Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadədir.
Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 2003-2013-cü illəri necə səciyyələndirərdiniz? Sizin üçün bu dövr daxili və xarici siyasətdə, sosial-iqtisadi sahədə hansı uğurlarla yadda qaldı?- Bildiyiniz kimi, ötən əsrin 90-cı illərin əvvəlləri həm regionda, həm də dünyada olduqca mürəkkəb bir dövr idi. Böyük bir geosiyasi məkanda ölkə həyatının bütün sahələrini total xaos bürümüşdü. Belə xaotik şəraitdə dövlətin daxili və xarici siyasətinin harmoniyasını təmin etmək üçün böyük uzaqgörənlik tələb olunurdu. Məhz belə, olduqca mürəkkəb tarixi dövrdə xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə gələn xalqımızın Ümummilli lideri Heydər Əliyev millətin və dövlətin taleyi ilə bağlı məsuliyyəti öz üzərinə götürdü, Azərbaycanın strateji inkişaf kursunu müəyyənləşdirərək ölkəni tərəqqi yoluna çıxardı. Heydər Əliyev Azərbaycanın güclü suveren dövlətə çevrilməsi üçün əsaslı dövlət quruculuğu konsepsiyası, yetkin siyasi-ideoloji, sosial-mədəni və iqtisadi mexanizmlər hazırladı. Nəticədə azad, demokratik yeni Azərbaycan quruldu.
Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi müddətdə intellektə böyük yer verməklə modern cəmiyyətlərin nəbzini tutduğunu bütün dünyaya nümayiş etdirdi. Çünki hazırkı şəraitdə sosial tərəqqi tempi əsasən hakimiyyətin intellektlə uzlaşdırılması dərəcəsindən asılıdır. Burada hər bir cəmiyyətin keçdiyi tarixi, siyasi, iqtisadi təkamül yolunu nəzərə alaraq intellektual potensialdan maksimum istifadə etmək ideyası vardır. Həmin xüsusiyyət ölkəmiz üçün İlham Əliyevin inteqrativ modernləşmə kursunda öz əksini tapmışdır. Məhz bu kursun həyata keçirilməsi nəticəsində Azərbaycanın qısa zaman ərzində nail olduğu bugünkü inkişafı və gələcəyə doğru hesablanmış hədəfləri beynəlxalq miqyasda maraq doğuran hadisə kimi qiymətləndirilir.
Azərbaycana rəhbərlik edən Prezident İlham Əliyev ilk beşillikdə daxili potensiala əsaslanan modernləşmə mərhələsinə keçid üçün zəruri olan modelin əsasını qoydu. İqtisadiyyatda keçid mərhələsi başa çatdı. 2008-ci ildən başlayaraq cənab prezident Azərbaycanın modernləşməsinin yeni mərhələsini həyata keçirməyə başladı. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi on ildə ölkəmiz regionda iqtisadi cəhətdən aparıcı dövlətə çevrilib. Statistikaya nəzər salsaq görərik ki, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanın payına düşür. İqtisadi sahədə, enerji sahəsində atılan addımlar nəinki ölkənin inkişafını şərtləndirir, regional proseslərə də çox güclü təsir göstərir.
Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib
Ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb və böyük irəliləyişlər əldə edilib. Azərbaycanın bugünkü reallıqlarına nəzər salaraq görmək olar ki, ölkə sözün əsl mənasında müstəqil dövlət kimi dünya xəritəsində öz yerini tuta bilib. Bütün regional məsələlərdə fəal iştirak edən Azərbaycan regional sabitlik və inkişaf amilinə çevrilib. İlham Əliyevin beynəlxalq aləmdə artan nüfuzu həm ölkəmizi gücləndirir, həm də regionda gedən proseslərə çox müsbət təsir göstərməkdədir.
Sürətli sosial-iqtisadi və mədəni-mənəvi inkişafı ilə getdikcə regionun iqtisadi, mədəni, o cümlədən elmi-intellektual mərkəzinə çevrilən Azərbaycan artıq müasir dünyanın ən aktual problemlərinin müzakirə olunduğu beynəlxalq tədbirlərə ev sahibliyi edir, sivil dünyanın nüfuzlu elmi, mədəni, siyasi elitasını Bakıda bir araya gətirir. Bu da Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir.
