Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.11.2024 10:42
  • A-
  • A
  • A+

Akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 120 illiyi qeyd edilib

Akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 120 illiyi qeyd edilib

Beynəlxalq Muğam Mərkəzində görkəmli ədəbiyyatşünas-alim, tərcüməçi, pedaqoq, nasir, ictimai xadim, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Arif Dadaşzadənin anadan olmasının 120 illiyinə həsr olunmuş “Ədəbi üfüqlərdə” adlı bədii-musiqili gecə keçirilib.

Gecəyə akademik Məmməd Arif Dadaşzadənin ömür yoluna nəzər salan videomaterialın nümayişi ilə başlanılıb.

Tədbirin ssenari müəllifi Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə alimin zəngin yaradıcılığından danışıb.

Azadə Əsgərzadənin aparıcılığı ilə davam edən mərasimdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov və başqaları çıxış edərək bildiriblər ki, dəyərli ziyalı, bütöv bir şəxsiyyət olan Məmməd Arif Azərbaycan ədəbiyyatının və ədəbi dilinin inkişafına böyük töhfələr verib. Məmməd Arif Azərbaycan ədəbiyyatı tarixi tədqiqinin əsasını qoyan alimlərdəndir. Bədii söz tariximizin araşdırılması konsepsiyasının işlənib hazırlanmasında onun önəmli rolu vardır. O, ikicildlik “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”, üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”, ikicildlik “Azərbaycan sovet ədəbiyyatı tarixi” kimi mühüm tədqiqatların müəlliflərindən və baş redaktorlarından biridir. Alimin “Azərbaycan xalqının ədəbiyyatı” kitabı ingilis, fars, rus, bolqar dillərində, “Азербайджанская литература” monoqrafiyası Moskvada çap olunub.

Diqqətə çatdırılıb ki, akademik Məmməd Arif Dadaşzadənin səlis, lakonik Azərbaycan ədəbi dilində yazdığı dərsliklər, monoqrafiyalar, ədəbi-bədii əsərlər gənc nəslin formalaşmasına, bu tərzdə danışmasına, ritorikasına böyük təsir göstərib. O, elmdə konyukturanı sevməzdi. Daim gənc kadrlara kömək edər, diqqət və qayğı göstərərdi. Kim olursa olsun, hətta qohum, tanış olsun - elmdə piyadadırsa, onu yaxın buraxmazdı. Bu, onun ədalətli, vicdanlı olmasına dəlalət edirdi.

Çıxışlarda görkəmli alimin XX əsr Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətləri vurğulanıb. Bildirilib ki, Məmməd Arif Dadaşzadənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranmasında, təşəkkülündə, strukturunun və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rolu olub. Alim yenilikçi mövqeyi ilə Azərbaycan ədəbiyyatşünaslığında silinməz izlər qoyub. Onun XX əsr Azərbaycan dramaturgiyasının əsas yaradıcılarından biri olan Cəfər Cabbarlıya həsr olunmuş monoqrafiyası genişhəcmli elmi əsərlər sırasında xüsusi çəkiyə malikdir. Həmçinin akademik Məmməd Arif Dadaşzadənin “Səməd Vurğunun dramaturgiyası” adlı monoqrafiyası Xalq şairinin yaradıcılığının monoqrafik miqyasda öyrənilməsində etibarlı elmi bələdçidir.

Qeyd olunub ki, Məmməd Arif Dadaşzadə 1938-ci ildən Ədəbiyyat İnstitutunda fəaliyyətə başlayıb, həmin ildən şöbə müdiri, 1939-cu ilin yanvar-sentyabr aylarında direktor müavini vəzifələrində işləyib, iki dəfə bu elm ocağının direktoru seçilib. O, 1960-cı ildən ömrünün sonunadək Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib. Ədəbi fəaliyyətə 1923-cü ildə “Molla Nəsrəddin” məcmuəsi səhifələrində çıxan “Bədgümanam”, “Mərsiyə xəbərləri” felyetonları ilə başlayıb. 1920-1930-cu illərdə mətbuatda şeir və hekayələrlə çıxış edib. Ədibin “Yurdsuz cocuqlar”, “Son bahar təranələri”, “Brodskinin boyaları”, “Təyyarə və mən”, “İki nəşədən biri”, “Həvəs” şeirləri, “Son izdivac”, “Arakəsmə”, “Mal həkimi”, “Tar çalınır” hekayələri müxtəlif qəzet və jurnallarda işıq üzü görüb və maraqla qarşılanıb.

Bildirilib ki, bədii yaradıcılıqla yanaşı, müntəzəm olaraq Məmməd Arif dünya klassiklərinin əsərlərindən bədii tərcümələr edib. Azərbaycan oxucuları rus ədəbiyyatının korifeylərindən L.Tolstoyun "Hərb və sülh", N.Ostrovskinin "Polad necə bərkidi", M.Qorkinin "Dankonun ürəyi", "Makar Çudra", dünya ədəbiyyatından M.Servantesin "Don Kixot" və s. kimi bədii əsərlərini Məmməd Arifin tərcüməsində oxuyur.

Yubiley tədbirində, həmçinin bədii-musiqili proqram təqdim olunub.

Tədbir boyunca gecəni Əməkdar incəsənət xadimi Gülarə Əliyeva adına "Dan ulduzu" instrumental ansamblı müşayiət edib.

Sonda görkəmli alimin nəvələri Zümrüd və Aqşin Dadaşzadələr babalarının xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürlərini bildiriblər.

AzərTac

  • Paylaş: