Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

06.05.2026 17:10
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev və Şərq” adlı elmi konfrans keçirilib

Şərqşünaslıq İnstitutunda “Heydər Əliyev və Şərq” adlı elmi konfrans keçirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Şərq” adlı elmi konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti v.i.e., Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Azərbaycanın parçalanma və müstəqilliyini itirmə təhlükəsi olanda xalqının xilaskarı olan Heydər Əliyev milli dövlətçilik ideyasının formalaşmasında müstəsna rolundan danışıb. Akademik Ulu Öndərin azərbaycançılıq ideologiyasının formalaşmasında xidmətlərindən, elm və təhsilə göstərdiyi qayğıdan bəhs edib, beynəlxalq münasibətlər sistemində Azərbaycanın müstəqil dövlət kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətindən danışıb.

Akademik G.Baxşəliyeva dövlətimizin yeni beynəlxalq münasibətlərinin qurulmasının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib, Ulu Öndərin müstəqillik dövründə hakimiyyətə gələrkən xarici siyasətin başlıca vəzifələrini, istiqamətlərini və prioritetlərini müəyyənləşdirdiyini deyib.

Heydər Əliyevin xarici siyasətində Türkiyə ilə münasibətlərin xüsusi yer tutduğunu deyən akademik G.Baxşəliyeva qardaş ölkələr arasında münasibətlərin Ulu Öndər tərəfındən ifadə edilən "Bir millət, iki dövlət" şüarı əsasında qurulduğunu bildirib.

Akademik Ulu Öndərin ölkəmizlə çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələri ilə düzgün münasibətlərin qurulmasına nail olduğunu, Ərəb dünyasının nəhəngləri olan Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, müsəlman dünyasının liderləri olan İndoneziya, Pakistan, Malayziya və başqa dövlətlərlə də qardaşlıq və dostluq əlaqələri qurmağın Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi Prezident Heydər Əliyev tərəfindən diqqətə alındığını qeyd edib.

Heydər Əliyevin Şərq siyasətində İslam Konfransı Təşkilatına üzvlüyün mühüm yer tutduğunu deyən akademik G.Baxşəliyeva 1993-cü ilin ikinci yarısından başlayaraq İKT ilə ölkəmiz arasındakı əlaqə və təmasların intensivləşməyə və fəallaşmağa başladığını qeyd edib.

Akademik G.Baxşəliyeva Ulu Öndərin müəyyən etdiyi strateji kursun bu gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Konfransda “Heydər Əliyev və Şərq mədəniyyəti” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü Ümummilli Lider Heydər Əliyevin Azərbaycan mədəniyyəyini Şərq mədəniyyəti kontekstində dəyərləndirdiyini və onun ümumtürk və İslam tarixində özünəməxsus yer tutduğunu xüsusi vurğuladığını deyib. Heydər Əliyevin İslam sivilizasiyasını Azərbaycan xalqının dünyagörüşünün, etnokulturoloji tarixinin ayrılmaz əlaməti kimi səciyyələndirdiyini bildirən R.Cümşüdlü onun Şərq mədəniyyətinin əsasını təşkil edən İslam dini-mənəvi dəyərlərinin Azərbaycan xalqının sosio-kulturoloji həyatında önəmli rol oynadığını xüsusi qeyd etdiyini vurğulayıb. Məruzəçi H.Əliyevin çıxışlarının birində Azərbaycanın Şərq-İslam dəyərlərini, adət-ənənələrini qoruyub saxlamaqla yanaşı, ümumbəşəri səciyyə daşıyan Qərb dəyərlərini də mənimsəməkdən imtina etmədiyini bildirdiyini xatırladıb.

İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev konfransda “Heydər Əliyevin Yaxın Şərq siyasəti (Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması kontekstində)” mövzusunda məruz edib. 1993-cü ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışının Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdığını deyən E.Mustafayev bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildiyini bildirib. Heydər Əliyevin ikinci hakimiyyət illərində Yaxın Şərq ölkələri, müsəlman və ərəb ölkələri ilə diplomatik münasibətlərin qurulmasındakı göstərdiyi fəaliyyətin xüsusi məna kəsb etdiyini söyləyən mərizəçi ölkəmizin təkcə İKT ilə bütövlükdə deyil, həm də bu təşkilatın və regionun aparıcı dövlətləri olan Səudiyyə Ərəbistanı, Misir Ərəb Respublikası, Pakistan və s. dövlətlərlə də qardaşlıq, dostluq, müttəfiqlik əlaqələri yaratmasının çox zəruri bir məsələ olduğunu vurğulayıb.

Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov konfransda “Heydər Əliyev Türkiyə - Azərbaycan qardaşlığının siyasi arxitektoru kimi” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Türkiyə-Azərbaycan siyasi münasibətlərinin qurulması və inkişaf tarixindən, həmçinin Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülən "Bir millət, iki dövlət" konsepsiyasının mahiyyətindən, o cümlədən bunun üzərində qurulan iqtisadi və enerji əməkdaşlığı, hərbi və təhlükəsizlik müstəvisində əlaqələr, Türk dünyası və regional inteqrasiya məsələləri və s. barədə bəhs edilib.

Asiya-Sakit Okean regionu ölkələri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Zenfira Şıxəlibəyli “Azərbaycan-Çin əlaqələrinin formalaşmasında Heydər Əliyevin müstəsna rolu” mövzusunda məruzə edib. Azərbaycan xalqının suverenliyi yolunda uğurlu inkişaf modellərinin axtarılmasında və reallaşmasında müstəsna əhəmiyyət kəsb edən Ulu Öndər Heydər Əliyevin uğurlu siyasi addımlarının ilk növbədə uzun müddət elm və siyasi auditoriyanın marağında olacağını deyən Z.Şıxəlibəyli Azərbaycan-Çin münasibətlərinin təməl prinsiplərinin hələ müstəqilliyimizin ilk illərində Ümummilli Lider tərəfindən qoyulduğunu qeyd edib. Məruzəçi bildirib ki, müasir dövrdə Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında mövcud münasibətlər hər iki tərəfdən eyni mövqedən çıxış etməsi ilə özünü göstərir və münasibətlərin perspektivləri hər iki ölkənin iqtisadi maraqları və siyasi hədəfləri ilə izah olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: