Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.12.2024 12:21
  • A-
  • A
  • A+

Ankarada “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı olub

Ankarada “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı olub

Türkiyənin Ankara şəhərində tanınmış ictimai xadim, yazıçı Zərifə Quliyevanın “Zəfər tariximizin fatehləri” kitabının təqdimat mərasimi keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) binasında keçirilən tədbiri Azərbaycanın Türkiyədəki səfirliyi və Kocaelidəki Heydər Əliyev adına Mədəniyyət Evi təşkil edib. Təqdimat mərasimində Türkiyə parlamentinin deputatları, diplomatlar, dövlət qurumlarının nümayəndələri, elm adamları, iki qardaş ölkə ictimaiyyətlərinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı tədbiri açaraq qurumun Baş katibi Sultan Raevin adından iştirakçıları salamlayıb. Azərbaycanın Zəfərini bütün Türk dünyasının Qələbəsi kimi dəyərləndirən E.Qafarlı bildirib ki, qəhrəman Azərbaycan övladlarının şücaəti sayəsində 4 il bundan əvvəl ərazi bütövlüyümüz bərpa edilib, bu gün Qarabağ və Şərqi Zəngəzurun bərpası sürətlə aparılır.

Kocaelidəki Heydər Əliyev adına Mədəniyyət Evinin rəhbəri Bilal Dündar Azərbaycan və Türkiyə dövlətçiliyinin memarı Heydər Əliyevi və Mustafa Kamal Atatürkü iki qardaş ölkənin əvəzsiz irsi adlandırıb. Onun sözlərinə görə, Azərbaycanın dövlətçilik tarixində əvəzsiz xidmətləri olan görkəmli şəxsiyyətlərdən hərtərəfli bəhs edən “Zəfər tariximizin fatehləri” kitabı ilə tanış olmaq nadir fürsətlərdən biridir.

Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Elnur Hüseynov vurğulayıb ki, xalqın qəhrəmanlıq səhifələrinin dünya ictimaiyyətinə çatdırılması ölkəmizin həqiqətlərinin təbliği baxımından çox vacibdir. O, Zərifə Quliyevanın kitabının əvvəllər Azərbaycanda və Özbəkistanda təqdimatının keçirildiyini də xatırladıb.

Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Şamil Ayrım isə öz növbəsində qeyd edib ki, Azərbaycanın tarixi torpaqlarının işğaldan azad olunması məsələsində beynəlxalq ictimaiyyətin fəaliyyətsizliyi Azərbaycan xalqını öz gücü ilə tarixi ədaləti bərpa etmək məcburiyyəti qarşısında qoyub. O, Zərifə Quliyevanın kitabının 44 günlük Vətən müharibəsi mövzusunda yazılan nəşrlər silsiləsində öz layiqli yerini tutacağına əminliyini ifadə edib.

Sonra çıxış edən professorlar Səyyarə İbadullayeva və AMEA-nın Rəyasət Heyəti aparatının Elmi irs şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Zemfira Hacıyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin xilasında və inkişafında rolundan danışıb, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmiz, xalqımız üçün gördüyü misilsiz işləri qeyd ediblər.

Zemfira Hacıyeva qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatlar təkcə ölkə daxilində deyil, həm də dünya miqyasında nümunəvi bir modelə çevrilib. 44 günlük Vətən müharibəsindəki Zəfər Azərbaycan xalqının milli iradəsinin ölkə liderinə olan birliyinin simvolu oldu. Azərbaycanın Qarabağda  öz tarixi ərazilərimizin bütövlüyünü  bərpa  etməsi, həm də bütün Türk dünyasının qələbəsinin tarixinə yazıldı.

Alim vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi irsi, Türkiyə-Azərbaycan paradiqmal zəmində araşdırılmalıdır. İndi hər birimiz, Türk dünyası xalqları, suveren Türk dövlətləri uğrunda təşkilatlanmalı, Ulu öndər Atatürkün və Ulu Öndər Heydər Əliyevin siyasi elmi irsini sistemli metodlarla təhlil və təbliğ etməliyik.

Kitabın müəllifi, “Müasir İnkişaf və Ailə” İctimai Birliyinin sədri Zərifə Quliyeva isə AzərTac-a açıqlamasında bildirib ki, onun kitabı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın Qələbənin qazanılmasında xidmətlərinə həsr olunub.

“Kitabda Ulu Öndər Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın irsləri ilə bağlı məqalələr və nəşrlər toplanıb, Azərbaycan xalqının suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizə mövzusu geniş şəkildə işıqlandırılıb. Tarixi ədalətin bərpasında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi roluna diqqət yetirilib.

Nəşrdə ölkə üçün taleyüklü bir dövrdə Azərbaycan Ordusunun və xalqının öz Liderinin ətrafında birliyi amili vurğulanır, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti yüksək qiymətləndirilir”, - deyə müəllif diqqətə çatdırıb.

Zərifə Quliyeva Azərbaycan gənclərini Ümummilli Liderin kursuna sadiq olmağa çağırıb.

Müəllif, həmçinin qeyd edib: “Sevindirici haldır ki, qardaş Türkiyədə “Zəfər tariximizin fatehləri” kitabının təqdimatı keçirilir. Türkiyə-Azərbaycan birliyi əbədidir”.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin irsi mövzusunda videoçarx nümayiş olunub.

AzərTac

  • Paylaş: