“Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda Bakıda ilk dəfə keçirilən beynəlxalq konfrans Asiya xalqlarının mədəni və ədəbi inteqrasiyasını daha da sürətləndirmək, son illər ədəbiyyat sahəsində aparılan elmi-tədqiqat işlərini, eləcə də Asiya xalqlarının ədəbiyyatları qarşısında duran problemlərin həlli yollarını müzakirə etmək və təcrübə mübadiləsi aparmaq baxımından önəmlidir. Düşünürəm ki, Asiyanın Qərbdəki ən sərhəd şəhəri Çanaqqala olduğu üçün Asiya xalqları ədəbiyyatı ilə bağlı növbəti tədbirin Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetində təşkil edilməsi yerinə düşər.
Bu fikirləri “Asiya xalqları ədəbiyyatı: ənənələr və müasir tendensiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak edən Türkiyənin Çanaqqala Onsəkkiz Mart Universitetinin professoru Ömer Solak deyib.
Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini söyləyən qonaq AMEA ilə təmsil etdiyi universitet arasında əməkdaşlıq memorandumunun imzalandığını bildirib. O, Akademiyanın müəssisələrində Türkiyənin tarixinə, ədəbiyyatına, mədəniyyətinə həsr olunmuş tədqiqatların aparılmasını, həmçinin Ədəbiyyat İnstitutunda Mehmet Akif Ərsoy Mərkəzinin açılmasını mühüm hadisə kimi dəyərləndirib.
İkinci dəfə Azərbaycana səfər etdiyini deyən professor Ömer Solak ötən səfərindən bəri respublikamızın daha da inkişaf etdiyini və gözəlləşdiyini vurğulayıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.