Hazırda Azərbaycan iqtisadiyyatı dünyanı bürüyən böhran illərində də durmadan inkişaf edir. Regional inkişaf proqramı uğurla icra edilir. Bakıətrafı kəndlərdə, eləcə də regionların sosial və iqtisadi məsələlərinin həlli üçün çox müfəssəl dövlət proqramları qəbul edilir. Azərbaycan gözəlləşir, abadlaşır, güclü dövlətə çevrilir. Bu gün Azərbaycana gələn hər bir xarici vətəndaş, hər bir qonaq, bu reallıqları görür, təqdir edir və qiymətləndirir.
Dünya İqtisadi Forumunun reytinq cədvəlinə əsasən Azərbaycan iqtisadiyyatının artım tempi son 3 ildə 57-ci yerdən 39-cu yerə yüksəlmişdir. Bu fakt onu deməyə əsas verir ki, Azərbaycan müstəqil şaxələndirmə siyasəti sayəsində iqtisadi-siyasi dividendlər qazanır. Göründüyü kimi, nüfuzlu beynəlxalq təşkilatlar etiraf edirlər ki, Prezident İlham Əliyevin enerji resurslarından asılılığın azaldılmasına, innovasiyalı və ya başqa sözlə “ağıllı” iqtisadiyyatın yaradılmasına yönəlmiş siyasəti, “qara qızıl"ın intellektual kapitala çevrilməsi real nəticələr verir. Milli iqtisadiyyatın şaxələndirilməsi siyasəti nəticəsində bu ilin ilk yeddi ayında qeyri-neft sektoru daha 10 faiz artmışdır. Bu isə o deməkdir ki, geniş əhatəli iqtisadi siyasət yürüdən ölkəmiz iqtisadi rəqabət qabiliyyətini daha da yüksəltməkdədir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artmasına böyük təsir göstərməklə yanaşı, İlham Əliyevin də beynəlxalq aləmdə şəxsi nüfuzunun artmasına gətirib çıxarıb, cənab Prezidentin regionda mübaliğəsiz lider olduğunu isbat edib.
- <b>Son 10 ildə Azərbaycan elminin inkişafında hansı irəliləyişlər var? Dövlətin elm sahəsinə, elm adamlarına qayğısı hansı səviyyədədir?
- Azərbaycanda elm və təhsilin müasir səviyyədə inkişafı digər amillərlə yanaşı, dünyanın inkişaf etmiş ölkələri ilə əməkdaşlığın genişləndirilməsindən, elmi fəaliyyətin və təhsil prosesinin təşkilində beynəlxalq təcrübə mübadiləsindən bilavasitə asılıdır. Bunun üçün də ölkəmizdə elm və təhsil dünyanın ayrılmaz tərkib hissəsi olaraq inkişaf edir, qlobal intellektual mühitə, universitetlərə, elmi mərkəzlərə sürətlə inteqrasiya olunur.
