Dünya tarixində bəşəriyyətin “ulduzlu anları” anlayışı var. Bunlar müxtəlif xalqların və bölgələrin, bəzən isə bütün dünyanın tarixini kökündən dəyişən hadisələrdir.
M.K.Atatürk, F.Ruzvelt, V.Çörçill, Ş.De Qoll və digər böyük dövlət xadimlərinin dünyaya gəlməsini bəşəriyyətin “ulduzlu anları” kimi qəbul etmək olar. Bir millət və ya dövlət üçün önəmli anların nə vaxt gələcəyini proqnozlaşdırmaq çətindir, hətta mümkün deyil. Çünki bu, tarixin tələbidir. Yalnız konkret hadisə ilə bağlı tarix bəşəriyyətin “ulduzlu anları”nın yerini müəyyən edə bilər. Çünki təbiətdə nə gözəllik, nə də güc baxımından tarixlə müqayisə oluna biləcək qüvvə və ya hadisə yoxdur. Bu, dünyanın müxtəlif xalqlarının taleyini müəyyən edən tarixin gözəlliyi və gücüdür.
***
XX əsrin 20-ci illərində ölkəmizin və xalqımızın taleyini və gələcəyini müəyyən edən “ulduzlu an” adlandırıla biləcək bir hadisə baş verdi. 1923-cü il mayın 10-da Naxçıvanda dəmiryolçu Əlirza Əliyevin ailəsində Heydər adlı oğlan uşağı dünyaya gəldi. O zaman nə Əliyevlər ailəsi, nə də yaxın ətrafı sonralar bütün dünyanın tanıyacağı və haqqında danışacağı bir insanın doğulduğunu təsəvvür edə bilərdi. Həmin oğlan uşağının taleyinə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinə, sonra Sovet Azərbaycanına rəhbərlik etmək, daha sonra SSRİ MK Siyasi Bürosunun üzvü seçilmək, dünyanın ən böyük dövlətinin liderlərindən birinə çevrilmək, ömrünün sonlarına yaxın isə müstəqil Azərbaycanın Prezidenti olmaq yazılıbmış.
1967-ci ildə azərbaycanlı Heydər Əliyev Azərbaycan SSR DTK-sının sədri təyin edildi. Buna qədər sovet respublikalarının heç birində bu posta milli kadr təyin edilməmişdi. Bu, kommunist rejiminin əsas prinsiplərindən biri idi. Onun şəxsiyyəti o qədər parlaq idi ki, hətta, SSRİ kimi güclü kommunist rejimi özünün əsas prinsipindən geri çəkildi.
Sonralar Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosunun üzvü seçildi və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini təyin olundu. O, Sovet İttifaqı hökumətinin rəhbərlərindən biri kimi ən çətin sahələrə – sənaye, nəqliyyat, elm və təhsil, səhiyyə və digər sahələrə nəzarət edirdi. Sov. İKP MK Siyasi Bürosunun bütün tarixində 170-ə yaxın üzvü olub. Onların cəmi bir neçəsi Siyasi Bürodan uzaqlaşdırıldıqdan sonra böyük siyasətə qayıda bilib. Bunlardan biri də Heydər Əliyev idi. 1987-ci ildə Siyasi Bürodan uzaqlaşdırılan Ulu öndər 1991-ci
ildə Naxçıvana qayıtdı, muxtar respublikanın Ali Sovetinə, sonra Azərbaycan Parlamentinə rəhbərlik etdi. Daha sonra müstəqil Azərbaycanın Prezidenti seçildi.
Onun fəaliyyətinin miqyası geniş və heyrətamiz idi. ABŞ Prezidenti Bill Klinton ümummilli lider haqqında demişdir: “Heydər Əliyev o qədər güclü və irimiqyaslı şəxsiyyətdir ki, ən böyük dövlətləri və gücləri idarə edə bilər”. Sovet dövrünün tarixçilərinin etirafına görə, Heydər Əliyevin seçilməsi ilə Siyasi Büroda təbəssümlər, zövqlə seçilmiş geyimlər, ən əsası isə konstruktiv xarakter daşıyan mənalı çıxışlar yarandı. Onun çıxışları dərin məzmunlu, qərarları isə məntiqi dərinliyi ilə seçilirdi.
Heydər Əliyev iki dəfə Azərbaycanın rəhbəri oldu. Hər dəfə də möcüzə göstərdi. 1969-cu ildə hakimiyyətə gələndə Azərbaycanın SSRİ-nin aparıcı respublikalarından birinə çevrilməsinə nail oldu. 1993-cü ildə müstəqil Azərbaycanın rəhbəri seçiləndə ölkə vətəndaş müharibəsi astanasında idi. Ermənistanın təcavüzü, qaçqınlar, dağılmış iqtisadiyyat, çörək növbələri. İnsanlar aylarla maaş almırdılar. Ancaq, o, bir möcüzə yaratdı. Müharibə dayandırıldı. Bəzi ölkələrin təzyiqlərinə baxmayaraq, qlobal əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı. Bu gün onun adını daşıyan Bakı–Tbilisi–Ceyhan neft kəməri çəkildi. Azərbaycanın iqtisadiyyatı yüksəldi və ən əsası Heydər Əliyev xalqa öz inamını qaytardı.
Azərbaycan xalqı dünyanın liderlər xəzinəsinə parlaq şəxsiyyəti – Heydər Əliyevi verdi. Bu, onun hər bir azərbaycanlıya ünvanladığı sözlərdir: “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”.
ABŞ Prezidenti Franklin Ruzvelt böyük depressiyanın çətin illərində Amerika xalqını birləşdirdi və onlara özünəinamı qaytardı. H.Əliyev də xalqın çətin anlarında onun köməyinə gəldi, ölkəsinə sülh və firavanlıq gətirdi. 1995-ci ildə Kopenhagendə Heydər Əliyevin iştirak etdiyi dünya liderlərinin sammiti keçirildi. Bu zaman Bakıda çevriliş hazırlanırdı və Heydər Əliyevin həyatı üçün təhlükə yaranmışdı. Dünya liderləri Heydər Əliyevə Bakıya uçmamağı tövsiyə edirdilər. Amma Heydər Əliyev öz xalqını və dövlətini xilas etmək üçün Azərbaycana yola çıxdı və qorxuya qalib gəldi.
Prezident Şarl de Qollun ordusu və maddi dəstəyi olmadan cəsarəti və qəhrəmanlığı ilə fransızlara itirilmiş qürurunu qaytardı və Fransanın çiçəklənməyə aparan yolunu işıqlandırdı. Heydər Əliyev də Azərbaycan xalqının yaddaşında böyük vətəndaş və bütün azərbaycanlıları birləşdirən parlaq şəxsiyyət kimi qalacaq. O, təkcə Azərbaycana deyil, bütün regiona sülh və iqtisadi inkişaf gətirdi. Onun da nizami ordusu, maddi dəstəyi yox idi. Silahı söz, dəstəyi isə Azərbaycan xalqı oldu. O, xalqı öz gücünə inandırdı. Azərbaycanın gələcəyinin necə olacağı sualına özümüzdən başqa heç kimin cavab verə bilməyəcəyini isbatladı.
1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1937-ci il repressiyasının qurbanı olmuş Azərbaycanın böyük şair-filosofu Hüseyn Cavidin nəşi uzaq Sibirdən Vətəninə gətirildi və Naxçıvanda dəfn edildi. Bu, həm də gənc nəsilə bir mesaj, öz xalqının mənəvi xəzinəsini dəyərləndirməsi və onun uğrunda mübarizə aparmasının bir nümunəsi idi.
Bakıda 26 Bakı komissarının abidəsinin açılış mərasimində Azərbaycan KP MK katiblərindən biri komissarların qəhrəmanlığından alovlu çıxış etdi. Mərasimdən sonra Heydər Əliyev ona dedi: “Bakı komissarlarını belə ucaltmağa ehtiyac yoxdur. Vaxt gələcək onların Azərbaycan xalqına qarşı fəaliyyətinin mənfi cəhətlərinə də işıq salınacaq”.
O, dövlətçiliyi dərindən dərk edən polad kimi əyilməz iradə sahibi idi. Doğrudur, Heydər Əliyev adlı-sanlı məktəblərdə oxumayıb, Avropanın nüfuzlu universitetlərinin məzunu olmayıb. Amma Ulu Tanrı tərəfindən verilən istedadı, dərin biliyi, dəmir məntiqi, analitik qabiliyyəti, fəhmi və özünə inamı ona dünyanın aparıcı liderlərinin ön sırasında olmağa imkan verdi. O, özündə Azərbaycanın zəngin mədəniyyətinə xas ən gözəl keyfiyyətləri daşıyırdı.
Heydər Əliyev müstəqil Azərbaycanı xarabalıqlar içindən qaldırdı, diriltdi. O, bunu özünün İlahi missiyası kimi yerinə yetirdi. Xalqının ən çətin anında qorxuya qalib gələn, hər birimizə ümid bəxş edən, özümüzə inandıran, ləyaqət və cəsarətin canlı əfsanəsi heç zaman unudulmamalıdır. Heydər Əliyev Azərbaycan üçün çox işlər gördü, amma, bir arzusunu ürəyində apardı. O, Ermənistanın işğal etdiyi tarixi torpaqlarımızın nə vaxt azad ediləcəyini, qaçqınların Qarabağa qayıdacağını, orada həyatın qaynayacağını görmək, unudulmaz muğam melodiyasını eşitmək, Azərbaycanı tam şəkildə görmək arzusunda idi. Amma tarix Azərbaycan xalqına dahi şəxsiyyətin arzusunu çin etməyə şərait yaratdı. Onun varisi və yolunun davamçısı Prezident İlham Əliyev 44 günlük müharibədə Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu, XXI əsrin müharibəsi idi. Güclü iqtisadiyyatın, müasir düşüncənin müəyyən etdiyi qabaqcıl texnologiyaların üstünlük təşkil etdiyi müharibə idi.
