Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfi şöbəsinin müdiri AMEA-nın müxbir üzvü Könül Bünyadzadənin məqaləsi İtaliyanın nüfuzlu “Morcelliana” nəşriyyatının “Humanitas” (ID: 5851816) jurnalının tanınmış filosof Edith Steinə həsr olunmuş xüsusi buraxılışında işıq üzü görüb.
Azərbaycanlı alimin “Zaman fövqündə eşq” adlı məqaləsində fenomenoloq, Edmund Husserlin tələbəsi və davamçısı Edith Stein ilə VIII əsr İslam filosofu, sufi mütəfəkkir Rabiə əl-Ədəviyyə arasında müqayisə aparılıb, fəlsəfi təhlillər edilib. Əhəmiyyətli məqam odur ki, İtaliya nəşriyyatı Vatikanın müqəddəs şəxsiyyətlərindən biri olan Edith Steinin - Teresa Benedetta (1891-1943) ilə İslam fəlsəfəsinin görkəmli nümayəndəsi olan Rabiə əl-Ədəviyyə arasında aparılan fəlsəfi təhlilə xüsusi diqqət yetirib.
İki fərqli dinə və fərqli zamana aid filosofları tədqiq edən Könül Bünyadzadə eşqin fəlsəfi mənzərəsini dəqiqləşdirməyə çalışıb. Burada həm dinlər arasında müqayisələr aparılıb, həm də hər iki qadının öz dinini dərk etmiş və onu yüksək səviyyədə təqdim etmiş filosof olduğu əsaslandırılıb. Bu mənada, məhz onların düşüncələri arasında müqayisə aparmaq bir növ dinlərin mahiyyətini təhlil etməkdir. Digər tərəfdən, qeyd olunub ki, hər iki filosofun tərənnüm etdiyi universal həqiqətlər əslində dinlərin fövqündədir.
Məqalədəki fəlsəfi təhlillər həm də təsəvvüf və fenomenologiya arasında aparılmış paraleldir. Rabiə əl-Ədəviyyənin sufi, Edith Steinin isə fenomenoloq olması tək həqiqətə gedən iki fərqli yol və üslubu təhlil etməyə imkan verir.
Qeyd edək ki, sözügedən məqalə Könül Bünyadzadənin “Sufi fenomenologiya” adlı fəlsəfi sisteminin təməl məqamlarından birini – imanı da ehtiva edir. Belə ki, fenomenologiyanın yaradıcısı, filosof Edmund Husserl Qərb təfəkküründə imanın məhv olduğunu və buna görə də yeni fəlsəfəyə ehtiyac olduğunu yazırdı. Onun tələbəsi Edith Stein isə son dövr əsərlərində məhz bu məqam üzərində daha çox dayanıb. Sufizm isə bütünlüklə imana istinad edir və onun vasitəsilə düşüncədə ən yüksək səviyyəyə çatmağın mümkünlüyünü qəbul edir. Bu ideyanın ən məşhur və dərin tərənnümçüsü şübhəsiz ki, Rabiə Əl-Ədəviyyə hesab edilir. Bu baxımdan sufizm və fenomenologiyanın sintezi olan “Sufi fenomenologiya” da öz təməl prinsiplərinin təhlilində məhz bu iki müəllifin dünyagörüşünə istinad edir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.