<b><i>Bu gün Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir,
Təbiidir ki, digər sferalarda olduğu kimi, elmin beynəlxalq mühitə inteqrasiya sahəsində də müəyyən problemlər var. İndi elə bir dövrdür ki, sosial-iqtisadi, mədəni-mənəvi, siyasi-ideoloji sahələrdə sürətli transformasiyalar prosesi gedir. Bu prosesdə elm bir tərəfdən özü məqsədyönlü olaraq transformasiya olunmalı, digər tərəfdən başqa sahələrdəki transformasiyalara elmi dəstək verməlidir. Digər tərəfdən xüsusi olaraq nəzərə almaq lazımdır ki, bu proseslər yuxarıda xatırlatdığımız mürəkkəb xarakterli qlobal problemlər kontekstində baş verir. Müstəqil Azərbaycan üçün bu prosesləri xüsusi olaraq mürəkkəbləşdirən digər amillər də mövcuddur. Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi və bu işğalın yaratdığı çoxsaylı sosial və mənəvi-psixoloji məqamlar, köçkünlük kimi ağır problemlər şübhəsiz, bütün digər sahələrlə yanaşı, Azərbaycanda elmin inkişafına da öz mənfi təsirini göstərməkdədir. Lakin müəyyən problemlərin mövcudluğuna baxmayaraq bu gün Azərbaycan elmi inkişaf etməkdə, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Bu prosesin əsasında Prezident İlham Əliyevin elmə böyük qayğısı dayanır. Bu gün Azərbaycan elmində ciddi islahatlar həyata keçirilir. Həyata keçirilən islahatlarda elmi fəaliyyətin yeni əsaslarla təşkili və idarə edilməsi, ölkənin intellektual resurslarının innovativ əsaslarla səfərbər edilməsi, müxtəlif elm sahələrinin inkişafı, qabaqcıl texnologiyaların tətbiqi, elmlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, elmi infrastrukturun təkmilləşdirilməsi, elm və təhsilin inteqrasiyası, elmi fəaliyyətin yeni meyarlar əsasında qiymətləndirilməsi elmin özünün prioritet fəaliyyət sahəsinə çevrilməsi və s. kimi məqamlar xüsusi aktuallıq kəsb edir. Bu prosesdə elm və texnologiyaların qloballaşması prosesi xüsusi olaraq nəzərə alınır. Bunun əlamətlərindən biri müxtəlif ölkə alimləri arasında elmi informasiya mübadiləsinin genişləndirilməsidir.
Hazırda, AMEA-da müasir dövrün sosial-mədəni reallıqlarından irəli gələn, həmçinin, ölkəmizin sürətli inkişafı ilə şərtlənən islahatların yeni mərhələsinə start verilib. Alimlərin sosial-məişət problemləri, xüsusən, gənc alimlərin mənzil probleminin həlli, onların yaradıcı əməyin stimullaşdırılması, xarici ölkələrin elm mərkəzlərinə ezam olunması istiqamətində əməli addımlar atılır. İndi Azərbaycan alimlərinin sədası müxtəlif Avropa ölkələrindən, Amerikadan, Yaponiyadan, Koreyadan gəlir.
Azərbaycan dövlətinin intellektual inkişaf modelinə əsaslanan tərəqqisinin əsas istiqamətlərini özündə əks etdirən bu sənədlər ölkədə bütün digər sahələrlə yanaşı, Azərbaycan elmi qarşısında daha çox vəzifələr qoyur. Çünki, ölkə prezidenti Azərbaycanın gələcək inkişafını ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı"na keçid, insan kapitalının inkişafı, mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanun aliliyi prinsiplərinin reallaşdırılmasında görür. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm və istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir. Bu istiqamətdə də Azərbaycan alimləri öz qüvvələrini səfərbər etmişdir.
Prezident İlham Əliyev may ayında Şamaxı Astrofizika Rəsədxanasında təmir və yenidənqurmadan sonra vəziyyətlə tanış olarkən qeyd etdi ki, regionun iqtisadi və siyasi mərkəzi olan Azərbaycan bölgənin elm mərkəzinə də çevrilməlidir. Bu çağırış Azərbaycan elminin indiki şəraitdə strateji inkişaf hədəfini müəyyən edir. Həqiqətən də, artıq Azərbaycanın regionun elm mərkəzinə çevrilməsi üçün hər bir şərait vardır. Cənab prezidentin apardığı məqsədyönlü siyasətin nəticəsində Azərbaycan elminin maddi-texniki bazası gücləndirilir, infrastrukturu modernləşdirilir, alimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kifayət qədər əməli tədbirlər həyata keçirilir
Təbii ki, yeni tarixi şəraitdə Azərbaycan elminin sosial funksiyaları yeni çalarlar kəsb etməlidir. Elmi idarəetmənin təkmilləşməsi, elmlərarası inteqrasiyanın gücləndirilməsi, elmi-tədqiqat işlərinin koordinasiyası, multidis-tiplinar yanaşma və s. kimi yeniliklərə zəruriyyət yaranır. Cənab prezidentin imzaladığı elmin inkişafı strategiyası ilə bağlı sənəddə bütün bunları əhatə edən məsələlər qoyulmuşdur.