Bu gün iqtisadi cəhətdən inkişaf etmiş və hərbi sahədə güclənmiş Azərbaycanın bünövrəsini Heydər Əliyev qoydu. Dövlətin və millətin başını uca edən, şərəfini qaldıran Zəfərin memarı isə İlham Əliyevdir. 44 günlük müharibənin nəticəsində Azərbaycanın təkcə ərazi bütövlüyü bərpa olunmadı. Xalqımızın mənəviyyat və mədəniyyət incisi sayılan Şuşa azad olundu. Şuşanın öz sahibinə qaytarılması sadəcə bir şəhərin və ya bir bölgənin azad edilməsi deyildir. Bu, oğurlanmış və taptalanmış şərəfin, xalqa məxsus olan incinin geri alınması, millətin qüruruna vurulan ləkənin təmizlənməsi idi.
Bu hadisəni bəşəriyyətin “ulduzlu anları”ndan biri hesab edə bilərik. Bu gün doğma Qarabağımızda böyük bərpa-quruculuq işləri aparılır. Azərbaycanın dilbər guşəsinə onun əvvəlki gözəlliyi qaytarılır. Bu işdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın xidmətlərini ayrıca qeyd etmək lazımdır.
Burada belə bir sual yarandı: Azərbaycanın bugünkü uğurlarını hansı amillər şərtləndirdi? İqtisadi güc, dərin intellekt, yoxsa müasir düşüncə? Cavab bunların vəhdətidir. Bütün bunlara, eləcə də Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik prinsiplərinə arxalanaraq, Azərbaycanı regionun aparıcı, sürətlə inkişaf edən, hərbi cəhətdən güclü dövlətinə çevirən Prezident İlham Əliyevin danılmaz xidmətlərini qeyd etməmək mümkün deyil. O, məhz Heydər Əliyevə xas diplomatik fəhmi, xüsusi istedadı və müdrikliyi ilə seçilir. Qazandığı uğurların təməlində bu keyfiyyətlər dayanır.
2019-cu ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) 75 illik yubileyini qeyd edirdi. Çıxışların birində bildirildi ki, 75 il ərzində dünyanın müxtəlif yerlərindən yarım milyona yaxın istedadlı gənc bu mötəbər ali məktəbi bitirib. Amma onlardan yalnız biri ən yüksək vəzifəyə layiq görülərək ölkə prezidenti seçilib. Bu missiyanı öz üzərinə götürən və onu şərəflə yerinə yetirən Azərbaycan Prezidenti İlham Əliyevdir. Bu, dövlət başçımızın ünvanına deyilən tərif yox, onun diplomatik uğurunun etirafı idi. Hər bir azərbaycanlını qürur hissi bürüyür ki, məhz bizim Prezidentimiz planetin müxtəlif guşələrindən olan yarım milyon istedadlı tələbənin arasında ən parlaq siyasi-akademik nəticəyə nail olub. Bu nəticə özündə müasir Azərbaycanın uğurlarını təcəssüm etdirir. 2003-cü il dekabrın 12-də, Heydər Əliyevin dəfn olunduğu günü heç kim insanları paytaxt küçələrinə çağırmamışdı. Azərbaycanın müxtəlif guşələrindən gəlmiş insanlar Bakının küçələrində əl-ələ verib, göz yaşları ilə xalqın layiqli oğlunu, görkəmli şəxsiyyətini, böyük Vətəndaşını səssizcə son mənzilə yola salırdılar. O gün bütün dünya azərbaycanlıları da Ulu öndərə öz ehtiramlarını bildirirdilər.
Bu gün Heydər Əliyevin ruhu ölkəmizi gəzir, ərazi bütövlüyü, suverenliyi bərpa olunmuş Vətəninin çiçəklənən bölgələrini görüb sevinir, qürur duyur. İllər keçəçək, nəsillər dəyişəcək, əsası Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan daha böyük uğurlara imza atacaq. Onun bugünkü və gələcək nəaliyyətlərinə sevinən Heydər Əliyevin əbədi ruhu yenə də Azərbaycan xalqına özünün xeyir-duasını verəcək.
Asəf HACIYEV, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin baş katibi, akademik