AMEA-nın Rəyasət Heyətinin binasında “Naxçıvan Muxtar Respublikası: ictimai-tarixi proseslər və müasir dövr” mövzusunda elmi konfrans keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı çərçivəsində AMEA-nın Rəyasət Heyəti, Humanitar və İctimai Elmlər bölmələri və Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.
Konfransda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, AMEA Rəyasət Heyətinin üzvləri, AMEA Rəyasət Heyətinin aparatının əməkdaşları, həmçinin Akademiyanın elmi müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Konfransdan öncə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlət başçısının “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək ölkəmizdə, eləcə də Muxtar Respublikada geniş tədbirlərin təşkil olunduğunu söyləyib. Qeyd edib ki, sözügedən sənəd çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında və onun Naxçıvan Bölməsində də bir çox tədbirlər keçirilib, kitablar, məqalələr ərsəyə gətirilib, həmçinin Akademiya əməkdaşları Bakıda və Naxçıvanda Muxtar Respublikanın 100 illiyinə həsr edilmiş konfranslarda aktiv təmsil olunublar. Akademik İsa Həbibbəyli, həmçinin AMEA-nın Gəncə Bölməsində və Lənkəran Regional Elmi Mərkəzində də Muxtar Respublikanın 100 illiyinə həsr olunmuş tədbirlərin təşkil olunduğunu, Naxçıvanda əldə olunmuş nailiyyətlərin, uğurların cəmiyyətə təqdim edildiyini bildirib.
Akademik İsa Həbibbəyli Azərbaycanın zəngin dövlətçilik tarixinə öz misilsiz töhfələrini vermiş Muxtar Respublikanın həm də elmi nailiyyətləri ilə ölkəmizin tarixində xüsusi yer tutduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, AMEA-nın Rəyasət Heyətinin sonuncu iclasında AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev Naxçıvan elmi mühitinin 2024-cü ildə əldə etdiyi tarixi nailiyyətləri ictimaiyyətə təqdim edib və Muxtar Respublikada elm sahəsində, Vikipediya istiqamətində qazanılan uğurlar yüksək qiymətləndirilib.
AMEA prezidenti, həmçinin AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və professor Sayalı Sadıqovanın həmmüəllifliyi ilə işıq üzü görmüş “Naxçıvan dilçilik məktəbi” və professor Asəf Zamanovun “Naxçıvanlı elmlər doktorları” kitablarının elm xadimlərinin Naxçıvanın 100 illiyinə qiymətli töhfələri olduğunu deyib.
Naxçıvan Muxtar Respublikasının 100 ildə böyük quruculuq yolu keçdiyini deyən akademik İsa Həbibbəyli gələcəyə hesablanaraq atılmış bütün addımların bilavasitə Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib. Qeyd edib ki, dahi lider daim Azərbaycanın bu qədim diyarını öz qayğısı ilə əhatələmiş, tarixi torpaqlarımıza göz qoyanların ümidlərini sındırmış, Muxtar Respublikanın təhlükəsizliyini təmin etmiş və Azərbaycanın ayrılmaz parçası olduğunu hər kəsə qəbul etdirmişdir. Diqqətə çatdırıb ki, ötən əsrin 90-cı illərinin əvvəllərində çətin tarixi şəraitdə belə Ümummilli Lider burada geniş quruculuq işləri həyata keçirmiş, Azərbaycan xalqında gələcəyə olan inamı, ümid hislərini yaşatmışdır.
Dahi liderlə bağlı xatirələrini bölüşən akademik İsa Həbibbəyli Ulu Öndərin bölgənin elm və təhsil həyatına xüsusi diqqət yetirdiyini, Naxçıvan Dövlət Universitetinin yaradılmasının 25 illiyinə həsr edilmiş tədbirdə iştirak edərək zəngin nitqlə çıxış etdiyini bildirib. Qeyd edib ki, dahi liderin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev də daim Muxtar Respublikanın sosial-siyasi, iqtisadi, elmi, mədəni həyatına xüsusi qayğı ilə yanaşıb, 2002 və 2007-ci illərdə Naxçıvan Dövlət Universitetində keçirilmiş tədbirlərdə iştirak edib. Vurğulayıb ki, Naxçıvan Dövlət Universitetində həmin dövr üçün tarixi hadisə sayıla biləcək elektron kitabxana Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılmışdır.
