AR ETN-in Radiasiya Problemləri İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
İclası giriş sözü ilə açan institutun direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə millətinə və dövlətinə göstərdiyi misilsiz xidmətlərindən danışıb. Heydər Əliyev o şəxsiyyətdir ki, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən və bugünkü müstəqil Azərbaycanın memarıdır. Ulu Öndər Heydər Əliyevin ölkəsinə və xalqına bəxş etdiyi misilsiz əvəzedilməz dəyərlərin və sərvətlərin mahiyyətini daha dərindən anlamaq üçün isə sadəcə bir neçə fundamental önəm kəsb edən fakta toxunmaq kifayət edir.
Məlum olduğu kimi, dahi şəxsiyyət Heydər Əliyev hələ keçmiş SSRİ dönəmində 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental tədbirlər görməyə başladı. Belə ki sənayenin inkişafı, iqtisadiyyatın yenidən dirçəlməsi yönündə məhz Ulu Öndərin rəhbərliyi altında mühüm addımlar atılmaqla digər sahələrin inkişafına şərait yaradıldı. Heydər Əliyevin sistematik səyləri və yorulmaz fəaliyyəti nəticəsində müstəqil dövlətimizin bünövrəsi qoyuldu. Fəxrlə deyə bilərik ki, müstəqilliyimiz üçün vacib olan iqtisadi potensialımızın əsası Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi illərdən qoyulmuşdur. Bugünkü müstəqil Azərbaycan dövləti Heydər Əliyevin xalqımıza ən böyük töhfəsi və əmanətidir. Ulu Öndərin müdrik dövlətçilik fəaliyyətinə xalqımız tərəfindən verilən yüksək qiymətin nəticəsidir ki 1969-cu ildən başlayaraq 2003-cü ilə qədər davam edən zaman kəsiyi “Azərbaycan tarixinin Heydər Əliyev dövrü” kimi səciyyələndirilir. Ümummilli Liderin Azərbaycanda siyasi hakimiyyətə xilasedici qayıdışı - 1993-cü ilin 15 iyunu “Azərbaycan xalqının Milli Qurtuluş Günü” kimi hər il təntənə ilə qeyd olunur.
Daha sonra institutun icraçı direktoru dosent Rəvan Mehdiyeva da görkəmli şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti, dövlət quruculuğu uğrunda gördüyü əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, bu gün xalq olaraq əldə etdiyimiz nailiyyətlər məhz Heydər Əliyevin uzaqgörən və müdrik dövlətçilik siyasəti ilə bağlıdır.
Bu gün Ulu Öndərin demokratik hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın müzəffər ordusu 30 illik işğala son qoydu. Zəfər gününün tariximizə qızıl hərflərlə yazılması elə məhz İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Ölkəmiz Heydər Əliyevin siyasi kursu ilə inamla addımlayır və onun irsi gələcək nəsillər üçün zəngin xəzinə olacaq.
Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.