Türk Dövlətləri Təşkilatının Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin yazılmasının 950 illiyi UNESCO səviyyəsində qeyd edilmişdir. Bu münasibətlə UNESCO-nun Baş Qərargahında “Dünyanı Leksikoqrafiyada Xəritələşdirmək: “Divanü Lüğat-it-Türk” əsərinin 950 illik yubileyi” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Beynəlxalq elmi tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Macarıstanın UNESCO-dakı səfirləri və ölkələr üzrə daimi nümayəndəliklərinin təmsilçiləri, Avropanın və türk dünyasının tanınmış elm adamları iştirak və çıxış etmişlər.
Beynəlxalq elmi konfrans dörd bölmə üzrə təşkil olunmuşdur. Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayevin rəhbərlik etdiyi birinci bölmə salamlama xarakteri daşımışdır. Bölmədə ölkələrin səfirləri və UNESCO üzrə daimi nümayəndələri və konfransın əsas təşkilatçılarından olan Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktotı Raimkulova və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Seymur Fətəliyev iştirak və çıxış etmişlər.
İkinci sessiyada “Divanü Lüğat-it-Türk” tarixdə tərcümələr və proqramlar” mövzusu müzakirə edilmişdir. Bu bölmədə Hollandiyadan professor Zifa-Alua Auezova, Türkiyədən Melek Gençboyacı, Paris Milli Kitabxanasından Sara Yotan Musnik, Qazax Milli Universitetinin professoru Meruert Kurmanqaliyeva, Qırğızıstandan professor Kadıralı Konkobayev məruzələrlə çıxış etmişlər. Bundan başqa, bölmə üzrə həmçinin, Azərbaycandan Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının üzvü, professor Həsən Həsənovun “Mahmud Kaşğari və müasir türkologiyanın problemləri”, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsəri Azərbaycanda” adlı elmi məruzələri dinlənilmişdir.
Tədbir çərçivəsində Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinin rus dilində nəşri də təqdim olunmuşdur.
Beynəlxalq konfransın müstəqil bir bölməsində Azərbaycan Milli Elmlər Akademiyasında tapılmış və Xalid Səid Xocayevə aid olan latın əlifbası ilə Azərbaycan dilinə çevrilmiş nadir əlyazmanın nəşrinin təqdimatı təşkil olunmuşdur. Tədbirin moderatoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Mahmud Kaşğarinin türkologiyanın şah əsəri olan “Divanü Lüğat-it-Türk” əsərinin özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən ərəb dilindən latın qrafikası ilə Azərbaycan dilinə tərcümə edilmiş və tərcüməçi repressiya qurbanı olduğu üçün əlyazması məhv edilmiş hesab olunmuş nüsxənin 86 ildən sonra AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda tapılması, yenidən tərtib edilməsi və redaktəsi ilə əlaqədar həyata keçirilmiş tədbirləri beynəlxalq elmi konfransın iştirakçılarının diqqətinə çatdırmışdır. UNESCO-nun Azərbaycan panelində AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli “86 il əvvəl Xalid Səidin “Divanü Lüğat-it-Türk” əsərinin tərcümə mətnləri”, filologiya üzrə fəlsəfə doktoru Vəfa Abdullayeva-Nəbiyeva “Divanü Lüğat-it-Türk” və Xalid Səid Xocayev”, qırğız alimi, professor Kadıralı Konkobayev “Mahmud Kaşğari və Türk dünyası” mövzularında elmi məruzələrlə çıxış etmişlər.
Eyni zamanda, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da çıxış edərək “Divanü Lüğat-it-Türk”ün Azərbaycan nəşrinin təqdimatına yekun vurmuşlar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.