Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Tarix Muzeyində arxeoloji kolleksiyanın incilərindən zərfayans qabı təqdim edilib
14.01.2025 09:23
  • A-
  • A
  • A+

Tarix Muzeyində arxeoloji kolleksiyanın incilərindən zərfayans qabı təqdim edilib

Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji kolleksiyasında Azərbaycanın qədim tarixini özündə əks etdirən çox sayda tapıntı mövcuddur. Bu tapıntılar arasında qədim dövrlərdə istifadə olunmuş zərif işləməli zərfayans qablar xüsusi yer tutur.

Keramikanın xüsusi bir qrupu olan zər naxışlı fayanslar texnoloji cəhətdən çox mürəkkəb bir prosesdə hazırlanır. Bu tip qablar hazırlanma prosesində şirləndikdən və ilkin olaraq dulus sobasında bişirildikdən sonra, şir qatının üzərindən zər ilə bəzədilir və yenidən sobaya yerləşdirilir. Nəticədə, sözügedən qablar həm estetik görünüşü, həm də yüksək keyfiyyəti ilə seçilir və dövrünün sənətkarlıq incilərindən biri kimi dəyərləndirilir.

Təqdim olunan eksponat XII əsrin sonu-XIII əsrin əvvəlinə aid miniatür stildə hazırlanmış, zər ilə naxışlanmış, iki qulplu və lüləkli qabdır. Zərfayans qabın naxış kompozisiyasının əsasını suvarilər təşkil edir. Suvariləri bir-birindən rombvari formaya malik olan ağaclar ayırır.

Qeyd edək ki, sözügedən eksponat arxeoloji tədqiqat işləri nəticəsində Örənqala-Beyləqan abidəsindən aşkar olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: