Məlumdur ki, hər bir elmin müstəqil elm sahəsi kimi formalaşması üçün onun özünəməxsus metodoloji əsaslar olmalıdır. Psixologiyanın obyekti insan olduğundan, o, öz predmetinə yanaşma tərzinə görə müxtəlif metodoloji yanaşmalardan istifadə edir. İnsanı öyrənməyin ən başlıca metodoloji əsası rasional yanaşmadır. Psixologiyanın görkəmli alimi prof. E.A.Klimov peşələri insan əməyinin predmetləri olaraq bölürdü: məs: “İnsan - əmək predmeti insandır”.
Gənclik dövründə şəxsiyyət biososial-psixoloji varlıq kimi formalaşır, onlarda məsuliyyətli davranış formaları təşəkkül tapır. Gənclik dövrü sosial-psixoloji varlıq kimi formalaşmaqda olan nəslin inkişafında mühüm mərhələni təşkil edir.
Gənclərin fəaliyyətinin psixoloji təhlili aşkar edir ki, Prezident İlham Əliyev son 22 ildə gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir.
Respublikamızda dövlət gənclər siyasətinin müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait yaradılıb və bu sahədə mühüm nəticələrə nail olunub. 1997-ci ildə Ulu Öndər fevralın 2-ni Gənclər Günü elan etdi və həmin tarix qəlbi qurub-yaratmaq eşqi ilə döyünən hər bir Azərbaycan gəncinin Vətən qarşısında hesabat günü oldu.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də hər zaman fəaliyyətində gənclərlə iş məsələsinə çox həssaslıqla yanaşır, müstəqil Azərbaycan dövlətinin bugünün və gələcəyinin əsas sosial qüvvəsi olan müasir gəncliyin vətənpərvər ruhda yetişməsi üçün nə lazımdırsa edir.
Dövlət gənclər siyasətini prioritet istiqamət kimi diqqət mərkəzində saxlamaqla, gəncliyin cəmiyyətin inkişafında sosial təbəqəyə çevrilməsinə, sosial-iqtisadi sahələrdə uğurlar əldə etməsinə, islahatların gerçəkləşdirilməsi prosesinə qoşulmasına dəstək verir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan ümidinin rəhnidir. Gənclər cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsi, ideyaların gələcəyə ötürülmə qüvvəsidir.
Bu gün gənclərimiz müxtəlif siyasi və qeyri-hökumət təşkilatlarında uğurlu fəaliyyətləri ilə seçilirlər. Təmsil etdiyim Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir ki, onların 40 faizdən çoxu gənclərdir. Yəni bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq.
Prezident İlham Əliyevin “Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm”, - sözləri əslində Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir.
Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Ötən dövr ərzində adıçəkilən strategiya və proqram gənclər siyasətinin səmərəli həyata keçirilməsində, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılmasında əhəmiyyətli rol oynayıb. Bu, eyni zamanda təhsil sisteminin gücləndirilməsinə, ölkədə elmi potensialın artırılmasına əsaslı şərait yaradıb.
Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə sahib olan gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.
Vətən müharibəsindəki şanlı Zəfərin əldə olunmasında da gənclərin böyük, əvəzedilməz rolu oldu. Qüdrətli Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yazdığı möhtəşəm zəfər tarixində gənclər misilsiz qəhrəmanlıqlar göstərdilər. Bu gün isə Azərbaycan gəncləri işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində fəal iştirak edirlər.
Gənclərin sosial fəallığı, həyat mövqeyi strateji əhəmiyyətə malik olub, gələcəyə yönəlməklə səciyyələnir. Azərbaycan gəncləri özlərinin həyat yolunu seçərək, gələcək yolunu göstərən Prezidentinin, Ali Baş Komandan İlham Əliyevin ardınca gedir. Çünki onlar bu yola inanırlar.
Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.