarda Qərbi Azərbaycandan, indiki Ermənistandan kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsindən, Qərbi Azərbaycana qayıdışa dair hədəflərdən və məsələnin tarixi və hüquqi tərəflərindən bəhs edilib. Bundan başqa, Ermənistan ərazisində Azərbaycan xalqının tarixiliyinə dəlalət edən abidələrin, zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv edilməsinin qarşısının alınması üçün Azərbaycan dövlətinin və cəmiyyətinin görməli olduğu işlərdən danışılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.