Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun kollektivi Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları ilə birlikdə “Ruzgar” Ekoloji İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası QHT-ə Dövlət Dəstəyi Agentliyinin COP29 pavliyonunda təşkil etdiyi “Azərbaycan ərazisinə transsərhəd ekoloji təsirlər” mövzusunda paneldə iştirak ediblər.
Paneli giriş sözü ilə açan AMEA-nın müxbir üzvü İslam Mustafayev ölkəmizə müxtəlif yollarla daxil olan çirkləndiricilərin yaratdığı risklər və onların idarə olunmasının vacibliyindən bəhs edib. Sonra o, transsərhəd kontekstdə Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Espoo Konvensiyasının əsas öhdəlikləri haqqında müddəaları sadalayıb.
Coğrafiya üzrə PhD Rövşən Kərimov “Transsərhəd çaylarla Azərbaycan ərazisinə çirkləndiricilərin daxil olması” adlı məruzə edib və əsasən Kür və Araz çayları vasitəsilə Azərbaycana qonşu ölkələrdən daxil olan çirklənmələr və onlardan yaranan risklərin idarə olunması haqqında danışdı. Professor Müslüm Qurbanov “Regionda Radiasiya təhlükəsizliyi üzrə vəziyyət. Metsamor AES-in ətraf mühitə təsiri” mövzusunda məruzə etdi. O öz məruzəsində Azərbaycan ərazini əhatə edən ölkələrdə yeni nüvə qurğularının yaradılması və bunun regionun radiasiya təhlükəsizliyinə təsir etdiyini söylədi. O, xüsusilə istismar vaxtı keçmiş nasaz Metsamor atom-elektrik stansiyasının region üçün yaratdığı radiasiya risklərindən bəhs etdi. Kimya üzrə fəlsəfə doktoru Sadiq Həsənov “Sututarlarının plastik tullantılarla transsərhəd çirklənməsi” adlı məruzə ilə çıxış etdi və göstərdi ki, plastik tullantılarla ətraf mühitin, xüsusilə su tutarlarının çirklənməsi insan sağlamlığı və ümumilikdə ekosfer üçün ciddi problemlər yaradır. Müzakirələrdə professorlar Elimxan Cəfərov və Xaqani Məmmədov çıxış etmiş, iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.