Mən əminəm ki, Azərbaycan alimlərinin səyləri nəticəsində elmi fəaliyyət sahəsində uğurlarımız bundan sonrada kifayət qədər olacaq və Azərbaycan tez bir zamanda, digər sahələrdə olduğu kimi, elm sahəsində də qloballaşan dünyanın elmi mərkəzlərindən birinə, bölgənin isə liderinə çevriləcəkdir.
- Bildiyiniz kimi, qarşıdan növbəti prezident seçkiləri yaxınlaşır. Seçkiqabağı ictimai və siyasi mühiti, əhalinin seçkilərə hazırlığını necə dəyərləndirərdiniz?
- Qeyd etdiyimiz kimi, ölkəmizdə hüquqi dövlətin yaradılması istiqamətində çox önəmli addımlar atılıb, islahatlar aparılmaqdadır. Vətəndaş cəmiyyətinin formalaşması prosesi uğurla həyata keçirilir, burada prezidentin komandasının təqdirəlayiq işini xüsusilə qeyd etmək istəyirəm, xalqla iqtidar arasında çox sıx birlik var. İqtidarın bütün təşəbbüsləri xalq tərəfindən dəstəklənir.
Hər bir ölkə vətəndaşı gələcəyə çox böyük ümidlərlə və nikbinliklə baxır. Bu gün müstəqil ölkəmizdə dövlət başçısı tərəfindən aparılan siyasət Azərbaycan xalqının maraqlarına tam şəkildə cavab verir.
Bundan əvvəlki seçkilərdə, eləcə də, ölkəyə rəhbərliyi dövrdə xalqın dəstəyini qazanan prezident İlham Əliyev şübhəsiz ki, budəfəki seçkilərdə də qalib gələcək. Bu məsələdə cəmiyyətdə tam şəkildə həmrəylik müşahidə olunur. Ölkə əhalisinin gələcəyi öz əlindədir.
İnsanları meydanlara toplayıb hansısa seçimi etməyə sövq etmək qeyri-mümkündür.
Yeni texnologiyalar əsasında formalaşan innovativ mühit insan hüquqlarının mükəmməl şəkildə qorunmasına, hər kəsin azad seçim imkanı əldə etməsinə zəmin yaradır. Ölkəmizdə formalaşan informasiya cəmiyyəti əhalidə yeni təfəkkür formalaşdırıır.
Bilirsiniz, artıq insanları meydanlara toplayıb hansısa seçimi etməyə sövq etmək qeyri-mümkündür. Müasir dövrün vətəndaşları reallığı daha asanlıqla dərk edərək, ölkədə gedən prosesləri analiz etmək qabiliyyətinə malikdirlər.
Zənnimcə, on il ərzində uğurla davam etdirilən bu fəaliyyət bundan sonra da genişləndirilməlidir. Bu, zamanın tələbi, xalqın təkidi, Azərbaycan ziyalılarının təklifidir. Ölkə əhalisi yaxşı dərk edir ki, Azərbaycan dövlətini və cəmiyyətini intellektin və mənəvi dəyərlərin işığında gələcəyə apara biləcək ən layiqli sima İlham Əliyevdir. İndi cəmiyyət və dövlət qarşısında məsuliyyət hissi olan hər bir kəs öz vicdanının səsini eşitməli, dövlət quruculuğu konsepsiyasını inkişaf etdirən dünyəvi təfəkkürə malik liderin yanında olmalıdır.
- Sizcə, növbəti 5 il Azərbaycana nə vəd edir? Mövcud siyasi kursun davam etdirilməsinin ölkə üçün əhəmiyyəti nədən ibarətdir?
- Bu gün müstəqil Azərbaycan sürətlə inkişaf etməkdədir. Hazırda Azərbaycan regionda və dünyada öz mövqelərini sürətlə möhkəmləndirən, sosial-iqtisadi baxımdan inkişaf edərək Avroatlantik məkana inteqrasiya olunan bir ölkədir. Sosial-iqtisadi tərəqqi ölkəmizdə bütün fəaliyyət sahələrinin inkişafına da ciddi təsir göstərməkdədir. Ölkə başçımız cənab İlham Əliyevin intellektual inkişaf modelinə əsaslanan siyasətinin nəticəsidir ki, ölkədə yüksək keyfiyyətli intellektual insan resurslarının formalaşdırılması Azərbaycanın mühüm milli maraqlarından birinə çevrilmişdir. Hazırda baş verən qlobal dəyişikliklər dünyanın köklü transformasiyası ilə bağlıdır. Cəmiyyətlər özlərini yenidən təşkil edirlər. Həyat tərzinin əsasları dəyişir. Dünyanın keyfiyyətcə yeni infrastrukturuna keçid baş verir. Sosial institutların qurulma mexanizmləri və fəaliyyət məzmunu yenilənir.
Prezident İlham Əliyev builki prezident seçkilərində də yüksək səs faizi ilə qalib gələcək.
Müasir dövrün müstəqil dövlətləri üçün intellektlə hakimiyyətin vəhdəti getdikcə daha böyük əhəmiyyət kəsb edir. Dövlət idarəetməsində bu prinsipin əsas götürülməsinin nəticəsidir ki, Azərbaycanda da modernləşmə istiqamətində həyata keçirilən ardıcıl siyasət özünün yeni intellektual səviyyəsinə qalxmışdır. İndi cəmiyyətin ayrı-ayrı sosial qruplarının dövlət quruculuğunda fəal iştirak etməsinə və öz müstəqil dövlətinin keşiyində durmasına daha çox ehtiyac yaranmışdır. Bu prosesdə Azərbaycan cəmiyyətinin gənc, güclü, perspektivli intellekt sahiblərinin dövlətimizin həyata keçirdiyi siyasətin avanqardına çevrilməsi üçün zəmin yaranıb.
Ötən ilin dekabrında cənab İlham Əliyevin Fərmanı ilə təsdiq olunan “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ölkəmizin növbəti illərdə mövcud imkan və resursları nəzərə almaqla davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanun aliliyi prinsiplərinin reallaşdırılması ilə səciyyələnir. Bu konsepsiyada Azərbaycanın gələcək inkişafı əsasən ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatı"na keçid prinsipinin reallaşdırlması istiqamətində müəyyənləşdirilmişdir. Bu prinsiplərin həyata keçirilməsi isə ilk növbədə elmi-innovativ yanaşmanın gücləndirilməsini, elm-təhsil və elm-istehsalat arasında əlaqələrin artırılmasını, innovasiya fəallığının yüksəldilməsini tələb edir.
Cənab İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm cəhətlərindən biri də vətəndaşın sosial fəallığı ilə siyasi-ideoloji yetkinliyin bir-birini tamamlamasını təmin etməklə bağlıdır. Bu, intellektlə mənəvi-əxlaqi dəyərlərin harmoniyası sayəsində reallaşdırılır. Bu kursun nəticəsində Azərbaycan sosial-iqtisadi və mədəni-mənəvi baxımdan inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir.
Azərbaycanda sosial-iqtisadi, siyasi sistemin təkmilləşdirilməsi və müasir texnologiyaların tətbiqi ilə yeni bəşəri idarəetmə üsulunun tətbiqi cənab İlham Əliyevin beynəlxalq aləmdə şəxsi nüfuzunun ildən-ilə artmasına gətirib çıxarıb. Respublikada aparılan rəy sorğuları da dövlət başçısına olan rəğbətin, inamın, etimadın yüksək səviyyəsindən xəbər verir. Beləliklə, şübhə etmirəm ki, Prezident İlham Əliyev builki prezident seçkilərində də yüksək səs faizi ilə qalib gələcək!
www.yap.org.az