Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğil Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.
Qonağı Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov qarşılayıb. Görüş zamanı akademik Rafael Hüseynov Əlcəzair dövləti ilə Azərbaycan arasında ədəbi əlaqələrin yaranmasından danışıb, Əlcəzair Xalq demokratik Respublikasının 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu qeyd edib. Həmçinin akademik Rafael Hüseynov bu il qarşılıqlı hörmət və etimada əsaslanan dövlətlərimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu və dostluq əlaqələrinin, birgə əməkdaşlığın davamlı olacağını söyləyib.
Akademik Rafael Hüseynov bildirib ki, Azərbaycan şeiri Əlcəzair dilində Əlcəzair poeziyası Azərbaycan dilində kitabların nəşri ilə bağlı müştərək layihə üzərində iş birliyi düşünülür. Yaxın gələcəkdə bu kitabların təqdimatının muzeydə təşkili və Əlcəzairdə fəaliyyət göstərən muzeylərlə Nizami Muzeyi arasında əlaqələrin yaradılması nəzərdə tutulub. Daha sonra “Kəsişən ədəbi dəyərlər və ədəbi-mədəni abidələr” mövzusunda sərgilərin və konfransların da keçirilməsi planlaşdırılır.
Xanım Zəkiyyə İğil qeyd edib ki, tarixi hadisələrin dəyişməsinə və neçə əsr keçməsinə baxmayaraq, bu muzeydə İslam mədəniyyətinə məxsus nümunələri görmək və elmi səviyyədə təqdimatını dinləmək ona xoş təsir bağışlayıb.
Səfir xanım Zəkiyyə İğili muzeyin ekspozisiyası ilə Beynəlxalq əlaqələr və dünya muzeyləri şöbəsinin müdiri, kulturologiya üzrə fəlsəfə doktoru Nailə Əliyeva tanış edib.
Muzeyin ekspozisiyası ilə tanış olan xanım Zəkiyyə İğil rəylər və təəssüratlar kitabında Bakıya gəldiyi gündən buranın zəngin tarixi və mədəniyyətinin onda dərin iz buraxdığını, eləcə də ədəbiyyat muzeyinə səfərindən böyük zövq aldığını qeyd edib.
Sonda Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Mujzeyinin direktoru akademik Rafael Hüseynov xanım Zəkiyyə İğilə müəllifi olduğu ərəb dilində “Məhsəti Gəncəvi. Portret-oçerk”, ingilis dilində “Şirvan şairləri” kitablarını və “Söz məbədi” bukletini hədiyyə edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.