AMEA akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) gənc alim və mütəxəssislər arasında keçirilən “Ən yaxşı məruzə” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə çıxış edən institutun direktoru, akademik Vaqif Fərzəliyev bildirib ki, son zamanlar AMEA rəhbərliyi tərəfindən həyata keçirilən islahatların məqsədlərindən biri də gənc alim və mütəxəssislərin Azərbaycanın elmi ictimai həyatında rolunun artırılmasıdır. Bildirib ki, AKİ-də gənclərin elmə stimullaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir: “Bunlardan biri də müsabiqələrdir. Bu ilin may ayında ümummilli lider Heydər Əliyevin 90 illiyi münasibəti ilə “Ən yaxşı analitik məqalə” müsabiqəsi keçirilmişdir. Müsabiqədə fərqlənən gənc mütəxəssislər müvafiq diplom və mükafatlarla təltif olunmuşlar. Bu cür layihələri təşkil etməkdə məqsəd gənc alimlərin beynəlxalq konfranslara hazırlığını, elmi-tədqiqatlara marağını stimullaşdırmaqdır”.
AKİ Gənc alim və mütəxəssislər şurasının sədri, k.ü.f.d. Əfsun Sucayev qeyd edib ki, müsabiqəyə institutun 3 laboratoriyasından 7 məqalə təqdim edilmişdir. Müsabiqənin şərtlərinə görə, müəlliflər çalışdıqları laboratoriyanın elmi-tədqiqat və dissertasiya mövzularına uyğun olaraq məruzə hazırlamışlar. Məruzələrin müzakirəsi keçirilmiş, 1-15 ballıq şkala üzrə qiymətləndirmiş və sonda ballar toplanılaraq yekun nəticə çıxarılmışdır.
Müsabiqənin nəticələrinə görə, Emin Qəribov I, Səbiyə Osmanova II, Sevinc Qocayeva isə III yerə layiq görülüblər.
Sonda akademik Vaqif Fərzəliyev qaliblərə diplom və təşəkkürnamələri təqdim edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.