Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev COP29 tədbirlərinin təşkilində fəal iştirakına görə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Təşəkkürnamə alıb.
Professor İslam Mustafayevin rəhbərliyi və birbaşa iştirakı ilə 2024-cü il üçün Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi plan əsasında “Yaşıl dünya naminə həmrəylik” ilində COP29-a həsr olunmuş seriya tədbirlər keçirilib. Bu tədbirlər əsasən “Ruzgar” Ekoloji İctimai Birliyinin Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyindən alınmış Qrant əsasında dəstəklənmiş və Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşlarının iştirakı ilə həyata keçirilmişdir. Ölkənin Gəncə, Göygöl, Şəki, Mingəçevir, Xaçmaz, Sumqayıt, Biləsuvar və Lənkəran şəhərlərində “Yaşıl dünya naminə həmrəylik ilində COP29-a doğru”, “Plastiksiz yaşıl dünya”, “Plastik tullantıların ətraf mühitə təsiri”, “Milli parkların təbii resursları”, “Ərazilərin radioekoloji monitorinqi və pilotsuz uçan aparatlarla onun yerinə yetirilməsi” mövzularında dəyirmi masalar təşkil edilib.
Dəyirmi masalarda elm və ali təhsil müəssisələrin əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarələrinin və kommunal təsərrüfatı müəssisələrinin nümayəndələri və digər maraqlı tərəflər iştirak ediblər. COP29-un keçirildiyi günlərdə “Azərbaycan ərazisində transsərhəd ekoloji təsirlər” mövzusunda təşkil olunan panel müzakirələr, Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan “Bağça-Məktəb-Lisey” Kompleksində yuxarı sinif şagirdləri ilə görüş, Lənkəran Dövlət Universitetinin iştirakı ilə “Beynəlxalq Sahiltəmizləmə günü” aksiyası ekoloji aksiya ictimaiyyətin diqqətini bu məsələyə yönəltmişdir.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor G.Məmmədovanın təşəbbüsü və professor N.Məmmədovun həmmüəllifliyi ilə hazırlanmış “İqlim dəyişmələri üzrə xülasə” kütləvi nüsxədə nəşr olunmuş və maraqlı tərəflər arasında paylanıb. Bu görüşlərin Proqramının təbliğat materiallarının hazırlanmasında və həyata keçirilməsində Radiasiya Problemləri İnstitutunun əməkdaşları Ə.Mikayılova, F.Hümbətov, R.Xankişiyeva, N.Quliyeva, N.Heydərov, AzMİU-nun əməkdaşları E.Quliyev, E.Qafarov, R.Dənziyev fəal iştirak ediblər.
Ölkə Prezidentinin imzaladığı təşəkkürnaməni kollektivlər böyük minnətdarlıq hissi ilə qarşılamış və bu fəaliyyətləri yüksək qiymətləndirdiyi üçün Prezident cənab İlham Əliyevə öz təşəkkürlərini bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.