2025-ci il fevral ayının 1-də kimya elminin tanınmış simalarından olan görkəmli alim, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü, Əməkdar elm xadimi, akademik Fuad Yusif oğlu Əliyevin 75 yaşı tamam olur.
Görkəmli alimin necə böyük intellektə sahib olduğunu bilmək üçün onun keçdiyi şərəfli həyat yoluna və elmi-təşkilati fəaliyyətinə nəzər yetirmək kifayətdir. Fuad müəllim ömrünün böyük bir dönəmini AMEA-nın Gəncə Bölməsinə həsr edib və bunu həyatının mənası sayıb. Bölmə sədri vəzifəsinədək şərəfli həyat yolu keçmiş alimin tərcümeyi-halı istedadlı, zəhmətsevər ziyalılar və gələcək nəsillər üçün bir örnəkdir.
Akademik Fuad Əliyev 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmiş, 1981-ci ildə kimya üzrə fəlsəfə doktoru, 1992-ci ildə kimya elmləri doktoru elmi dərəcəsini almışdır. O, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.
Məlumdur ki, təşkilatçılıq və rəhbərlik bacarığı qazanılan keyfiyyətlərdir. Biliklər kimi buna da yiyələnmək, onu inkişaf etdirmək fərdin daxili qüvvəsindən, imkanlarından asılıdır. Bu baxımdan çox gənc yaşından 1981-ci ildə AMEA Rəyasət Heyətinin qərarı ilə yaradılmış Kirovabad Elmi Mərkəzinə rəhbər təyin edilmiş Fuad Əliyev rəhbərlik etdiyi Mərkəzdə öz işini işgüzar, səmimi münasibətlər formalaşdırmaq, ədalət, bərabərlik, qarşılıqlı hörmət və s. kimi müsbət etik tələblər çərçivəsində qurmaqla artıq bu gün ziyalı kontingentin çalışdığı kollektivi idarə etmək üçün böyük təcrübə qazanmışdır. İndi onun rəhbərlik etdiyi AMEA-nın Gəncə Bölməsində elmi mühit və ilk növbədə, etik, işgüzar münasibətlər diqqəti cəlb edir.
Respublikamızın Qərb bölgəsinin elmi istiqamətlərini nəzərə alaraq texniki, ictimai və humanitar elmlər sahəsində yeni elmi istiqamətlərin müəyyən olunmasında əvəzsiz xidmətləri olan F.Əliyevin rəhbərliyi ilə 1982-ci ildə “İctimai elmlər” şöbəsi və onun nəzdində “Azərbaycan ədəbiyyatı”, “Xalq yaradıcılığı və etnoqrafiya”, “İqtisadi araşdırmalar sektorları”, 1983-cü ildə “Təbii sərvətlər və ekologiya”, 1984-cü ildə “Avtomatik idarəetmə sistemləri” şöbəsi, 1985-ci ildə Xalqlar Dostluğu Muzeyi, 1995-ci ildə “Təbii boyaqlar və farmakologiya”, 2003-cü ildə “Biotexnologiya və təbii sərvətlər”, 2005-ci ildə isə “Davamlı inkişaf və ekoloji monitorinq” laboratoriyaları, 2008-ci ildə “Nizamişünaslıq”, “Arxeologiya və etnoqrafiya” şöbələri yaradılmışdır.
Bu illər ərzində Azərbaycan Elmlər Akademiyasının Gəncə Elm Mərkəzi gənc və istedadlı kadrlarla, müasir avadanlıqlarla və cihazlarla təmin edilmiş və respublikanın qabaqcıl elm ocaqlarından birinə çevrilmişdir.
Qərb bölgəsində aparılan elmi tədqiqat işlərinin koordinasiyası, regionun sosial-iqtisadi inkişafı, Dövlət proqramlarının həyata keçirilməsinin elmi əsaslarla tədqiqi və kadr hazırlığı məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam əsasında (2012) Gəncə Regional Elmi Mərkəzin bazasında Gəncə Bölməsi təsis edilmiş və onun tərkibində Ekologiya və Təbii Ehtiyatlar, Bioresurslar, Aqrar Problemlər, Humanitar Tədqiqatlar, Diyarşünaslıq İnstitutları, eyni zamanda Nizami Gəncəvi Mərkəzi və Nəbatat Bağı yaradılmışdır.