Bu gün Naxçıvanın öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu deyən akademik İsa Həbibbəyli Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin başçılığı ilə Muxtar Respublikada ölkəmizin iqtisadi inkişafına təkan verəcək layihələrin, quruculuq işlərinin həyata keçirildiyini söyləyib.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov AMEA-da Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsini Azərbaycanın elmi, mədəni, ictimai fikir tarixində xüsusi hadisə adlandırıb.
Naxçıvanın bugünkü uğurlarının təməlində Ulu Öndər Heydər Əliyevin ölməz ideyalarının dayandığını deyən Bəxtiyar Əsgərov hazırda Muxtar Respublikanın Azərbaycanın dünyada ləyaqətlə təmsil olunmasına öz töhfələrini verdiyini bildirib: “Dahi şəxsiyyət Heydər Əliyev siyasi hakimiyyətinin hər iki dövründə xalqımızın milli maraqlarını qoruyaraq çətin tarixi şəraitdə Naxçıvanın statusunun qorunması və sabitliyin təmin edilməsinə öz misilsiz dəstəyini vermişdir. Onun rəhbərliyi ilə Naxçıvanda Azərbaycanın müstəqilliyinin əsası qoyulmuş, Azərbaycanın üçrəngli bayrağı yüksəldilmiş, dövlətçiliyimizin dirçəldilməsi üçün çox əhəmiyyətli addımlar atılmışdır. Ulu Öndərin Naxçıvanın sosial-siyasi və mədəni həyatının inkişafı istiqamətində gördüyü işlər bu gün də minnətdarlıq hissi ilə xatırlanır. Çətin tarixi şəraitdə dahi liderin Naxçıvanda gördüyü misilsiz xidmətləri görən xalqımızın təkidi ilə Ulu Öndərin yenidən Azərbaycan rəhbərliyinə qayıdışı ona Azərbaycan xalqının Ümummilli Lideri statusu verilməsinə qədər gətirib çıxarmışdır”.
Bu gün Prezident İlham Əliyevin Ulu Öndərin missiyasını uğurla yerinə yetirərək, Azərbaycanın və onun dilbər guşəsi Naxçıvanın inkişafını təmin etdiyini deyən natiq dövlət başçısının rəhbərliyi ilə Naxçıvanın iqtisadi, elmi, mədəni və sosial sahədə əldə etdiyi nailiyyətlərin göz qabağında olduğunu söyləyib. Bildirib ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”, Naxçıvan Sənaye Parkının yaradılması və Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisinə dair Sərəncam qədim diyarın daim dövlət başçısının diqqətində olduğunu göstərir.
Qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Naxçıvanın tarixi, mədəni irsi, abidələri qorunmuş, saxlanmış, bərpa olunmuş, qədim diyarın zəngin irsi dünyada təbliğ edilmişdir.
O, çıxışının sonunda bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulan layihələr Naxçıvanla bərabər, regionun, o cümlədən elmimizin, mədəniyyətimizin də inkişafına təkan verəcəkdir. B.Əsgərov konfransın Naxçıvanın zəngin elmi mühitinin, mədəniyyətinin, dövlətçilik ənənələrinin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayacağını vurğulayıb.
Daha sonra konfransda elmi məruzələr dinlənilib. AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev “Naxçıvan Muxtar Respublikasının siyasi-hüquqi statusu: beynəlxalq təcrübə və Azərbaycan nümunəsi”, AMEA-nın A.A.bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri professor İkram Ağasiyev “1920-1930-cu illərdə Naxçıvan ərazilərinə qəsdlər arxiv materiallarında”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini tarix elmləri doktoru Eynulla Mədətli “Naxçıvanın qorunması və muxtariyyət statusunun əldə edilməsində qardaş Türkiyənin rolu”, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Tahirə Məmməd “Naxçıvanda ədəbiyyatşünaslıq: mərhələləri və istiqamətləri”, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri dosent Kifayət İmanquliyeva “Naxçıvan dialektinin səs sistemində homogen əlamətlər”, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimli “Gilənçay vadisi abidələrində arxeoloji tədqiqatlar”, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri dosent Günel Məlikli “Heydər Əliyev və Naxçıvanda Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi” və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi dosent Sevinc Tangudur “Naxçıvan mədəniyyətinin inkişafında teatr memarlığının rolu” mövzusunda məruzələrlə çıxış ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.