Rəyasət Heyətinin iclasında müzakirə edilən növbəti məsələlərdən biri də AMEA-nın “Elm” nəşriyyatının 100 illik yubileyinin keçirilməsi haqqında olub.
Məsələ ilə bağlı “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov çıxış edib. Qeyd olunub ki, 2025-ci ilin sentyabr ayında “Elm” nəşriyyatının yaradılmasının 100 ili tamam olur.
Vurğulanıb ki, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) təsis olunarkən əsas hədəflərdən biri tədqiqat nəticələrinin nəşri, elmi-tədqiqat xarakterli mətbuat orqanlarının yaradılması idi. Bakıda keçirilən Birinci Türkoloji Qurultay ərəfəsində Azərbaycanşünaslığa dair xeyli adda əsərin çapının planlaşdırılması redaksiya-nəşriyyat işlərinin vahid mərkəzdə – yeni yaradılacaq nəşriyyatda toplanılmasını labüd edirdi. Bu məqsədlə ATTC-nin Mərkəzi Şurası Rəyasət Heyətinin 23 sentyabr 1925-ci il tarixli iclasında Nəşriyyatın məsələsi müzakirə edilmiş, onun fəaliyyətinə rəhbərlik Redaksiya və Nəşr Şurasının sədri İosif Feodoroviç Blinov və professor Bəkir Çobanzadəyə həvalə edilmişdir.
100 illik fəaliyyət müddəti ərzində nəşriyyat respublikamızda müxtəlif elmi istiqamətlərdə aparılan tədqiqatların və elmi yeniliklərin geniş ictimaiyyətə çatdırılması məqsədilə çoxsaylı monoqrafiyalar, seçilmiş əsərlər, çoxcildlik nəşrlər, elmi jurnallar, tərcümə nəşrləri, tədris ədəbiyyatı, elmi-populyar kitablar, ensiklopediyalar, lüğətlər, referativ toplular və biblioqrafiyalar çap etmişdir. Azərbaycan kitab mədəniyyətinə əvəzsiz töhfə olan bu nəşrlər respublikamızda elmi tədqiqat nəticələrinin təhlilini və bu sahədəki müasir tendensiyaların izlənilməsini təmin etmiş, elmi mühitin formalaşmasında və inkişafında əvəzsiz rol oynamışdır.
Hazırda Nəşriyyat müasir akademik nəşr prinsiplərinə uyğun elmi biliklərin geniş yayılması və yüksək keyfiyyətdə nəşrlərin hazırlanması istiqamətində uğurla fəaliyyət göstərir. Son illər akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Akademiyada həyata keçirilən islahatlar çərçivəsində “Elm” nəşriyyatı da modernləşmə və inkişaf prosesinə qoşulmuşdur. Akademiya rəhbərliyinin nəşriyyata göstərdiyi diqqət və qayğı nəticəsində müəssisənin fəaliyyəti müasir tələblər səviyyəsinə yüksəldilmişdir.
“Elm” nəşriyyatı Avropa Elmi Redaktorlar Assosiasiyası (EASE) ilə əməkdaşlıq əlaqələrini genişləndirmiş, nəticədə EASE-nin nəzdində XI daimi bölmə – Azərbaycan bölməsi yaradılmış, nəşriyyatın direktoru Səbuhi Qəhrəmanov bölmənin sədri təyin olunmuşdur. EASE-nin Azərbaycan bölməsinin aktiv fəaliyyəti EASE tərəfindən yüksək qiymətləndirilmiş, bölmənin sədri S.Qəhrəmanov Nəşr Etikası Komitəsinə (COPE) üzv seçilmişdir.
Qeyd olunub ki, nəşriyyat keçdiyi 100 illik zəngin dövr ərzində respublikamızda elmi biliklərin geniş yayılmasına və kitab mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş, bu gün də həmin yüksək məqsədlərə xidmət göstərərək fəaliyyətini uğurla davam etdirir. Bu əlamətdar yubiley “Elm” nəşriyyatının nailiyyətlərini qeyd etməklə yanaşı, onun Azərbaycan elminin və AMEA-nın inkişafında oynadığı mühüm rolu nümayiş etdirmək üçün də dəyərli bir imkandır.
Qeyd olunanları nəzərə alaraq Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.