Akademik Fuad Əliyevin rəhbərliyi ilə Gəncə Bölməsində 2012-ci ildə mühüm elmi məsələlərin sürətli həlli məqsədilə GRİD texnologiyalarından istifadə üçün şəbəkə, 2014-cü ildə qərb bölgəsində çalışan universitet, elmi tədqiqat institutlarının dissertantları, doktorantları informatika fənnindən distant olaraq təhsil almaları üçün Distant Tədris Mərkəzi, 2017-ci ildə regionun təbii resurslarının, yerin fiziki sahələrinin və geoloji quruluşunun, alternativ enerji mənbələrinin, seysmo-geodinamik şəraitin və geoloji təhlükələrin tədqiq olunması məqsədilə “Yer fizikası” şöbəsi, Bölmənin ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətinin daha da təkmilləşdirilməsi, elmin informasiya təminatının gücləndirilməsi istiqamətində “İctimaiyyətlə əlaqələr” şöbəsi, 2023-cü ildə “Beynəlxalq əlaqələr” şöbəsi, 2024-cü ildə “Heydər Əliyev” və “Əlişir Nəvai adına Özbək dili və Mədəniyyəti Mərkəzi” yaradılmışdır.
Akademik Fuad Əliyev 2012-ci ildə yeni yaradılan AMEA-nın Gəncə Bölməsinin akademik-katibi, 2014-2024-cü illərdə AMEA Rəyasət Heyətinin üzvü, 2015 və 2023-cü illərdə AMEA-nın Gəncə Bölməsinin sədri vəzifəsinə seçilmişdir.
Fuad Əliyev həmişə çalışır ki, Bölmənin əməkdaşları öz üzərlərində işləsinlər, bilik və savadlarını, beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda elmi nəşrlərinin sayını artırsınlar.
Akademik Fuad Əliyevin həyata keçirdiyi elmi-tədqiqat işi günümüzün ən vacib istiqamətlərindən biri olan, daima inkişaf edən maşın və mexanizmlərin daha keyfiyyətli və ekoloji nöqteyi-nəzərdən təmiz sürtkü yağları ilə təmin olunması məqsədilə, yeni növ aşqarların alınması üçün yeni sintez üsullarının tədqiqi olmuşdur.
Mərhum akademik Əli Quliyevin rəhbərliyi altında yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz, iqtisadi cəhətdən sərfəli, texnoloji tərəfdən sadə aşqarların istehsalı sahəsində tədqiqatlar aparmışdır.
Fuad Əliyevin çalışdığı sahə yeni sintez olunmuş və analoqu olmayan kükürd üzvi birləşmələrin aşqarlar kimi müxtəlif xassələrə malik sürtkü yağlarının alınmasında istifadə olunmasıdır.
Yeni növ sürtkü yağlarının alınması, onların maşın və avadanlıqlarda yeyilməyə, siyrilməyə və korroziyaya qarşı xüsusiyyətləri araşdırılmış, həmçinin biosid xassələri tədqiq edilmişdir.
Bu məqsədlə tərkibində elementar kükürd, müxtəlif hetro atomlar və müxtəlif funksional qruplar saxlayan üzvi birləşmələr: qeyri-simmetrik disulfidlər, ksantoqenatlar, diamino-karbonatlar sinfinə aid birləşmələr sintez edilmişdir.
Müxtəlif quruluşa malik birləşmələrin sintez olunmasında məqsəd onların quruluşunda olan müxtəlif funksional qrupların, hetro atomların yeni alınmış maddələrin xassələrinə təsirinin öyrənilməsini, bunların isə öz növbəsində sürtkü yağlarının keyfiyyətinə göstərə biləcəyi xassələrinin öyrənilməsidir.
Elmi-tədqiqat işinin müsbət cəhətlərindən biri odur ki, ədəbiyyatda az istifadə edilən qeyri-simmetrik disulfidlər yeni üsulla, yəni elementar kükürdün, tiolyatların və hallogen saxlayan birləşmələrin iştirakı ilə sintez edilmiş və özündən əvvəlki üsullara nisbətən daha sadə, ekoloji cəhətdən daha təmiz, iqtisadi cəhətdən daha səmərəlidir. Bu üsulla müxtəlif siniflərə aid 100-ə yaxın qeyri-simmetrik sulfidlər sintez edilmişdir.
Bu üsulla, yəni elementar kükürddən istifadə etməklə, xlorasetefenon və ya xlorbenzoaldehidin aminlərə təsiri ilə müxtəlif qurluşa malik tioamidlər, ksantogenat və ditiokarbomat turşularının törəmələri sintez edilmişdir.
Elementar kükürd və müxtəlif merkaptanlar, ksantogenat, ditikarbomat turşuları əsasında, yeni hazırlanmış üsulla sintez olunan birləşmələr sürtgü yağlarının keyfiyyətinin yaxşılaşdırılması istiqamətində hərtərəfli tədqiq olunmuşdur. Alınmış birləşmələr arasında mühərrik transmissiya və hidrovlik yağlar üçün komnozisiyalar hazırlanmışdır ki, bunlar da Dövlət standartlarına uyğun olaraq sınaqdan çıxarılmış və öz keyfiyyətlərinə görə sənayedə tətbiq olunanlardan üstün olmuşlar.
Sintez olunmuş birləşmələr əsasında hazırlanmış kompozisiyalar yağların korroziyaya, didilməyə və yeyilməyə qarşı davamlılığını Dövlət standartlarına uyğun olaraq sınaqdan çıxarılmışdır. Əsas olaraq TB-20 və M-11 yağlarından istifadə olunmuşdur.
Sintez olunmuş aşqarların daha ətraflı öyrənilməsi məqsədi ilə onların termostabilliyi, antioksidləşmə, yeyilmə və siyrilməyə qarşı xassələri, onların temperatur, rütubət və müxtəlif təsirlər şəraitində istifadə olunması, uzun müddət saxnıldıqda bir sıra bakteriya və göbələklərin mənfi təsiri ilə biozədələnməyə qarşı davamlılıq xassələri təyin edilmişdir.
Sintez olunan birləşmələrin tərkibində müxtəlif funksional qruplar və hetroatomlarla yanaşı kükürd atomunun da iştirak etməsi bu birləşmələrin bir çox dərman preparatlarının tərkibinə daxil olmasına səbəb olmuşdur.
İpək qurdlarının yeni növlərinin yetişdirilməsində və onlarda mövcud olan bəzi xəstəliklərin (sarılıq, çoxlost və s.) müalicə olunmasında, dezinfeksiya işlərində sulfidlər, ksantoqenatlar və ditio karbamatlardan geniş istifadə edilmiş, yüksək nəticələr əldə edilmişdir.
Kükürd üzvi birləşmələrin müxtəlif siniflərinin bir sıra istiqamətlərdə öyrənilməsi nəticəsində onların içərisindən bir neçəsi seçilərək yeni sürtgü yağları hazırlanmış və onların yüksək effektliyi Ümumittifaq elmi-tədiqiqat neft ayırma, avtomobil və avtomühərrik elmi-tədqiqat institutlarının sınaq məntəqələrində tədqiq edilmiş və istehsalat üçün tövsiyə olunmuşdur.
Fuad Əliyev bir neçə elmi istiqamətlərdə tədqiqat işlərinin aparılması ideyasını irəli sürüb və onun rəhbərliyi ilə Respublikamızın sosial-iqtisadi inkişafında böyük əhəmiyyət kəsb edən bir neçə elmi tədqiqat işləri: kübrələrin dənəvərləşdirilməsi, kükürd qazlarından elementar kükürdün alınması, Naftalan nefti tullantılarından bioloji-aktiv maddələrin ayrılması, sənaye tullantılarından müxtəlif tikinti materiallarının alınması texnologiyaları işlənib hazırlanmış və bəzilərinin: yuyucu tozların, kərpic və boyaq istehsalı Texniki Təchizat Komitəsi nəzdində yaradılmışdır.
Dünyada yeganə olan Naftalan neftini və tullantılarını kanserogen birləşmələrdən təmizləmək məqsədilə yerli xammallar əsasında yeni tərkibli adsorbentlər hazırlanmış, adsorbsiya xüsusiyyətləri öyrənilmiş, tibbdə, kosmetologiyada və baytarlıqda tətbiq edilmişdir. Tətbiq edilən üsul iqtisadi cəhətdən səmərəlidir. Çünki, xaricdən gətirilən materiallardan istifadə olunurdu ki, bu da çox baha başa gəlirdi.
Qərb bölgəsində ekoloji problemlərin araşdırılması, sənaye tullantılarının pasportlaşdırılması və təkrar emalı sahələrində əhəmiyyətli tədqiqatlar aparılmış, boyaq emalı, tikinti materialları və məişət kimyası sahəsində istehsal sahələri yaradılmışdır.
Akademik Fuad Əliyevin rəhbərliyi ilə gil-torpaq istehsalında yaranan tullantılardan yeni texnoloji üsulla boyaq materiallarının və alüminium zəyinin alınması tədqiq edilmişdir və Texniki Təchizat Komitəsində Boyaq-emalı zavodu uzun müddət fəaliyyət göstərmişdir.
Milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğ edilməsinə və gələcək nəsillərə çatdırılmasına böyük önəm verən akademik Fuad Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə qısa müddət ərzində Gəncə şəhərində inşa olunmuş yeddi muzeyin şəhərinin tarixini, görkəmli mütəfəkkirlərini, incəsənət əsərlərini əks etdirən arxeoloji və etnoqrafik eksponatlara təmin olunmasında yaxından iştirak etmişdir.
Fuad Əliyevin elmi fəaliyyətinin nəticələri həm neft kimyası elmi istiqamətlərin nəzəri məsələlərinin həllinə, həm də qərb bölgəsində uzun illər toplanıb qalmış tullantıların təkrar emalına həsr edilmişdir.
Akademik Azərbaycan kimya elmini xarici ölkələrdə yüksək səviyyədə, layiqincə təmsil etmiş, beynəlxalq və ümumittifaq elmi konfrans, simpozium və seminarlarda məruzələrlə çıxış etmiş, bir sıra beynəlxalq konfransın təşkilat komitəsinin üzvü olmuşdur.
Akademik Fuad Əliyevin apardığı çoxşaxəli elmi-tədqiqat işlərinin nəticələri 196 elmi əsərdə, o cümlədən 11 elmi ixtira və 12 monoqrafiyada öz əksini tapmışdır. Onun əsərləri tanınmış yerli və beynəlxalq elmi jurnallarda çap olunmuşdur.
Fuad Əliyev öz fəaliyyətində milli kimyaçı kadrların və alimlərin hazırlanmasına da böyük önəm vermişdir. Onun bilavasitə rəhbərliyi ilə 1 elmlər doktoru və 8 fəlsəfə doktoru dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmişdir.
Fuad Əliyev məhsuldar elmi fəaliyyətlə yanaşı, böyük elmi-təşkilatçılıq işləri də həyata keçirir. Akademik Azərbaycan Milli Elmlər Akademiyasının “Məruzələr”, “Xəbərlər məcmuəsi”, “Elm və həyat” jurnallarının və “Elm” qəzetinin, akad. Y.Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunda nəşr olunan “Processes of Petrochemistry and oil Refining” jurnalının Redaksiya Heyətinin üzvü, 1995-ci ildən AMEA-nın Gəncə Bölməsinin “Xəbərlər məcmuəsi” jurnalının Təbiət və texnika elmləri seriyasının baş redaktorudur.
Akademik Fuad Əliyevin elmi və elmi-təşkilati fəaliyyəti ilə yanaşı, ictimai-siyasi fəaliyyəti də əhatəli olmuşdur. O, 1974-cü ildə Aşqarlar Kimyası İnstitutunun Komsomol Komitə Katibi, Şəhər Xalq Deputatları Sovetinin deputatı (1981-1991), “Ekologiya və təbii sərvətlər” daimi Komissiyasının sədri, Gəncə şəhər Partiya Komitəsi təftiş komissiyasının sədr müavini, Nizami rayon Partiya Komitəsinin büro üzvü, Gəncə şəhər Soveti Rəyasət Heyətinin üzvü (1991-1995) olmuş, 1996-cı ildən Şəhər İcra Hakimiyyəti Kabinetinin üzvü kimi ictimai vəzifələrdə fəaliyyət göstərməkdədir. 1996-cı ildən Gəncə şəhər Ziyalılar Cəmiyyətinin sədri və Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədr müavini olmuş, Azərbaycan Ağsaqqallar Şurası Rəyasət Heyətinin üzvüdür.
Əsl alimin tanınması üçün onun elmi ictimaiyyəti tərəfindən dəyərləndirilməsi vacib şərtlərdəndir. Fuad Əliyevin yüksək səviyyəli elmi və elmi-təşkilati fəaliyyəti dövlət və AMEA rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Akademik 4 dəfə Gəncə şəhər İcra Hakimiyyətinin Fəxri fərmanı və dəfələrlə AMEA Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif edilmiş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2005-ci ildə “Tərəqqi” medalına, 2006-cı ildə “Əməkdar elm xadimi” fəxri adına, 2017-ci ildə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, 2020-ci ildə “Şöhrət” ordeninə layiq görülmüşdür.
2021-ci ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Nizami Gəncəvinin 880 illiyi xatirə nişanı ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilmişdir.
O, elmi mühitin ön sıralarında gedәn, cәmiyyәtin inkişafına öz töhfәsini verәn, zәhmәtә vә axtarışlara üstünlük verәn ziyalılardandır. Çoxillik sәmәrәli elmi-ictimai fәaliyyәti, әldә etdiyi bilik vә tәcrübә akademik Fuad Əliyevin bundan sonra da cәmiyyәtimizә fayda vermәk yollarında inamla xidmәt göstәrәcәyinә işıq salır.
Fuad Əliyev indi də məhsuldar fəaliyyətdədir. Böyük nüfuza malik alim hazırda aşqarlar sahəsində elmi axtarışlarını müasir tələblər səviyyəsində, müstəqil Azərbaycanın maraqlarını nəzərə almaqla perspektivli istiqamətlərdə davam etdirir və bu sahədə sistemli fundamental tədqiqatlar aparır.
Alimin elmi maraq dairəsinin genişliyi və məhsuldar işləmək bacarığı, həssaslığı və xeyirxahlığı, anlamaq və yardımçı olmaq kimi gözəl insani keyfiyyətləri ona Gəncə Bölməsi əməkdaşlarının və ümumiyyətlə, ölkənin geniş elmi ictimaiyyətinin rəğbətini qazandırmışdır.
Fuad Əliyev Azərbaycan ziyalısına xas bütün meyarları özündə dolğun əks etdirən müdrik insandır və Azərbaycanda öz sözü, mövqeyi ilə seçilən şəxsiyyətlərdən biridir. Akademikdən təkcə elmin sirlərini deyil, sadəlik, təvazökarlıq, səmimiyyət, vətənpərvərlik, gələcəyə inam kimi yüksək əxlaqi keyfiyyətlər əxz etməmək mümkün deyil.
Fuad müəllimin ən ali keyfiyyətlərindən biri də Azərbaycan və dünya ədəbiyyatına bağlı insan kimi mütaliəyə daha çox yer ayırmasıdır. Onun ən sevimli məşğuliyyətindən biri çoxlu hikmətli sözlər, aforizmləri yadda saxlamaq və onlardan yerində istifadə etməkdir. Heç bir mübaliğəyə yol vermədən söyləmək olar ki, ensiklopedik biliyə malik olan Fuad Əliyev istedadlı alim və xalqımıza xas zəngin mənəvi keyfiyyətlərin nadir daşıyıcılarındandır.
Bəli, bu il dəyərli akademikin 75 yaşı tamam olur. Fuad müəllimin yaşı üzərinə yaş gəldikcə daha qürurlu, daha məğrur, daha müdrik olur. Onu belə qürurlu edən isə əlbəttə, keçdiyi şərəfli həyat yoludur. Fuad müəllim keçdiyi ömür yolunun zirvəsindən geriyə baxanda qürur hissi keçirir. Çünki arxada ona şərəf gətirən illər görünür.
Təbiətən sadə, təvazökar insan Fuad Əliyev yubiley ərəfəsində də ümumi məqsədə bağlı fəaliyyəti ilə məşğul görünür. Əslində, istər peşəsindən, istərsə də xarakterindən irəli gələrək onun üçün şəxsi maraqlar nəinki ikinci, bəlkə onuncu yerdədir. Başqalarının ən xırda əlamətdar hadisəsini hamıdan əvvəl yada salan, dəyərləndirən görkəmli ziyalı özünün ömür zirvəsinin 75 illik bayramını sanki unudub. Lakin ömür hər insana bir dəfə verildiyi kimi, onun hər ili qeyd edilib xatırlanmalı hadisədir.
AMEA-nın Gəncə Bölməsinin əməkdaşları görkəmli alimimizi yubileyi münasibəti ilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, elmi-təşkilati fəaliyyətində uğurlar arzulayır.
Sara ƏZİZOVA, AMEA-nın Gəncə Bölməsinin elmi işlər üzrə sədr müavini, kimya üzrə fəlsəfə doktoru
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.