AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycanın enerji infrastrukturu: BTC və BTƏ kəmərləri – 20 il” mövzusunda dəyirmi masa təşkil olunub.
Dəyirmi masanı giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent İlqar Niftəliyev açaraq xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanın enerji strategiyasının qlobal mahiyyət kəsb etməsi, müasir dövrdə Azərbaycanın əsas rol oynadığı və qoşulduğu beynəlxalq əhəmiyyətli enerji layihələrinin rolundan bəhs edib.
Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Günel Musayeva “Azərbaycanın enerji diplomatiyasında BTC və BTƏ layihələrinin rolu” mövzusunda çıxış edərək Azərbaycanın enerji diplomatiyası və bu sahədə Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihələrinin əhəmiyyətindən danışıb. Şöbə müdiri deyib ki, bu layihələr ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasını təmin etməklə yanaşı, onun geosiyasi əhəmiyyətini artırıb. Məruzəçi vurğulayıb ki, Azərbaycanın enerji diplomatiyası regionda əməkdaşlığın güclənməsinə və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.
Azərbaycan Respublikasının tarixi şöbəsinin böyük elmi işçisi Lətifə Əsgərova-Surxalızadə “BTC və BTƏ kəmərlərinin yaranma tarixi və strateji əhəmiyyəti” mövzusunda çıxış edib. Məruzədə enerji layihələrinin reallaşma mərhələləri və bu layihələrin region, eləcə də dünya üçün üçün əhəmiyyəti geniş təhlil olunub.
Azərbaycan Respublikasının tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Alı Balayev “BTC və BTƏ kəmərlərinin sosial-iqtisadi təsiri” mövzusunda çıxış edərək bu layihələrin ölkə iqtisadiyyatına, məşğulluğa və regional inkişafa verdiyi töhfələrdən danışıb.
Dəyirmi masada çıxışçılar sualları cavablandırıb, tədbir mövzu ətrafında fikir mübadiləsi ilə yekunlaşıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.